PDF Oxu

Siyasət

  • 2 357

Nizami Gəncəvi Azərbaycan xalqının bəşəriyyətə bəxş etdiyi dahi şəxsiyyətlərdən biridir ŞƏRH

Nizami Gəncəvi Azərbaycan xalqının bəşəriyyətə bəxş etdiyi dahi şəxsiyyətlərdən biridir ŞƏRH

Böyük Azərbaycan şairinin ədəbi irsi ilə tanış olarkən burada Şərqə məxsus ədəbi-mədəni dəyərlərin təsviri və tərənnümü ilə yanaşı, Qərb mədəniyyətinin də nümunələri ilə qarşılaşmaq mümkündür. Bu, Nizami Gəncəvinin mənsub olduğu sivilizasiya dəyərlərindən daha geniş, universal dəyərlərin daşıyıcısı, tərənnümçüsü və təbliğatçısı olan dünya miqyaslı bir mütəfəkkir olduğunun göstəricisidir. Ədəbiyyatda yüksək insan ideallarının öz əksini tapması Nizaminin ən böyük yaradıcılıq xidməti sayıla bilər. Onun bütün əsərləri ədəbiyyatla real həyatı əlaqəli şəkildə oxucuya təqdim etmək ruhundadır. Nizami sənətinin böyüklüyü insan psixologiyasının mürəkkəbliyini açıb göstərə bilməsi bacarığındadır. O, bu yanaşması ilə ədəbiyyatın bəşər mədəniyyətinin inkişafındakı böyük əhəmiyyətini üzə çıxarır. XVII əsrin sonlarından başlayaraq Avropa ictimaiyyəti də Nizaminin ecazkar sənət dünyası ilə tanış olmağa başlayıb. Onun ölməz əsərləri ingilis, alman, fransız, italyan, ispan dillərinə tərcümə edilib və şairin adını Avropa məkanında da məşhurlaşdırıb. Nizaminin yaratdığı əsərlər həm öz dövründə, həm də özündən sonrakı dövrlərdə böyük təsir gücünə malik olmuşdur. Dünyanın müxtəlif bölgələrində Nizami yaradıcılığının təsiri ilə formalaşan çoxsaylı şairlər vardır. Azərbaycanda, Əfqanıstanda, Gürcüstanda, Hindistanda, İranda, Pakistanda, Tacikistanda, Türkiyədə, Özbəkistanda ədəbiyyatın, mədəniyyətin formalaşmasına Nizami yaradıcılığının ciddi təsiri olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 9-da işə başlayan “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunda aktual məsələlər müzakirə edilir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq mərkəzə çevrilib. Məhz bunun nəticəsidir ki, mərkəzin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır. Prezidentin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən hər il təşkil edilən Qlobal Bakı forumları da məhz dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin mənsub olduğu Azərbaycan xalqının milli və bəşəri dəyərlərinin, tolerantlığının, multikultural düşüncəsinin, yaşayışının bütün dünya xalqlarına ərməğanıdır.

Prezident İlham Əliyevin X Qlobal Bakı Forumunun açılış mərasimində söylədiyi “Nizami Gəncəvinin müdrikliyi və istedadı Azərbaycan xalqının istedadını və müdrikliyini təcəssüm etdirir” dahiyanə fikri bu kontekstdə tarixə məşəl tutmaqla yanaşı, dahi azərbaycanlının milli mənsubiyyətini təhrif etməyə çalışanlara tutarlı cavabdır. Nizami Gəncəvinin yaşadığı dövrdən, əsərlərini qələmə aldığı zamandan bizi 800 ildən artıq zaman ayırsa da, onun əsərlərində milli mənsubiyyəti ilə bağlı toxunduğu mətləblər bu gün də günəş kimi parlaq, səma kimi aydındır. Ölməz “Xəmsə”sində milli mənsubiyyəti ilə yanaşı, toxunduğu, izah etdiyi hər bir mətləbə hansı dövrdə kimin müdaxilə etməsindən asılı olmayaraq, yuxusuz gecələrinin məhsulu olan bütün misraları onun milliyyətini, məkanını, dünyagörüşünü təhrif etməyə imkan verməmiş və verməyəcəkdir. Çünki Nizami Gəncəvinin əsərlərində dini və siyasi sərhəd tanımayan bəşəri düşüncələri məhz onun mənsub olduğu türk soyunun və məkan qurduğu Azərbaycanın-Gəncənin bu mövzuda dünyaya səslənişidir.

Könül İbrahimova

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin

Fiziologiya İnstitutu üzrə ərazi partiya təşkilatının sədri

Digər xəbərlər