PDF Oxu

Siyasət

  • 2 249

Azərbaycan tarixinin parlaq şəxsiyyəti ŞƏRH

Azərbaycan tarixinin parlaq şəxsiyyəti ŞƏRH

Dünyaşöhrətli siyasətçi, xalqımızın Ümummilli Lideri Heydər Əliyev tarixin yetirdiyi nadir şəxsiyyət olaraq çoxmənalı, mübarizələrlə dolu bir ömür yaşadı. Qeyri-adi uzaqgörənliyi, yüksək rəhbərlik, idarəçilik, təşkilatçılıq bacarığı ilə tarixin ən sərt dönəmlərindən zəfərlə çıxdı. Ən çətin məqamlarda həmişə xalqımızın yanında, önündə oldu. Azərbaycanın varlığı uğrunda mübarizəyə böyük müdriklik və mərdliklə sinə gərdi. Özünün söylədiyi kimi, həyatını xalqına həsr etdi, ona xidmət göstərməkdən yorulmadı. Bu xidməti həmişə özünə şərəf işi, borc bildi.

Bildiyimiz kimi, 2023-cü il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən “Heydər Əliyev ili” elan edilib. Bu il may ayının 10-da Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Dahi Öndər Heydər Əliyev Azərbaycanın Naxçıvan şəhərində dəmiryolçu ailəsində doğulub.1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsində təhsil alıb.

Ulu Öndər Heydər Əliyev 1941-ci ildən Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında şöbə müdiri və Xalq Komissarları Sovetində məsul vəzifələrdə çalışıb, 1944-cü ildən isə dövlət təhlükəsizliyi orqanlarında işə göndərilib. Leninqrad (indiki Sankt-Peterburq) və Moskva şəhərlərində xüsusi ali təhsil alıb, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini bitirib. Dövlət təhlükəsizliyi orqanlarında iyirmi beş il çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədr müavini, 1967-ci ildən sədri vəzifələrində işləyib və general mayor rütbəsinə yüksəlib.

Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında böyük xidmətlərindən söhbət açanda ilk öncə 1969-1982-ci illərə, onun Sovetlər birliyi dövründə respublikamıza rəhbərlik etdiyi vaxtlara nəzər yetirmək vacibdir. Həmin illərdə yaşamış dövlət və sənət xadimləri, təsərrüfat adamları, ziyalılar daim Ulu Öndərimizlə bağlı xatirələrində belə görkəmli şəxsiyyətin müasiri olmaqdan qürurlandıqlarını bildirir və qeyd edirlər ki, onun Azərbaycana rəhbərliyi ölkəmizin tarixində əsaslı dönüş nöqtəsi olub. Azərbaycan xalqının xilaskar oğlu Heydər Əliyevin ikinci hakimiyyət dövrü isə müstəqillik qazandığımız çox çətin və mürəkkəb illərə təsadüf edir. 1990-cı illər Azərbaycanın tarixinə ağır faciələrin yaşandığı bir dövr kimi daxil olub. Həmin vaxt Sovetlər birliyi süqut edəndə 15 ittifaq dövləti sırasında Azərbaycan yeganə ölkə oldu ki, ərazisinin 20 faizi işğal edildi, 20 mindən çox şəhid verdik, 1 milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Sovet rejiminin qəddarlığı sayəsində Azərbaycanda baş verən 20 Yanvar faciəsindən sonra Heydər Əliyev doğulduğu Naxçıvana qayıtdı və burada xalqın iradəsi ilə Ali Məclisə rəhbərlik etməyə başladı. Məhz onun qətiyyəti və fədakarlığı sayəsində bu diyarda ölüm-itki olmadı, insanlar müdrik rəhbərin ətrafında sıx birləşərək onun timsalında xilas yolunu tapdılar. 17 noyabr 1990-cı ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyası keçiriləndə Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə olaraq üçrəngli bayrağımız binanın üzərində dalğalandı. Məhz bu hadisə müstəqillik uğrunda mübarizə tariximizin ən parlaq səhifəsidir və bununla da milli azərbaycançılıq ideologiyasının inkişaf dövrü başlandı. Bayrağımıza, mənəvi dəyərlərimizə sədaqətini ifadə edən Heydər Əliyev fiziki varlığını təhlükə qarşısında qoyaraq öz millətinə xidmət etməyi hər şeydən üstün tutdu, bu yolda heç bir çətinlikdən, qadağadan qorxub çəkinmədi. Yalnız xalqına, millətinə sonsuz sədaqəti, məhəbbəti olan liderlər belə qətiyyətli addımlar atmağa qadirdilər.

Yeni müstəqillik yoluna qədəm qoyan Azərbaycanda dövlətçiliyi qoruyub saxlamaq üçün ölkə rəhbərliyinə təcrübəli, qətiyyətli siyasi liderin gətirilməsi olduqca vacib idi və xalqımız haqlı olaraq böyük oğluna müraciət etdi. Heydər Əliyev milyonlarla insanın arzularını ifadə edərək 1993-cü ildə Bakıya gəldi və onun Azərbaycanda siyasi hakimiyyətinin tamamilə fərqli, həlledici bir dövrü başlandı. Bu illər elə mürəkkəb dövr idi ki, ölkədə anarxiya, xaos baş alıb gedir, sərhəd bölgələrimiz təcavüzkar Ermənistan tərəfindən işğala məruz qalırdı. İqtisadiyyatı dağılmış, ordusunu yaratmağa macal tapmamış bir ölkəyə rəhbərlik etmək, sözün həqiqi mənasında, böyük məsuliyyət tələb edirdi. Məhz Heydər Əliyev belə bir məsuliyyətin öhdəsindən gələ bilərdi və gəldi də.
İlk gündən müdrik rəhbər xalqa arxalandı, xalq da ona dəstək verdi və onun ətrafında həmrəylik nümayiş etdirdi. Heydər Əliyev Azərbaycan gəncliyinə müraciət etdi, Vətənimizin təhlükədə olduğunu izah edərək millətin, dövlətin gənclərə də güvəndiyini bildirdi. Bu çağırışdan ruhlanan yüzlərlə, minlərlə gəncimiz silaha sarılıb müharibəyə yola düşdü. Artıq hər kəs bilirdi ki, dövlətin rəhbərliyi etibarlı əllərdədir və ordu müdrik sərkərdənin komandanlığı ilə idarə olunur. Həmin illərdə hərbi məhkəmə sistemində çalışan təcrübəli hakimlərdən biri deyirdi ki, Heydər Əliyevin ordu quruculuğunda qısa zamanda həyata keçirdiyi islahatlar kütləvi cinayət hallarının, xüsusən də fərarilik kimi qatı cinayətin qarşısını aldı. Məhz dövlət başçısının təşəbbüsü ilə Milli Məclis bir neçə dəfə Amnistiya aktı qəbul etdi və minlərlə gənc həbsxanadan azadlığa qovuşdu. Sonradan onların bir çoxu öz günahlarını qanları ilə yudu, Vətənimizin düşməndən qorunması uğrunda döyüşlərdə iştirak etdi. Bax, budur, xalqa rəhbərlik nümunəsi, humanizm dəyərlərinə sədaqət, bağışlamaq və etibar etmək təcrübəsi.

Ulu Öndər Heydər Əliyevin hakimiyyətə ikinci qayıdışı hər il respublikamızda iyunun 15-i Milli Qurtuluş Günü kimi qeyd olunur. Cəmiyyətin bütün təbəqələrinin nümayəndələri müasir Azərbaycanda sabitliyin, iqtisadi inkişafın, sosial rifahın, milli həmrəyliyin əsasının qoyulduğu Qurtuluş gününü fərəh və məmnunluq, həmçinin minnətdarlıq hissi ilə qeyd edir. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövr ərzində daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərinin taleyi üçün düşündüyü doğma vətənini zamanın ağır və sərt sınaqlarından çıxarıb. O, bütün varlığı ilə xalqının mənafelərini daim önə çəkərək və respublikamızın inkişafı üçün malik olduğu bütün imkanlardan istifadə etməyi bacarıb.Azərbaycanın xoşbəxtliyi ondadır ki, ölkəmizdə Ulu Öndərin əsasını qoyduğu siyasi kurs son 20 ildə Prezident İlham Əliyev tərəfindən eyni ardıcıllıqla davam etdirilir. Son illərdə dünyada ən yaxşı iqtisadi inkişaf göstəricilərindən biri məhz Azərbaycanda qeydə alınıb. Qlobal reytinq agentlikləri, o cümlədən Davos İqtisadi Forumu, Dünya Bankı Milli iqtisadiyyatımızın durumu və perspektivləri ilə bağlı müsbət rəylər ifadə ediblər. Respublikamızın iqtisadi, maliyyə potensialının genişlənməsi ilə paralel şəkildə, beynəlxalq nüfuzu da əhəmiyyətli dərəcədə artıb. Qısa müstəqillik tarixində Azərbaycan dünyanın 155 ölkəsinin dəstəyini qazanaraq 2012-2013-cü illərdə BMT TŞ-nın qeyri-daimi üzvü seçilib. Hazırda respublikamız Türk Şurasına, sıralarında 120 dövləti birləşdirən Qoşulmama Hərəkatına inamla sədrlik edir ki, bu da ölkəmizə beynəlxalq miqyasda böyük inam bəslənildiyinin təsdiqidir. Bu gün Azərbaycan yeni neft strategiyasının uğurla reallaşdırılması sayəsində bölgənin enerji xəritəsini tamamilə dəyişməyə nail olub, həmçinin Avropanın enerji təhlükəsizliyində böyük çəkiyə malik bir ölkəyə çevrilib. Zəruri infrastrukturun yaradılması sayəsində Azərbaycanın istər Şimal-Cənub, istərsə də Şərq-Qərb nəqliyyat dəhlizində strateji məntəqə kimi rolu əhəmiyyətli dərəcədə artıb.Müasir müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurlu inkişaf edir, ardıcıl nailiyyətlər qazanaraq yeni zirvələrə doğru irəliləyir.

Fuad Şıxəliyev,

Zəngilan rayon Statistika İdarəsinin rəisi

Digər xəbərlər