2020-ci il noyabrın 10-da 44 günlük tarixi zəfərin yekunu olaraq Azərbaycan, Ermənistan və Rusiya tərəfindən imzalanmış məlum Bəyanata əsasən bölgədə Rusiyanın Sülhməramlı kontingenti yerləşdirilməli və bu yerləşdirməyə paralel olaraq Qarabağ bölgəsində olan erməni silahlı birləşmələri ərazidən çıxarılmalı idi. Təbii ki, Bəyannaməyə belə bir bəndin salınması birbaşa Rusiya tərəfinin təkidi olmuşdu və məqsəd hər kəsə gün kimi aydın idi: regiona nəzarəti əldən verməmək və qərbin fürsətdən istifadə edib bölgədə fəallaşmasının qarşısını almaq! Heç şübhəsiz, Azərbaycan tərəfi hərbi əməliyyatlarını davam etdirə, bölgədəki qanunsuz hərbi birləşmələrin bütün terrorçu kəsimlərini son nəfərinə qədər Azərbaycan ərazilərindən süpürüb ata bilərdi. Buna heç kim, hətta Rusiyada və Ermənistanda da kimsə şübhə etmirdi. Lakin bir sıra məqamları nəzərə almaqla, xüsusilə qarşı tərəfin təslim olduğunu rəsmən təsdiqləməsi, eləcə də bizlərin bilmədiyi digər aspektlər baxımından Azərbaycan tərəfinin bu Bəyanata imza atması da, imzasına hörmət əlaməti olaraq ona əməl etməsi də Azərbaycana daha çox divident gətirirdi. Bəyanatda nəzərdə tutulan bəndlər üzrə Azərbaycan üzərinə düşən bütün öhdəlikləri vaxtlı-vaxtında, bəzi hallarda hətta vaxtından əvvəl yerinə yetirsə də, qarşı tərəf yenə də imzasına hörmət qoymamaqda davam edir. Rus hərbçilərindən ibarət “Sülh” məramlılar əraziyə daxil olmaqla paralel burdakı qanunsuz hərbi birləşmələr bölgəni tərk etməli olduğu halda, hələ də bunun gerçəkləşməməsi təkcə Ermənistan tərəfin deyil, həm də Rusiyanın öz imzasına hörmət qoymadığının bariz nümunəsidir. Sonrakı iki ildən artıq müddət ərzində erməni tərəfi bu bəndin tezliklə icrasına söz versə də, adəti üzrə yenə sözünə əməl etmədi. Son vaxtlar erməni tərəfin bölgəyə silah-sursat daşımasını təsdiq etməklə ortaya çıxan təkzib olunmaz faktlar, videogörüntülər isə onu deməyə əsas verir ki, ərazidə guya Sülh yaratmaq məqsədilə yerləşdirilən rus hərbçiləri əslində “Sülh” məramlı deyil, hərb məramlılardır. Əgər bu qüvvələr bölgədəki qanunsuz hərbi birləşmənin, terror qruplaşmalarının silah-sursatla təchiz edilməsinə birbaşa, açıq-aşkar yardım edirsə, buna başqa nə ad vermək olar?
Bu, məsələnin bir tərəfi. İkinci, daha qəribə və anlaşılmaz tərəfi isə bu gün Ukrayna böhranı ilə əlaqədar açıq düşmənçilik mövqeyində olan qərblə Rusiyanın məhz erməni məsələsində eyni tərəfdə durmalarıdır. Aydındır ki, dünyada yaranmış indiki geosiyasi durumdan maksimum yararlanmağa çalışan qərb Qafqazda nəzarəti ələ almaq, regionda söz sahibi olmaq uğrunda savaşır. Rusiya da bunun əksinə olaraq Qafqazdakı maraqlarını kimsəyə qurban verməmək, regiondakı nəzarətini əldə saxlamaq istəyir. Elə bu faktın özü gərəkdirir ki, bölgədə əsas söz sahibi olan Azərbaycanı razı salmağa can atsınlar. Amma biz bunun əksinin şahidi oluruq. Qərb də, Rusiya da var gücləri ilə Ermənistanı tərəflərinə çəkmək uğrunda yarışa giriblər. Ermənistanın öhdəliklərini yerinə yetirməməklə beynəlxalq hüququ kobud şəkildə pozmasından danışmayan qərb də, Rusiya da ekoloji terrora qarşı səsini qaldıran Azərbaycanın vətəndaş çəmiyyəti fəallarının haqlı tələblərinə qarşı çıxırlar. İlk baxışda hər iki qütbün sərgilədikləri bu mövqeyə xristian təəssübkeşliyi kimi baxmaq da olardı. Lakin hesab edirik ki, məsələ heç də bu qədər bəsit deyil. Mövqeyi bütün bu tərəflərin mövqeyi ilə yüzə yüz üst-üstə düşən, sözdə “islam respublikası” adlanan İranın fars-molla rejiminin də kənarda qalmaması yaranmış vəziyyətin köklərini daha ciddi məqamlarda axtarmağa bizi sövq edir.Yəni torbadıkı pişiyi axtarıb tapmağa can atırıq. Kim nə deyir, desin, necə düşünür, düşünsün, özü bilər, amma mənim düşüncəmə görə qərb də, Rusiya da, fars-molla rejimi də bütün gücləri ilə məhz Azərbaycanı təsirləri altına almağa can atırlar. Çünki bölgədə Ermənistan vassal bir ölkə kimi hardan, kim tərəfindən, hansı hava çalınırsa qol götürüb oynayır, ta ki, əlinə pul, para uzatsınlar. Gürcüstanda da hərəsi öz qüvvələrini formalaşdıraraq təsirlərini göstərə bilirlər. Azərbaycanda isə elə bir xalq-iqtidar birliyi formalaşıb ki, axıtdıqları milyonlara rəğmən bu ölkədə istədiklərini reallaşdıra bilmirlər. Üstəgəl BMT TŞ-nin üzvü olduğu əvvəlki illərdə də, Qoşulmama Hərəkatına sədrlik etdiyi indiki dönəmdə də atdığı tarixi addımlarla dünyadakı nüfuzunu ilbəil artırır. Böyük güclərə də, özünü “böyük güc” hesab edənlərə də Qafqazda belə ölkənin mövcudluğu onların istəkləri xaricindədir. Elə buna görə də bütün sahələrdə düşmən olan tərəflər Azərbaycana münasibətdə eyni mövqe nümayiş etdirirlər. Yüz minlərlə insanın tarixi torpaqlarında azad yaşamaq istəklərinə qarşı bütün vasitələrdən istifadə edib onlara azadlıq verməkdən imtina edən Fransanın, İspaniyanın, ölkəsi daxilində gedən prosesləri idarə edə bilməyən İranın və yenə Fransanın, əhalisinin qarnını doyurmağı bacarmayan Hindistanın və adlarını çəkmədiyimiz digər anti-Azərbaycan dövlətlərin Azərbaycanın beynəlxalq hüquqa əsaslanan addımlarına qarşı çıxmaları da, 30-35 milyon Azərbaycan türkünün İran tərkibində haqqını tələb etməsinə seyrçi münasibət bəsləyən bu qüvvələrin 30-35 min erməniyə Azərbaycanda status tələb etmələri də, sadalamadığımız digər məqamlar da, düşünürəm ki, bundan qaynaqlanır. Sərhədlərimizdə hərbi təlimlər keçən, hətta qırıcılarını qaldırıb sərhədlərimizdə viyildadan fars-molla rejimi də bu anti-Azərbaycan, antitürk siyasətin quluna çevrildiyindən xəbər verir. Ancaq həmin güclər arzularının, istəklərinin suya düşəcəyinə əmin olsunlar. Unutmasınlar ki, bu millət son 300 ildə parçalanma, bölünmə nəticəsində hansı bəlalara düçar olduğunu yaxşı bilir və indiki birliyi heç kim pozmağa nail olmayacaq. Tək-tük pul hərislərini, haram süd əmmişləri bağırda bilərlər, amma o bağırtılar da bizi yolumuzdan döndərməyə qadir olmayacağına kimsə şübhə etməsin. Rəbbim bizdən bu birliyi əsirgəməsin, inşaallah! AMİN deyən dillər var olsun!
Təhmasib Novruzov