PDF Oxu

Siyasət

  • 2 734

Sözü imzası qədər dəyərli olan Azərbaycan ŞƏRH

Sözü imzası qədər dəyərli olan Azərbaycan ŞƏRH

Cari ilin 9 mart tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda işə başlayan nüfuzlu beynəlxalq Forumda dünya qarşısında duran mühüm çağırışlar müzakirə olunub. Ölkəmizin yüksək səviyyəli mötəbər tədbirlərə uğurla ev sahibliyi etməsi Azərbaycanın beynəlxalq aləmdə gündən-günə artan nüfuzunun göstəricisidir. Xüsusi ilə də, son illər dövlətimizin dünyada artan nüfuzun onun beynəlxalq təşkilatlarla əlaqələrində və onların fəaliyyətində fəal iştirakına gətirib çıxarıb. Bu gün artıq dünya dövlətləri Azərbaycanı mühüm, etibarlı tərəfdaş, sözü imzası qədər dəyərli olan ölkə kimi qəbul edirlər. Təsadüfi deyil ki, BMT, Avropa İttifaqı, NATO, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu təşkilatlar Azərbaycanla əməkdaşlığı strateji prioritet kimi müəyyənləşdiriblər. Artıq ölkəmiz bir sıra beynəlxalq qurumlarda, sadəcə, üzv dövlət kimi təmsil olunmur, eyni zamanda, bir çox qərarların qəbulunda və icrasında yaxından iştirak edir.

Artıq uzun illərdən bəri Bakıda belə beynəlxalq tədbirlərin, eləcə də Bakı Forumunun keçirilməsi ənənəyə çevrilib. “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunda dövlətimizin başçısı çıxış edərək, bu mühüm tədbirin təmsilçilik səviyyəsini, eləcə də, intellektual potensialının aparıcı beynəlxalq konfranslara adekvat olduğunu vurğuladı. Forumda 61 ölkədən olmaqla 350-dən çox tanınmış iştirakçının olması, onlardan isə 50 nəfərdən çoxunun hazırkı və sabiq prezident, baş nazir statusunda təmsilçiliyi özü-özlüyündə bu tədbirin hansı səviyyədə olmasını bir daha sübut edir. Müasir beynəlxalq münasibətlər sistemində baş verən köklü dəyişikliklər fonunda yeni yanaşmaların irəli sürülməsi zərurəti Foruma olan diqqəti daha da artıran amillərdən sayılmalıdır. Dövlət başçısı İlham Əliyev panellərdən birinin məhz multilateralizmə həsr olunmasına xüsusi diqqət ayıraraq bir sıra mühüm tezislər irəli sürdü. Prezident çıxışında vurğuladı ki, ölkəmiz böyük ənənələrə sahib, lakin müəyyən dövr ərzində bir az passiv fəaliyyət göstərən Qoşulmama Hərəkatına 2019-2022-ci illərdə sədrlik etməklə ona çeviklik, innovativlik və dinamika verməyə çalışdı, bu istiqamətdə mühüm addımlar atdı.

Ölkəmizin regionda lider dövlətə çevrilməsi, günbəgün nüfuzunun artması, əlbəttə, digər dövlətlərin Azərbaycana daha çox yaxınlaşmasının zəruri edir. Xüsusən də həm 44 günlük müharibədən böyük Zəfərlə çıxması, pandemiya ilə bağlı çətinliklərə baxmayaraq, möhkəmlik göstərməsi, iqtisadi inkişaf dinamikasını qoruyub saxlaması doğru siyasətin və balanslı münasibətlərin nəticəsidir. Prezident İlham Əliyev Forumda çıxışı zamanı bir daha dünyaya bəyan etdi ki, Azərbaycan regionda sabitlik və dayanıqlı inkişaf naminə sülh istəyir. Bununla bərabər Azərbaycan Prezidenti ciddi mesajlar verərək bildirdi ki, sülh naminə atılan addımlar qarşılıqlı olmalıdır. Dövlət başçısı İlham Əliyev bütün beynəlxalq tədbirlərdə olduğu kimi, bu Forumda da bildirdi: “Münaqişələrin həlli iki cür olur – dinc yolla və qeyri-dinc yolla. Biz Ermənistanla münaqişəni dinc yolla həll etməyə çalışırdıq. Baxmayaraq ki, Ermənistan tərəfindən işğal Azərbaycanda humanitar fəlakətə səbəb olmuşdur. İşğal nəticəsində bir milyondan artıq azərbaycanlı yurdsuz qalmış, qaçqın və məcburi köçkünə çevrilmişdir”.

XII əsrdə yaşayıb yaratmış Nizami Gəncəvinin yaradıcılığında yer üzünün əşrəfi olan insanın özündə ən mühüm əxlaqi dəyərləri inkişaf etdirmək, ədalətlə idarə etmək, insanlara hər zaman hörmətlə yaşamaq kimi yüksək keyfiyyətləri təbliğ edirdi. Məhz buna görə də Nizami Gəncəvinin adını daşıyan Beynəlxalq Mərkəzin qlobal gündəlikdə dayanan bir çox məsələlərinin müzakirəsi üçün mühüm siyasi və elmi platformaya çevrilməsi səbəbsiz deyil, daha məntiqlidir. Bir sözlə, Nizami Gəncəvinin müdrikliyi və istedadı Azərbaycan xalqının istedadını və müdrikliyini təcəssüm etdirir.

Fərid Mustafayev

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər