Millət vəkili Elşad Mirbəşiroğlunun “Səs” qəzetinə müsahibəsi
Elşad Mirbəşiroğlu: “Azərbaycan öz gücü ilə bütün məqsədlərinə səmərəli şəkildə çatacaq”
- Elşad müəllim, son günlər Azərbaycan-Hayastan dövlət sərhədində təxribatlar seriyası genişlənib. Necə hesab edirsiniz, bununla Paşinyan rejimi sülhə doğru atılan addımlardan imtina etdiyini demək olar?
- Ermənistan heç vaxt səmimi şəkildə Azərbaycanla sülh sazişi niyyətində olmayıb. Ermənistan həmişə Azərbaycana düşmən mövqeyindən yanaşır və Azərbaycana qarşı əsassız ərazi iddialarından zərrə qədər də çəkilməyib. 2020-ci ilin sentyabrın 27-dən başlayan Vətən müharibəsi nəticəsində biz torpaqlarımızı işğaldan azad edərək Ermənistanı kapitulyasiya sənədinə imza atmağa məcbur etdik. Ermənistan bu kapitulyasiya sənədini imzalamaqla özünü tam məhv olmaqdan xilas edə bildi. 2020-ci ildən ötən zaman ərzində də biz Ermənistanla münasibətlərin normallaşdırılmasını təmin etmək üçün şərtlər irəli sürdük və başlıca prinsip ondan ibarət idi ki, Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası və demarkasiyası həyata keçirilsin. Ermənistan Azərbaycana olan əsasız ərazi iddialarından geri dursun və digər şərtlər təmin olunsun. 2020-ci ilin 10 noyabr tarixində imzalanmış birgə bəyanatın şərtlərinə Ermənistan tərəfindən əməl olunmayır. Ermənistan yenə də təxribatlarını, yenə də təcavüzlərini davam etdirməkdədir. Bu təxribatlar dəfələrlə Ermənistanın özünə çox baha başa oturub. Amma Ermənistan yenə də regionda sülhün və təhlükəsizliyin təmin olunmasını hər vasitə ilə əngəlləməkdədir.
- Necə düşünürsünüz, Hayastana təxribatlar törətmək üçün kənar təsirlər ola bilərmi?
- Bəli, Ermənistana kənar dairələr bu istiqamətdə təlimatlar verir, dəstək olur. Bu əsas dəstək də Qərbdən gəlir. Bunu biz çox açıq şəkildə görməkdəyik. Çünki Paşinyan elə Brüssel görüşlərinə qədər də birgə bəyanatın şərtlərinə əməl etməkdən hər vasitə ilə yayındı. Məqsəd ondan ibarət idi ki, hansısa bir dəstək tapmış olsun. Bu dəstəyi də Avropada axtarırdı. Diqqət yetirsək həm də görərik ki, ümumiyyətlə, Azərbaycan-Ermənistan rəhbərləri arasında keçirilən hər görüş öncəsi Ermənistan tərəfi təxribatlar törədirdi ki, baş verənləri fərqli bir formada və mənada Avropanın və ümumiyyətlə, dünyanın diqqətinə çatdırsın. Xüsusilə də, Brüssel görüşlərindən öncə bu təxribatların daha intensiv və geniş miqyas aldığını biz müşahidə edirdik. Məsələn, ötən il sentyabr ayının 12-14 aralığında belə genişmiqyaslı təxribatlar Ermənistan tərəfindən törədildi. Azərbaycan bu təxribatların qarşısını qətiyyətlə aldı və özünün gec mövqelərini daha da möhkəmləndirmiş oldu. Burada Ermənistanın məqsədi ondan ibarət idi ki, deməli, münaqişənin sanki hələ də davam etdiyi təəssüratını yaratsın ki, indiki mərhələdə yenə də Azərbaycan-Ermənistan arasında sülh müqaviləsi və ya münasibətlərin normallaşdırılması məsələsi deyil, münaqişə vəziyyəti müzakirə predmenti olaraq qalsın. Bu da Qərb dairələrinin maraqlarına cavab verirdi. Çünki onlar dəfələrlə cəhd edirdilər ki, artıq olmayan münaqişə vəziyyətini müzakirə etsinlər. Bu da Qərbə ona görə vacib idi ki, münaqişənin mövcudluğu Cənubi Qafqaz regionunda öz təsirlərini saxlamaq üçün bir vasitə kimi nəzərdən keçirilirdi və bu gün də keçirilməkdədir. Bu baxımdan, Ermənistanın ardıcıl törətdiyi təxribatlar haradasa bir işə də yaradı. Çünki ötən il oktyabrın 6-da Praqada baş tutan görüş zamanı artıq Fransanın prezidenti də iştirak etdi və qərar qəbul olundu ki, Ermənistana mülki missiya göndərilsin. Avropa İttifaqı artıq ikinci mülki missiyasını Ermənistana göndərib. Bu mülki missiyanın Ermənistana gəlməsindən sonra Ermənistanın aşkar cəsarətləndiyini də görmək mümkündür və onlar təxribatlarını davam etdirməkdədirlər. Revanşı hisslərini daha da gücləndirməkdədirlər. Azərbaycanın ərazisində separatizmi ayaqda saxlamaq üçün əllərindən gələni etməkdədirlər və yenə də məqsəd ondan ibarətdir ki, Avropa İttifaqının mülki missiyası guya Azərbaycan tərəfindən hansısa aqressiyanı qeydə alsın və o hesabata uyğun da gələcəkdə mövqelər sərgilənsin. Hesab edirəm ki, elə mülki missiyanın regiona göndərilməsi məqsədi ondan ibarətdir ki, sülhə aparan yolda əlavə maniələr törədilsin. Ermənistan hökumətinin missiyası ilə Avropa İttifaqının mülki missiyası kifayət qədər yaxın paralelik edir və onların fəaliyyətləri bir-birini tamamlayırlar ki, regionda sülhü və təhlükəsizliyi təmin etmək üçün Azərbaycanın yaratmış olduğu imkanları aradan qaldırsınlar. Bütün bunlar onu göstərir ki, bəli, Ermənistan Azərbaycanla münasibətlərin normallaşdırılması istəyində deyil. Bir sözlə, Ermənistanın məqsədi kənardan gələn təlimatlar əsasında regionda gərginliyi saxlamaqdan ibarətdir. Amma bir şeyi xüsusi qeyd etmək lazımdır ki, Ermənistan hər zaman bu istəkdə olubdur. Yəni hər zaman kənardan dəstəklər alıb. Bütün bunlara baxmayaraq, Azərbaycan öz torpaqlarını işğaldan azad etdi və bu gün də sülh gündəliyini Azərbaycan irəli aparmaqdadır. Yəni keçdiyimiz yol artıq aydın göstərdi ki, Azərbaycan öz gücü ilə bütün məqsədlərinə səmərəli şəkildə çatacaq.
GÜLYANƏ