Dil ünsiyyət vasitəsidir və hər bir xalqın müstəqilliyinin əsas atributlarından biridir. Bir xalqı məhv etmək üçün onun dilinin əlindən alınması əsas amillərdəndir. Dil həm də dünya haqqında təsəvvür yaradan təbii intellektual sistemdir və hər bir dil ayrılıqda dünya haqqında bilik, dünyanı görmək və anlamaq üçün vasitədir. Hazırda Yer üzündə 7000-ə yaxın dil mövcuddur və dünyanın yeddi dili dünya dilləri hesab olunur: ingilis dili, ispan dili, ərəb dili, rus dili, fransız dili, alman dili, portuqal dili. Dilin yoxa çıxması bütöv bir biliklər sisteminin qeybə çəkilməsi kimi xarakterizə olunur. İstənilən bir xalqın dilinin məhvi, sıradan çıxarılması xalqların çoxəsrlik yaddaşının yoxa çıxması deməkdir. Bu gün müasir, sivil dünyada yaşadığımız zamanda, xüsusi ilə də özünü dünya xalqları arasında demokratik ruhlu və əməlli dövlət kimi təqdim edənlər təəssüflə qeyd etməliyik ki, diktələrində insanların hüquqlarını pozulmasına hökm verməkdə davam edirlər. Bu günlərdə Korsikanın yerli parlamentində Korsika dilinin qadağan edilməsi ada sakinlərini yenidən qəzəbləndirib.
Fransanın sərgilədiyi tarixi müstəmləkiçilik, insanların qətlə yetirilməsi bir daha deməyə əsas verir ki, bu dövlətin artıq demokratiyadan danışmağa haqqı yoxdur. Fransa hakimiyyətinin insanların dilinə olan münasibətinin qəzəblə qarşılanması onların ucaldılan haqq səsidir. Korsikada baş verən hadisələr diqqətdən kənarda qalmır və Bastia inzibati məhkəməsi yerli parlamentdə müzakirələrin Korsika və fransız dilləri olduğunu bildirən prosedur qaydalarının müddəalarını ləğv edib. Məhkəmə hesab edib ki, bu müddəa Fransa Konstitusiyanın 2-ci maddəsinə ziddir. Qərar mərkəzi hökumətin adadakı ən yüksək nümayəndəsi olan Korsika prefekti tərəfindən qaldırılan məhkəmə iddiasından sonra, eləcə də Emmanuel Makron administrasiyasının yerli siyasətçilərlə Korsikaya daha çox muxtariyyət verilməsi barədə danışıqlar apardığı bir vaxtda qəbul edilib. Muxtariyyət tərəfdarı olan aparıcı siyasətçilər məhkəmə qərarını dərhal tənqid ediblər. Adanın icra şurası və Korsika Assambleyasının sədrləri bildiriblər ki, bu qərar Korsika parlamenti üzvlərini debatlar zamanı öz dillərində danışmaq hüququndan məhrum etmək deməkdir. Adanın seçilmiş məmurları apellyasiya şikayəti veriblər. Məmurlar Korsika dilinin yaşaması və inkişafı üçün fransız dili ilə yanaşı, ona da rəsmi status verilməsinin lazım olduğunu söyləyiblər.
HÖKM AYRI-SEÇKİLİK VƏ BEYNƏLXALQ QANUNLARIN POZULMASIDIR
Müstəqillik tərəfdarı olan "Core in Fronte" partiyası tviter hesabında bu qərarı "rüsvayçı" hesab edib. Millətçi deputatlar hesab edirlər ki, məhkəmə qərarı və onun motivasiyası yalnız konstitusiyaya yenidən baxılmasının mütləq zərurətini təsdiqləyir, xüsusən də, Korsika dilinin rəsmi statusunu təmin etmək, onun yaşaması və inkişafı üçün vacib şərtdir. "Korsikada yalnız fransız dilinin istifadə oluna biləcəyinə dair hökm ayrı-seçkilik və beynəlxalq qanunların pozulmasıdır, çünki ingilis dili dövlət universitetlərində də istifadə olunur, lakin Korsika dili qadağandır", - deyə BMT-nin azlıqlar üzrə xüsusi məruzəçisi Fernan de Varen özünün tviter hesabında müvafiq qərarın ədalətsiz olduğunu qeyd edib. Əlbəttə ki, separatizmə qucaq açan Fransanın bu addımı onun niyyətini üzə çıxarır.
Korsikalıların azadlıq mübarizəsini qan içində boğmaba cəhd edən Fransa 1768-ci ildə buranı işğal etmiş və bu regionda törətdiyi qətl və vəhşilik aksiyalarının sayı artıq bəlli deyil. Qeyd edək ki, 1729-cu ildə Korsika sakinləri Genuyadan 4 əsrlik asılılığa son qoymaq üçün mübarizəyə başlayır və 1735-ci ildə özlərini müstəqil elan edirlər. Genuya Fransanın dəstəyi ilə adanı yenidən fəth etməyə çalışır. Məğlub olan üsyançılar 1755-ci ildə Paskal Paolinin başçılığı ilə yenidən müstəqilliyini bərpa etməyə çalışır. Elə həmin il müasir tarixdə tez-tez ilk demokratik konstitusiya sayılan Korsika Konstitusiyası qəbul edilir. O, icra, qanunverici və məhkəmə hakimiyyətini bir-birindən ayırır, qadınlar da daxil olmaqla, bütün ailə başçılarının ümumi seçki hüququnun əsasını qoyur.
Genuya 1768-ci il 15 may tarixli Versal müqaviləsi ilə de-fakto nəzarət etmədiyi Korsika üzərində hüquqlarını "müvəqqəti" olaraq Fransaya verdi. Fransa kralı XV Lüdovik Korsika Respublikasının müstəqilliyini tanımaqdan imtina etdi və ölkə ilə birləşdiyini elan etdi. 1769-cu ildə Paskal Paolinin qoşunları məğlub olur, o, Böyük Britaniyaya qaçır. Nəticədə Korsika Fransanın idarəçiliyinə keçir. 1790-cı ildə fransız inqilabçılar Paskal Paolini adanın komandiri təyin etmək üçün geri çağırıblar. Milli Konvensiya ilə (1792-ci ilin sentyabrından 1795-ci ilə qədər Fransanın siyasi rejimi) fikir ayrılığı və terrordan narahat olan P. Paoli 1794-cü ildə Böyük Britaniyanın himayəsi altında Korsika Krallığının yaradılması üçün danışıqlar aparıb. 1796-cı ildə "Gözəllik adası" Fransanın tərkibinə keçir. Paskal Paoli və onun Konstitusiyası Korsikanın müstəqilliyinin simvolu kimi tarixdə qalır.
KORSİKA ADASI MÜSTƏQİLLİYİ UĞRUNDA MÜBARİZƏ APARIR
1990-cı illərdə Korsika müstəqillik və muxtariyyət tərəfdarları arasında parçalanma baş verir. Nəticədə iki əsas qol yaranır: müstəqillik tərəfdarı olan Korsika Milli Azadlıq Cəbhəsi (FLNC Canal-Historique) və muxtariyyət tərəfdarları (FLNC Kanalı). 1998-ci ilin fevralında Korsika prefekti Klod Erinyakın Ayaçço küçəsində öldürülür. FLNC-ə yaxın İvan Kolonna ömürlük həbs cəzasına məhkum edilir. 2014-cü ildə yaydığı mətbuat açıqlamasında FLNC silahlı mübarizəni dayandıracağını elan edir. Vəziyyət sakitləşir. 2015-ci il dekabrın 13-də muxtariyyətçiləri və separatçıları birləşdirən "P? a Corsica" (Korsika naminə) millətçi partiyası 35 faizdən çox səslə ərazi seçkilərinin ikinci turunda qalib gəlir. Koalisiya 2017-ci ildə ikinci turda böyük səs çoxluğu ilə (56 faiz) yenidən seçilir və Korsika Assambleyasında üstünlük əldə edir. Bu qələbə "Korsika kollektivi"nin yeni statusuna əlavə olaraq, muxtariyyətə doğru dialoq təklif edir.
Ancaq 2022-ci ildə İvan Kolonnanın həbsxanada öldürülməsi ilə vəziyyət yenidən kəskinləşir, o cümlədən etiraz nümayişləri və müstəqillik tələbləri yenidən gündəmi bürüyür. Vəziyyəti sakitləşdirmək üçün adaya səfər edən daxili işlər naziri Jerald Darmanən ona muxtariyyət verməyə açıq olduqlarını vəd edir.
Korsika dilinin fransız dili ilə ortaq rəsmi olması uzun illər təkcə millətçilərin deyil, həmçinin adanın rəhbərliyinə seçilənlərin də tələbi olub. Korsika dilinin fransız dili ilə eyni şəkildə tanınması hazırkı tələblərin əsasını təşkil edir. Korsika adasında ikidillilik ideyası hələ 1980-ci illərin sonunda sosiolinqvist Jan-Batist Marselesi tərəfindən nəzəriyyələşdirilib. Seçki kampaniyası çərçivəsində ilk dəfə adaya səfər edən Emmanuel Makron Regional Dillər üzrə Avropa Xartiyasının ratifikasiyasını üzərinə götürməsinə baxmayaraq deyib: "Respublikanın dili fransız dilidir və bu, Konstitusiyamızda təsbit olunub. Bu dəyişməməlidir". Bununla da regional Korsika dili ilə bağlı millətçilərin tələbinə son qoyub. Beləliklə təxminən 150 min nəfərin danışdığı korsika dili yox olmaq təhlükəsi ilə üz-üzədir. Fransa beynəlxalq arenada xalqların azadlıq və ədalətlə bağlı arzularına sədd çəkərək bəşəri cinayətlərin müəllifinə çevrilib. Bu illər ərizində Korsikada törətdiyi bəşəri cinayətlərə görə cəzasız qalması Fransanın bu əməllərini dvama etməsinə "imkanlar açıb"dır. Müasir dünyanın gözü qarşısında Korsikanın informasiya blokadasına alınması, antiterror əməliyyatlar adı altında adanın azadlıq mübarizəsinə qarşı Fransa hökumətinin addımları onun repressiya siyasətinin "uğurla" gerçəkləşməsinə səbəb olan amillərdir.
Korsika adası bu gün müstəqilliyi uğrunda mübarizə aparır və bu mübarizədə "azadlıqdan" dəm vuranlarla üz-üzədir.
Nəzakət ƏLƏDDİNQIZI