X Qlobal Bakı Forumu Azərbaycan beynəlxalq nüfuzunun, dünyanı narahat edən ümumbəşəri problemlərin həllinə töhfə vermək niyyətinin daha bir göstəricisidir. Bu forumun tarixi, gündəlikdə olan məsələlərin məzmunu kifayət qədər nüfuzlu və maraqlı bir platforma kimi beynəlxalq aləmdə qəbul edildiyini söyləməyə əsas verir. Azərbaycan Prezidentinin Qlobal Bakı Forumunda verdiyi mesajlar sülh və təhlükəsizlik məsələsinin ölkəmiz üçün son dərəcə vacib olduğunu nümayiş etdirir. Çünki dünyada baş verən mürəkkəb və ziddiyyətli proseslər fonunda dövlətlərarası etimadın gücləndirilməsi əvvəlki dövrlərlə müqayisədə daha böyük aktuallıq kəsb etməyə başlayıb. “Prezident çıxışında vurğuladı ki, biz soyuq müharibənin bitməsindən sonra bu günədək baş vermiş bəlkə də ən ciddi Şərq-Qərb qarşıdurmasının şahidi oluruq. Qeyd etmək istərdim ki, Beynəlxalq münasibətlərin xarakterinə təsir göstərən ən güclü amillərdən biri qarşılıqlı etimaddır. Bu etimadı bərqərar etmək üçün bütün dövlətlər daha məsuliyyətli davranmalı, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Təəssüf ki, bəzən bunun əksi olan addımları da müşahidə edirik. Qlobal Bakı Forumu məhz bu cür məsələlərin açıq müzakirəsinə imkan yaratdığına görə daha çox diqqəti cəlb edir.
Forumda 61 ölkədən 360-a yaxın nümayəndənin iştirak etməsi Prezident İlham Əliyevin təşəbbüsü ilə təşkil olunan bu tədbirin əhəmiyyətinin zaman keçdikcə artdığını göstərir. Dörd ölkənin prezidenti, iki baş nazir, parlament sədrləri, hökumət üzvləri, sabiq dövlət və hökumət rəhbərlərinin, nüfuzlu siyasi xadimlərin iştirakı göstərir ki, Azərbaycan qısa müddət ərzində bütün dünyanın diqqətini cəlb edə bilən çox vacib bir platforma yaratmağa müvəffəq olub. Prezident İlham Əliyevin nitqində Azərbaycan dövlətinin dünyada gedən proseslərə münasibəti, sülh və təhlükəsizlik problemlərinin həllinə dair yanaşması, eləcə də Cənubi Qafqazda sabitliyin təmin olunmasına yönəlmiş siyasətinin bütün elementləri diqqətə çatdırıldı. Bizim ölkəmizin Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələr, bu istiqamətdə bundan sonra görə biləcəyi tədbirlərə dair aydın mesajlar verildi.
Hesab edirəm ki, Qlobal Bakı Forumu Azərbaycanın regional, eyni zamanda, qlobal əhəmiyyətli proseslərdə, beynəlxalq münasibətlər sistemində rolunun daha dolğun təqdim edilməsi baxımından da xüsusi əhəmiyyətə malikdir.
Habelə, İlham Əliyev Qoşulmama Hərəkatını sıfır nöqtəsindən, ətalətdən qlobal təşkilatlanmaya doğru aparan ciddi və nüfuzlu liderdir. Sirr deyil ki, Prezident İlham Əliyevin rəhbərlik dönəminə qədər dünyanın ikinci böyük təsisatı olmasına baxmayaraq, Qoşulmama Hərəkatının fəaliyyətində hansısa fövqəladə, çevik qərarların şahidi olmamışıq. Amma Prezident İlham Əliyev Qoşulmama Hərəkatını faktiki olaraq işlək bir mexanizmə çevirib. Hərəkat pandemiya ilə mübarizədə qlobal səyləri birləşdirdi, postpandemiya və qütblərin toqquşması dövründə yeni çağırışlara isə liderlik edən və təşkilatlanmaya doğru gedən təsisata çevrildi. Təbii ki, ortaya belə bir siyasi-diplomatik performans qoyan təcrübəli liderin ev sahibliyi etdiyi Bakı Qlobal Forumuna marağın artması, gözləntilərin olması başa düşüləndir.
Könül İbrahimova
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin
Fiziologiya İnstitutu üzrə ərazi partiya təşkilatının sədri