PDF Oxu

Siyasət

  • 3 344

Heydər Əliyev və milli dövlətçilik konsepsiyası ŞƏRH

Heydər Əliyev və milli dövlətçilik konsepsiyası ŞƏRH

Müasir və müstəqil Azərbaycanın banisi, yaradıcısı, qurucusu, dahi və müdrik Şəxsiyyət, dünyaşöhrətli siyasətçi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin yaradılması, qorunması, təməllərinin möhkəmləndirilməsi, inkişafı, tərəqqisi, qüdrətli ölkəyə çevrilməsi uğrunda fədakarlığı nəticəsində müstəqil və güclü Azərbaycanın əsası qoyuldu. Doğma xalqının böyük təəssübkeşi olan Ulu Öndər Heydər Əliyev mürəkkəb tarixi şəraitlərdə ölkəmizin bütün sahələrində geniş islahatlar proqramı həyata keçirməklə, gələcək Azərbaycanın ictimai-siyasi, mədəni həyatında uğurları ilə əbədiləşdi və xalqın düşüncə tərzində, oyanışında müstəsna rol oynayan Siyasi Liderə çevrildi. Azərbaycanda müstəqil dövlətçilik ənənələrinin formalaşdırılmasında fədakar xidmətləri ilə Ulu Öndər Azərbaycanı hər bir vətəndaşının təhlükəsizliyini qoruya biləcək qədər qüdrətli dövlətə çevirdi. Onun dövlətçilik fəaliyyəti müstəqilliyin möhkəmləndirilməsinə böyük töhfələr vermiş oldu. Hələ 1969-cu il 14 iyul tarixində Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildiyi zamandan ölkəmizin sürətli və uzunmüddətli inkişafının əsasını qoymuş oldu. Respublikanı geridə qalmış və yalnız xammal mənbəyi sayılan aqrar respublikadan inkişaf etmiş sənaye respublikasına çevirməyə müvəffəq oldu. Kənd təsərrüfatının və sənayenin, iqtisadiyyatın digər sahələrinin inkişafında, sosial məsələlərin həllində və əhalinin rifah halının yaxşılaşdırılmasında böyük irəliləyiş əldə edildi. Ölkənin uzunmüddətli, dinamik və hərtərəfli inkişafını təmin edən kompleks inkişaf proqramlarının icrasına başlanıldı.

Azərbaycan müstəqillik əldə etdikdən sonra mövcud vəziyyət ölkəmizi parçalanmaq, hətta xəritədən silinmək təhlükəsi ilə üz-üzə qoymuşdur. Müstəqilliyimizin ilk illərində hakimiyyətdə olan və bir-birini əvəz edən səriştəsiz siyasi qüvvələr respublikadakı vəziyyəti daha da ağırlaşdıraraq təhlükəli böhran vəziyyətinə çatdırmışdılar.

1990-cı illərin çətin, ağır günlərində Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda mühüm dövlətçilik fəaliyyəti həyata keçirilərək, milli dövlətçilik ənənələrinin əsası qoyuldu. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi təsdiq edildi. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Soveti bu bayrağın yenidən Azərbaycanın Dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar qəbul edib. "Gərək hər bir evdə Azərbaycan dövlətinin bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin. Bu bayraq tək rəsmi yerlərdə yox, idarələrdə, küçələrdə, saraylarda, məktəblərdə yox, gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun", - deyə Heydər Əliyev bildirmişdi.

Xalqı uçuruma sürükləyən məqamlar istər ölkə daxilində, istərsə də xaricində onun sütunlarını zəiflətməyə başlamışdı. Belə bir zamanda, xalqın təkidi və istəyi ilə hakimiyyətə qayıdışı ilə Dahi Öndər Heydər Əliyev Ona etimad göstərənlərin ümidini tez bir zamanda doğrultdu. 15 iyun 1993-cü il tarixində Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın müstəqil həyatının yeni səhifələrini yazdı. Milli Qurtuluş Günü dövlətçiliyimizi yox olmaq təhlükəsindən qurtardı. Heydər Əliyev o dövr haqqında belə deyirdi:"1993-cü ilin iyunundan başlayaraq, ilk növbədə, hakimiyyət boşluğu aradan qaldırıldı, respublikanın müxtəlif bölgələrində baş qaldırmış separatçı qüvvələr və parçalanma meyilləri sağlam düşüncəli vətəndaşların, xalqın böyük əksəriyyətinin fəal köməyi ilə zərərsizləşdirildi, vətəndaş müharibəsi təhlükəsinin qarşısı alındı… Azərbaycan dövlətçiliyinə, müstəqilliyə, ərazi bütövlüyünə qəsdlər təşkil edən cinayətkar ünsürlər cəmiyyətdən təcrid edildi və cəzalandırıldı." Dahi Şəxsiyyətin siyasi kursu nəticəsində, Azərbaycan özünün müstəqilliyinin sütunlarını möhkəmlətdi, onun dünyaya inteqrasiya olunmasına töhfələrini verdi. Ulu Öndər Heydər Əliyev milli dövlətçiliyin konsepsiyasını yaratdı. Mürəkkəb siyasi şəraitdə Ümummilli Lider Heydər Əliyevin böyük potensialı Azərbaycanın müstəqilliyinin qarantına çevrildi. Yeni dövrün tələblərinə uyğun tərzdə islahatların həyata keçirilməsi ölkəmizdə yeni iqtisadi mühit, azad bazar iqtisadiyyatı formalaşdı. Sonrakı dövrlərdə Azərbaycan vətəndaşlarının sosial durumunun yaxşılaşdırılması ilə bərabər, dövlət quruculuğu siyasətinin ardıcıl surətdə həyata keçirilməsi, Azərbaycan dövlətinin beynəlxalq nüfuzunun artırılması istiqamətində addımlar atıldı. "Əsrin müqaviləsi" imzalandı və milli neft strategiyasının əsası qoyuldu. Bütün həyatını Azərbaycanın və xalqın taleyi ilə bağlayan Ulu Öndər Heydər Əliyev müstəqil dövlətimizin tarixini yaradıb. "Biz müstəqil Azərbaycan dövləti yaradırıq və onu elə yaratmalıyıq ki, daim yaşasın, heç bir qüvvə onu heç vaxt heç yana əyə bilməsin, heç bir dövlət gəlib bizim, Azərbaycan xalqının milli azadlığını, müstəqilliyini əlindən ala bilməsin. Bunun üçün də hər kəs bu müstəqilliyi qorumaqdan ötrü sadiq olmalı və öz şəxsi mənafeyini milli mənafedən aşağı tutmalıdır. Milli mənafe, dövlət mənafeyi hər şeydən üstün olmalıdır", - deyə Ulu Öndər qeyd edirdi. 1995-ci ildə qəbul olunmuş Konstitusiya Azərbaycan Respublikasının dövlət quruculuğunun əsaslarını formalaşdırdı. Dahi Öndər Heydər Əliyevin müəllifliyi ilə hazırlanmış və ümumxalq səsverməsi nəticəsində qəbul olunmuş bu ali Sənəd müstəqil Azərbaycan Konstitusiyası kimi tarixə yazıldı.

Bu gün Ulu Öndərin müəyyənləşdirdiyi strateji inkişaf kursu, Heydər Əliyev siyasəti və ideologiyası Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir. Azərbaycanın siyasi və iqtisadi müstəqilliyi möhkəmləndirilib, dövlətçiliyi inkişaf etdirilib. Azərbaycan Prezidenti İlham Əliyevin məlum Sərəncamı ilə 2023-cü ilin "Heydər Əliyev İli" elan olundu. Təbii ki, Böyük Şəxsiyyətin milli sərvətimiz olan zəngin və çoxşaxəli irsinin qorunub saxlanılması, öyrənilməsi hər bir azərbaycanlının müqəddəs borcudur.

Prezident İlham Əliyevin rəhbərliyi ilə 30 ilə yaxın işğalda olan torpaqlarımız azad olunub. Mükəmməl texnologiyamız, döyüş ruhumuzun yüksəkliyi, xalq-iqtidar birliyi, həmrəylik Azərbaycanın qalib dövlət kimi adını tarixə yazdı. Münaqişənin Azərbaycanın Qələbəsi ilə başa çatmasından sonra həmin ərazilərdə yenidənqurma və bərpa işlərinə başlanılıb. Əbəs deyil ki, Azərbaycan dünyada yüksək nüfuza sahib olan dövlət kimi tanınır. Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində ölkəmizin beynəlxalq müstəvidə mövqeləri əhəmiyyətli dərəcədə möhkəmlənib. Azərbaycan regional və qlobal əhəmiyyətli enerji, eləcə də nəqliyyat layihələrinin müəllifi və təşəbbüskarı olaraq, dünyada söz sahibinə çevrilib.

İlkin ABBASOV,

Yeni Azərbaycan Partiyası Qax rayon təşkilatının sədr müavini

Digər xəbərlər