2023-сü il mart ayının 9-da Azərbaycan artıq keçirilməsi ənənə halını almış Qlobal Bakı Forumuna onuncu dəfə uğurla ev sahibliyi edib. Nizami Gəncəvi Beynəlxaql Mərkəzinin təşkilatçılığı ilə keçirilən, 61 ölkədən 350-dən artıq nümayəndənin, o cümlədən 50-dən çox hazırki və sabiq prezidentlərin və baş nazirlərin iştirak etdiyi Qlobal Bakı Forumu nüfuzlu beynəlxalq forumlardan birinə çevrilib. Qlobal forumun önəmi ondan ibarətdir ki, bu forumda dünya üzrə yüksək nüfuza sahib olan mötəbər şəxslər iştirak edib. Bu forum bəşəriyyəti narahat edən problemlərlə əlaqədar yeni yanaşma və həll yolları təqdim edən önəmli dialoq platformasıdır.
“Dünya bu gün: Çağırışlar və ümidlər” başlıqlı bu ilki Forumda dünya qarşısında duran mühüm çağırışlar, NATO-nun dayanıqlılığı, iqlim dəyişiklikləri, qlobal istiləşmənin yaratdığı təhdidlər, dünyanın üzləşdiyi təhlükələr, nüvə və ərzaq təhlükəsizliyi, daşımalar və enerji təhlükəsizliyinin təmin olunması və digər məsələlər müzakirə olunub.
X Qlobal Bakı Forumunda çıxış edən Azərbaycan Respublikasının Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvlərini, həmsədrləri xanım Vayra Vike-Freyberq və cənab Serageldinə Mərkəzin inkişafına verdikləri töhfələr, qazandıqları mühüm nailiyyətlərə görə xüsusi minnətdarlığını bildirib, Bakı Qlobal Forumunun iştirakçılarının təmsilçilik səviyyəsinin və intellektual potensialının aparıcı beynəlxalq konfranslara uyğun olduğunu vurğulayıb və qeyd edib ki, Mərkəzin adını daşıdığı dahi Azərbaycan şairi Nizami Gəncəvinin müdrikliyi və istedadı Azərbaycan xalqının istedadını və müdrikliyini təcəssüm etdirir.
Forumda müzakirə ediləcək bir çox mövzularla bağlı öz fikirlərini və bəzi məlumatları bölüşən dövlət başçısı bildirib ki, Azərbaycan 2019-cu ildə öz üzərinə götürdüyü və 120 dövlətin yekdil qərarı ilə sədrlik etdiyi Qoşulmama Hərəkatında sədrliyini başa çatdırmaq üzərədir. Bu müddət ərzində Azərbaycan bir az passiv olan Qoşulmama Hərəkatını canlandırmaq üçün beynəlxalq tədbirlər və üç Zirvə toplantısı təşkil etdi, COVID-19-a dair BMT Baş Assambleyasının Xüsusi Sessiyasının təşkilinin təşəbbüskarı oldu, pandemiya ilə mübarizə sahəsində məlumat bazasının yaradılmasına nail oldu ki, bu baza Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən istifadə edildi. “Biz COVID-19-dan sonrakı dövr məsələsinə diqqət yönəltdik. Bununla yanaşı, biz əksəriyyəti Qoşulmama Hərəkatına üzv olan 80-dən artıq ölkəyə maliyyə və humanitar yardım etdik, Biz koronavirusla mübarizəni dəstəkləmək üçün Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində birbaşa ianə etdik” – deyən dövlət başçısı bu işlərin davam etdiyini bildirmişdir.
Bu gün soyuq müharibənin bitməsindən sonra bu günədək baş vermiş bəlkə də ən ciddi Şərq-Qərb qarşıdurmasının şahidi olduğumuz dönəmdə körpülərin salınmasında, münaqişələrin həllində yeni yanaşmaların formalaşdırılmasında, sülh, əməkdaşlıq, ərazi bütövlüyünə və suverenliyə hörmət, sərhədlərin toxunulmazlığından ibarət Bandunq Prinsiplərinin təmin edilməsində Qoşulmama Hərəkatı mühüm rol oynaya bilər və oynamalıdır.
“Münaqişələrin həlli iki cür olur – dinc yolla və qeyri-dinc yolla” – deyən İlham Əliyev bildirib ki, erməni tərəfinin qeyri-konstruktiv yanaşması səbəbindən Azərbaycanda humanitar fəlakətə səbəb olmuş Ermənistan–Azərbaycan münaqişəsinin dinc yolla həlli mümkün olmadı. Nəticədə, Azərbaycan legitim hüququndan istifadə etdi, öz ərazilərini güc tətbiq etməklə azad etdi. Hazırda 10 min kvadratmetrlərlə ölçülən və tamamilə dağıdılmış böyük ərazidə bərpa-quruculuq işləri gedir.
2020-ci ilin noyabrında müharibə bitdikdən dərhal sonra Azərbaycan tərəfinin sülh danışıqlarına başlamaq üçün təşəbbüs irəli sürdüyünü qeyd edən Prezident İlham Əliyev bildirib ki, müstəqil ölkə olmaq şansını itirən, digər ölkələrin müstəmləkəsinə çevrilən Ermənistan üçün öz qonşuları ilə qonşu kimi davranmaq şansı yaranıb. Yüksək dini və etnik dözümlülüyü ilə seçilən Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin həyatı işğal dövründən fərqli olaraq daha yaxşı olacaq. Azərbaycanın mövqeyi ondan ibarətdir ki, ölkələr arasında mübahisələr beynəlxalq hüquq əsasında həll olunsun, onların ərazi bütövlüyü və suverenliyi güc hesabına dəyişdirilməsin.
Çıxışı zamanı Azərbaycanın enerji siyasəti sahəsində qazanılan uğurlardan, imzalanan mühüm memorandumlardan söhbət açan dövlət başçımız bildirib ki, biz nefti, neft məhsullarını, təbii qazı, elektrik enerjisini, neft-kimya məhsullarını beynəlxalq bazarlara, o cümlədən Avropa bazarlarına ixrac edirik. IX Qlobal Bakı Forumundan indiyədək Azərbaycan dünyanın bir neçə aparıcı enerji şirkətləri ilə müqavilə və anlaşma memorandumları imzalayıb. Bunun nəticəsində Azərbaycanda günəş və külək enerjisindən yaşıl enerji əldə olunacaq ki, bu da Azərbaycanı beynəlxalq yaşıl enerji bazarında vacib təchizatçıya və oyunçuya çevirəcək. Təsadüfi deyil ki, Avropa Komissiyası Azərbaycanı mühüm, etibarlı tərəfdaş ölkə adlandırır.
Günay Məmmədli
YAP Yasamal rayon təşkilatı, “Azərsu” ASC üzrə ərazi partiya təşkilatının sədri