Yeni Azərbaycan Partiyasının da inkişafı və ən müsir standartlar səviyyəsində tərəqqisi, o cümlədən siyasi sistemin möhkəmləndirilməsi prioritet vəzifə olaraq ortaya qoyulmuşdur
Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezidentimiz cənab İlham Əliyev tərəfindən qloballaşan dünyanın tələblərinə uyğun uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyasının bu gün başlıca məqsədi müasir çağırışlar fonunda Azərbaycanın davamlı inkişafını təmin etməkdir. Hər bir inkişafın əsasında iqtisadi tərəqqi dayanır. Heydər Əliyev siyasətini uğurla davam etdirən cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı gündən neft gəlirlərindən səmərəli istifadə etməklə ölkədə iqtisadiyyatın şaxələndirilməsinə nail olmağı, ağırlıq mərkəzini tədricən neftdənkənar sahələrə yönəltməyi və beləliklə də, iqtisadi artımın qeyri-neft sektorunun hesabına baş verməsini qarşıya mühüm vəzifə kimi qoyaraq bu strateji hədəfə çatmaq üçün mühüm qərarlar qəbul edib.
Prezident İlham Əliyevin güclü siyasi iradəsi sayəsində Azərbaycanın bütün dünya miqyasında nümunəvi sayılan və bir sıra mütərəqqi cəhətləri ilə fərqlənən yeni keyfiyyətli inkişaf modeli formalaşıb
Altıncı çağırış Milli Məclisin 10 mart 2020-ci ildəki açılış iclasında çıxış edən Prezident İlham Əliyevin toxunduğu hər bir məsələ, hər bir amil bilavasitə Azərbaycan dövlətinin və xalqının inkişafına aid edilə bilər. O cümlədən, həmin vaxt işğalda qalan ərazilərimizin də azad ediləcəyini vurğulayan dövlət başçımız bu mənada böyük və əhəmiyyətli anonslarını bəyanat olaraq irəli sürdü.
Fakt budur ki, Prezident İlham Əliyevin güclü siyasi iradəsi sayəsində Azərbaycanın bütün dünya miqyasında nümunəvi sayılan və bir sıra mütərəqqi cəhətləri ilə fərqlənən yeni keyfiyyətli inkişaf modeli formalaşıb. Həyata keçirilən davamlı islahatlar sayəsində Azərbaycan ötən müddətdə ölkənin iqtisadi müstəqilliyinin təmin olunması yolunda inamlı addımlar atıb. Ölkədə müasir çağırışlarla səsləşən, kreativ yanaşmalara geniş meydan verən sərbəst bazar iqtisadiyyatına transformasiya prosesi uğurla yekunlaşıb. Ötən dövrdə neft gəlirləri hesabına ölkənin maliyyə imkanlarının genişlənməsi fonunda aktiv şəkildə əsas kapitala kifayət qədər irihəcmli investisiyalar yönəldilib. Həyata keçirilən məqsədyönlü siyasət sayəsində ölkəmiz sosial və iqtisadi infrastruktur quruculuğunda, özəl sektorun inkişafında, sənayeləşmədə, aqrar sektorun istehsal və ixrac imkanlarının genişləndirilməsində, makroiqtisadi sabitliyin təmin olunmasında, əhalinin rifah halının yaxşılaşmasında diqqətəlayiq uğurlara imza atıb.
44 günlük Vətən müharibəsindən sonrakı dövr ərzində dünyanın əsas söz sahiblərindən birinə çevrilən ölkəmiz Prezident İlham Əliyevin sarsılmaz qətiyyəti fonunda inamla irəliləməkdədir
Bütövlükdə, Azərbaycanın müsbət beynəlxalq imici var, ölkəmizin nailiyyətləri beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi ölkəmizin uğurlu inkişafı danılmaz həqiqətdir: “Bütün mötəbər beynəlxalq qurumlar bunu qeyd edir. Ötən illər ərzində həyata keçirilən iqtisadi islahatlara paralel olaraq makroiqtisadi sabitlik qorunub saxlanılıb, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun və regionların inkişafı sürətlənib, sahibkarlığa dövlət dəstəyi gücləndirilib, özəl bölmənin inkişafı üçün azad rəqabət və münbit investisiya mühiti yaradılıb, əhalinin sosial rifahı daha da yaxşılaşıb”.
O cümlədən, xüsusilə qeyd edə bilərik ki, 44 günlük Vətən müharibəsindən sonrakı dövr ərzində dünyanın əsas söz sahiblərindən birinə çevrilən ölkəmiz Prezident İlham Əliyevin sarsılmaz qətiyyəti fonunda inamla irəliləməkdədir. Bu, həm də belə qənaətə gəlməyə əsas verir ki, dövlətimiz Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf edir, daxili siyasi sabitliyi daha da möhkəmləndirilir.
Bu mənada Yeni Azərbaycan Partiyasının da inkişafı və ən müsir standartlar səviyyəsində tərəqqisi, o cümlədən siyasi sistemin möhkəmləndirilməsi prioritet vəzifə olaraq ortaya qoyulmuşdur ki, dövlətimizin başçısı Milli Məclisdəki çıxışı zamanı həmin məqamları da önə sürmüşdü. Ölkədə dialoq mühitinin formalaşmasından başlayaraq, partiyalararası münasibətlərin tənzimlənməsinə, habelə yeni qərarların qəbulu, ümumiyyətlə əldə edilən bütün uğurlar növbəti qələbələrin, zəfərlərin məntiqi nəticəsidir. Azərbaycan dövləti və xalqı bundan sonrakı illərdə də növbəti Zəfərlərə doğru inamla addımlayacaq.
Valeh Mikayılov,
71 saylı Masallı kənd Seçki Dairəsi üzrə millət vəkilinin köməkçisi