Akademik Zərifə Əliyeva aprelin 28- i 1923-cü ildə anadan olub. Bu il Azərbaycan xalqı Zərifə Əliyevanın 100 illik yubileyini qeyd edir.
Tibb İnstitutunu bitirdikdən və Moskva şəhərində Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda Oftalmoloğiya üzrə ixtisaslaşma kursu keçdikdən sonra 1949-cu ildə Azərbaycan Elmi-Tədqiqat Oftalmoloğiya İnstitutunda elmi fəaliyyətə başlayaraq ordinatorluqdan baş elmi işçiliyə qədər yaradıcılıq yolu keçərək böyük mütəxəssis kimi formalaşmışdır.
Elmi fəaliyyətinin ilk dövründə Z.Ə.Əliyeva tərəfindən traxomanın erkən diaqnostikası, müalicəsi və profilaktikasına dair aktual elmi araşdırmalar aparılmışdır.
Z.Ə.Əliyevanın bütün elmi fəaliyyəti tibb elminin nailiyyətlərinin oftalmoloğiyada tətbiqinə yönəlmişdir. Bununla birgə, o həmişə oftalmologiyada kliniki istiqamətin tərəfdarı olmuşdur.
Z.Ə.Əliyeva 60-cı illərdə dünya təcrübəsində birincilər sırasında görmə üzvünün peşə xəstəlikləri problemi üzrə geniş elmi axtarışlara başlamışdır. Sənaye zərərlərinin görmə orqanına toksik təsirinin öyrənilməsinə bir sıra elmi əsərlər həsr edilsə də, kimya istehsalının müxtəlif inqrediyentlərinin görmə orqanlarına təsiri az işıqlandırılmışdır. Kimya istehsalının bəzi yeni sahələri ilə əlaqədar olan peşə xəstəlikləri xüsusilə az öyrənilmişdi. Zərifə xanım Əliyevanın elmi tədqiqatlarının əsas istiqamətlərindən biri də məhz yod və şin sənayesinin zərərli təsirlərindən gözün zədələnməsinin öyrənilməsi olmuşdur. Dünya ədəbiyyatında bu fundamental tədqiqatın analoqu yoxdur. Bü problem üzrə Z.Ə.Əliyevanın elmi tədqiqatlarının nəticələri haqda 30-dan çox elmi işdə dərc olunmuşdur. Qeyd etmək lazımdır ki, Z.Ə.Əliyeva aparılmış elmi axtarışların nəticələrini mütəmadi olaraq tələbələri ilə təhlil edərək, onları elmi məqalə, məruzə və metodik tövsiyə formasında nəşr etdirirdi.
Aparılmış fundamental elmi işlərin nəticələri Zərifə xanımın 1976-cı ildə Helmhols adına Elmi-tədqiqat göz xəstəlikləri institutunda müdafiə etdiyi «Azərbaycanda kimya sənayesinin bəzi müəssisələrində işçilərin görmə üzvünün vəziyyəti» mövzusunda doktorluq dissertasiyasının əsasını təşkil edirdi.
Yaradıcılıq uzaqgörənliyi və həyatın nəbzini düzgün təyin etmək bacarığı Z.Ə.Əliyevaya dünya praktikasında ilk dəfə olaraq istehsalat şəraitində – Bakı məişət kondisionerləri zavodunun sexlərində elmi-tədqiqat laboratoriyasını yaratmağa imkan verdi.
Z.Ə.Əliyeva və onun tələbələrinin elmi fəaliyyətinin xysusiyyətini əməkdaşların möhkəm nəzəri hazırlığı üzərində qurulan klinik təcrübə təşkil edir. Onun çox istiqamətli elmi yaradıcılığı 12 monoqrafiya, 160-dan çox elmi işi, bir ixtira və 12 səmərələşdirici təklifdə öz əksini tapır. Belə çoxşaxəli axtarışları aparmaq məhz Z.Ə.Əliyeva kimi böyük alim və klinisistə qismət ola bilər.
1970-1985-ci illərdə oftolmologiya sahəsində aparılan birgə yaradıcı axtarışların əsası Z.Əliyeva tərəfindən qoyulmuşdur. Alim-oftalmoloqların formalaşması və əməkdaşlığı sahəsində mühüm rolu 1977-ci ildə Zərifə xanımın təşəbbüsü ilə keçirilən oftalmoloqların Ümumittifaq Elmi cəmiyyətinin heyətinin plenumunun keçirilməsi oynadı. Bu yüksək səviyyəli forumda oftalmologiyanın aktual problemlərinin kompleks öyrənilməsi geniş müzakirə olundu.
Z.Ə.Əliyevanın əmək fəaliyyətinin böyük bir hissəsi Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu ilə bağlıdır. Əvvəl o, göz xəstəlikləri kafedrasının dosenti, sonra professoru və ömrünün sonuna kimi müdiri vəzifəsində çalışmışdır.
1977-ci ildə tibb elmləri doktoru Z.Ə.Əliyeva Ə.Əliyev adına Az.DHTİ göz xəstəlikləri kafedrasının professoru seçilir, pedaqoji işlə bərabər daha effektli elmi-tədqiqat işinin təşkilinə böyük enerji ilə başlayır. Belə ki, 1974-cü ildə «Gözün herpetik xəstəliyi» və «Kəskin virus könyüktivitləri» həkimlər üçün dərs vəsaiti kimi dərc olunmuş,1980-cı ildə Z.Ə.Əliyeva tərəfindən üç monoqrafiya çap olunmuşdur: «Rezin istehsalında gözün peşə xəstəliyi», «Gözün hidrodinamik sisteminin anatomo-fizioloji xarakteristikası», «Gözün və göz siniri yollarının yaşla əlaqədar dəyişiklikləri»,1981-ci ildə «Xroniki yod intoksikasiyası zamanı oftalmologiya» monoqrafiyası dərc olunmuşdur.
1980-ci ildə professor Z.Əliyevaya elmi xidmətlərinə və elmi pedaqoji kadrların hazırlanmasına görə «Azərbaycanın əməkdar elm xadimi» fəxri Adı verilmişdir. 1981-ci ildə kimya istehsalında göz zədələnmələrinin profilaktikasının öyrənilməsi üzrə işlərinə, o cümlədən «Rezin istehsalında gözün peşə patologiyası» monoqrafiyasına görə SSRİ elmlər akademiyası tərəfindən Z.Əliyeva akademik M.İ.Averbax adına təqaüdə layiq görülür. Bu professor Z.Əliyevanın elmi xidmətlərinə verilən qiymət idi. 1982-ci ildə professor Z.Əliyevanı Ə.Əliyev adına ADHTİ-nin oftalmologiya kafedrasına kafedra müdiri seçirlər. Onun elmi fikirləri və kompleks elmi tədqiqatları daha geniş vüsət alır. Z.Əliyevanın rəhbərlik etdiyi kafedra və klinika oftalmologiyanın aktual problemlərinin, xəstənin müasir incə klinik müayinə üsullarının işlənib hazırlanması üzrə Azərbaycanın aparıcı mərkəzinə çevrilmişdir.
Z.Ə.Əliyevanın klinikası və kafedrası ilə N.Nərimanov ad.Azərbaycan Dövlət Tibb İnstitutunun digər profilli kafedra və klinikaları, həm də Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutu kollektivləri arasında elmi yaradıcılıq əlaqələri çox məhsuldar olmuşdur. Z.Ə.Əliyeva məktəbinin yetirmələri və davamçıları olan, kafedranın və görmə üzvünün fiziologiyası və peşə patologiyası elmi-tədqiqat laboratoriyasının bütün əməkdaşları elmi yaradıcılıqlarının rəngarəngliyi ilə özlərini istedadlı həmfikirlər və müasirlər kimi göstərirlər.
1982-ci ildə professor Z.Ə.Əliyevanın Moskva alimlərinin əməkdaşlığı ilə «İridodiaqnostikanın əsasları» və «Şəkərli diabet zamanı göz xəstəlikləri» kimi nəhəng işləri çapdan çıxdı.
Professor Z.Ə.Əliyevanın zəkalı elmi-pedoqoji və kliniki təcrübəsi 1983-cü ildə «Oftalmologiyanın aktual problemləri» əsərinin nəşr olunmasına imkan verdi. Bu kitab da «Terapevtik oftalmologiya» kitabı kimi həkimləri təkmilləşdirmə institutunun, tibb institutunun müəllimlərinin və praktik həkimlərin masa üstü kitabıdır.
Professor Z.Əliyeva və onun şagirdlərinin dakriologiyanın mühüm problemlərindən birinin işlənib hazırlanmasında elmi tədqiqatları əhəmiyyətli dərəcədə müvəffəqiyyətlidir.Bu problem üzrə 1983-cü ildə professor Z.Əliyeva və tibb elmləri doktoru professor M.Y.Sultanov tərəfindən hazırlanmış iki monoqrafiya «Gözyaşı axıtmanın fiziologiyası» və «Gözyaşı axıtmanın cərrahi müalicəsinin müasir üsulları» çapdan çıxmışdı.
Z.Ə.Əliyevanın tibb elmindəki böyük xidmətləri 1983-cü ildə onun Azərbaycan elmlər akademiyasına akademik seçilməsinə gətirdi. Z.Ə.Əliyeva bütün ömrü boyu tibb elminin və səhiyyənin ön sıralarında olmuşdur. Oftalmoloqların Ümumittifaq elmi-tibbi cəmiyyətinin və Ümumittifaq «Bilik» cəmiyyətinin İdarə heyyətinin üzvü, Sovetlər birliyində sülhü müdafiə komitəsinin üzvü və Azərbaycan sülhü müdafiə komitəsinin sədr müavini olmaqla «Vestnik oftalmoloqii» jurnalının redaksiya heyyətinə daxil idi.
Tarix bizə bir şəxsin simasında rəhbərlik və elmi tədqiqatçılıq istedadının, tükənməz əməksevərlik və nəzakətliliyin xoşbəxt vəhdətini birləşdirən çox az nümunələr vermişdir. Akademik Zərifə xanım Əliyeva məhz belə bütün keyfiyyətlərə malik olmuşdur. Əlçatmaz yüksəklik, müdriklik, həyatın mənasını dərk etmək məfhumu onda vardır. Qəhrəmanlar böyük elm, mədəniyyət xadimləri əbədi nura qəra olaraq beləcə həyatdan getmişlər.
Yalnız bu fikirlə həyatın sonuna qədər akademik Zərifə xanım Əliyevanın əziz xatirəsini unutmamaqla təsəlli tapırsan. Çünki o sənin dövrünün görkəmli alimi olmuşdur. Təsəlli tapırsan ki, taleyin qisməti ilə onunla birgə işləmək, onu tanımaq, istiedadının qarşısında baş əymək sənə nəsib olmuşdur. Sakitləşirsən ki, yeni nəsillərdə sənin kimi onunla fəxr edəcək.
Elmira Qədimova
YAP Yasamal rayon Tbilisi pr.3165 (Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu) ünvanı üzrə əraz partiya təşkilatının sədri