PDF Oxu

Siyasət

  • 2 667

Tarixi reallıqlar yaradan strateji müttəfiqlər TƏHLİL

Tarixi reallıqlar yaradan strateji müttəfiqlər TƏHLİL

Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyinin gücü bölgədə ədalətli sülhün qarantıdır"

Azərbaycan və Türkiyə arasında əlaqələrin yüksək səviyyədə inkişafı dövlətlərarası, eləcə də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Siyasi, iqtisadi, enerji, nəqliyyat – bütün sahələrdə çox böyük nailiyyətlər əldə edilib. Müasir dövrümüzdə Türkiyə və Azərbaycanın təşəbbüsü ilə ölkələrimiz və bütövlükdə bölgə üçün önəmli mühüm layihələr icra olunur. İkitərəfli münasibətlər, həyata keçirilən tədbirlər, imzalanan müqavilələr xüsusi mərhələnin əsasını qoyub. Ölkəmizin regional iqtisadi əməkdaşlığa verdiyi böyük əhəmiyyət və trans-regional infrastruktur layihələrində fəal iştirakının nəticəsi olaraq, iki ölkə arasında beynəlxalq əhəmiyyətli bir sıra regional layihələr həyata keçirilib. Azərbaycan Prezidenti İlham Əliyevin "Mərmərə Qruppu" Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə gerçəkləşdirilən XXVI Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarına müraciətində qeyd etdiyi kimi, "Bu gün Azərbaycan və Türkiyə iki qardaş ölkə və strateji müttəfiqlər kimi regionda yeni tarixi reallıqlar yaradır, birgə qərarlar, müştərək qlobal layihələr vasitəsilə Avrasiya məkanında sülhə, təhlükəsizliyə, əməkdaşlığa davamlı töhfələr verir. Azərbaycan-Türkiyə birliyinin gücü bölgədə ədalətli sülhün qarantıdır. Ölkələrimiz eyni zamanda Avropanın enerji təhlükəsizliyinin təminatında strateji rol oynayan etibarlı tərəfdaşlardır." Görülən işlər, həyata keçirilən tədbirlər iki dövlət arasında əlaqələrin gücləndirilməsinə təkan verməklə yanaşı, Azərbaycanın rifahı və gələcək inkişafında önəmlidir.

BİRGƏ FƏALİYYƏT AVRASİYADA SİYASİ VƏ İQTİSADİ ƏHƏMİYYƏTLİ İNTEQRASİYAYA TÖHFƏ VERƏCƏK

Ulu Öndər Heydər Əliyev tərəfindən möhkəm özüllər üzərində qoyulmuş dostluq və qardaşlıq münasibətləri Prezident İlham Əliyevin siyasi xəttinin prioritetini təşkil edir. Ulu Öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" fəlsəfəsi ilə əsaslı təmələ sahib olan, tarixi köklərə və qardaşlığa söykənən, hər zaman həmrəylik nümayiş etdirən Azərbaycan və Türkiyə arasında əlaqələr siyasi, iqtisadi-ticarət, humanitar, hərbi və digər sahələrdə uğurla davam edir. "2023-cü il Azərbaycan-Türkiyə sarsılmaz birliyinin tarixində Türkiyə Respublikasının yaradılmasının və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlamətdardır. Cümhuriyyətin qurucusu Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri isə bizim kədərimizdir" və Heydər Əliyevin "Bir millət iki dövlət" fəlsəfələri əsasında qurulmuş dövlətlərarası münasibətlərimiz bu gün bütün dünya üçün örnəkdir. Əminəm ki, qardaş xalqlarımızın iradəsi ilə ən yüksək zirvədə qərarlaşmış Azərbaycan-Türkiyə münasibətləri yeni nailiyyətlərlə daha da möhkəmlənəcək, birgə fəaliyyətimiz beynəlxalq əhəmiyyətli təşəbbüsləri reallığa çevirərək Avrasiyada siyasi və iqtisadi əhəmiyyətli inteqrasiya prosesinə töhfə verəcəkdir", - deyə Prezident bildirib.

"GÜCLÜ VƏ QÜDRƏTLİ TÜRKİYƏNİN BU ÇƏTİNLİKLƏRİN DƏ ÖHDƏSİNDƏN MƏTİNLİKLƏ GƏLƏCƏYİNƏ ƏMİNƏM"

Türkiyə qardaş, dost ölkə olaraq hər zaman Azərbaycanın yanında olduğu kimi, Azərbaycan da təbii fəlakət zamanı dost, qardaş ölkənin yanında oldu. Türkiyədə baş vermiş güclü zəlzələ hər kəsi sarsıtdı. 44 günlük Vətən müharibəsində ilk günündən sonuna qədər "Can Azərbaycan" deyib, yanımızdan bir an belə kənarlaşmayan qardaş Türkiyə mənəvi dəstəyi, gücü ilə dünyaya səc saldı. Türkiyə istənilən vəziyyətdə qardaş dediyi ölkənin - Azərbaycanın yanında oldu. Qələbə sevincimizi birgə yaşadıq və bu gün Azərbaycanın işğaldan azad olunan ərazilərində Azərbaycan və Türkiyə bayraqları qoşa dalğalanır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 6-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edərək Türkiyədə baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla bağlı xəbərin Azərbaycanı çox sarsıtdığını və kədərləndirdiyini bildirmişdi. Dövlətimizin başçısının tapşırığına əsasən, xilasedici heyət, ehtiyac duyulan ləvazimatlarla bağlı yardım da qardaş ölkəyə göndərildi. Qardaş Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin yardımlarından ibarət təyyarələr qardaş ölkəyə yola salındı.
Azərbaycanın Birinci Xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, Türkiyəyə Heydər Əliyev Fondunun da humanitar yardım təyyarəsi göndərildi. Fondun qardaş ölkəyə ezam olunan əməkdaşları zəlzələdən zərər çəkmiş şəxslər üçün müxtəlif dərman preparatları, tibbi ləvazimat və avadanlıqlar, isti geyimlər çatdırdılar. "Builki toplantı qardaş Türkiyə üçün ağrılı bir dövrə təsadüf edir. Zəlzələ qurbanlarının xatirəsini böyük kədər hissi ilə anır, Azərbaycan xalqının və dövlətinin hər zaman olduğu kimi bu ağır günlərdə də qardaş Türkiyənin yanında, bir ürək, bir yumruq kimi birləşdiyini bildirirəm, - deyən Cənab Prezident qeyd edib ki, ilk gündən bütün səviyyələrdə Türkiyə ətrafında səfərbər olan, yüksək həmrəylik nümayiş etdirən Azərbaycan fəlakətin nəticələrinin aradan qaldırılması prosesinə bundan sonra da dəstəyini göstərəcəkdir: "Güclü və qüdrətli Türkiyənin bu çətinliklərin də öhdəsindən mətinliklə gələcəyinə əminəm".

"GÜVƏNSİZLİYİ BİTİR, İŞBİRLİYİNƏ BAŞLA!"

Əlbəttə ki, təbii hadisələrdə heç bir dövlət sığortalanmayıb. "İnsan iradəsindən kənar baş verən təbii fəlakətlər fərdlərin, xalqların, dövlətlərin bir-birinin dəstəyinə, həmrəyliyinə nə qədər ehtiyacı olduğunu bir daha nümayiş etdirir", - deyə bildirən Azərbaycan Prezidenti bu baxımdan "Güvənsizliyi bitir, işbirliyinə başla!" devizi altında keçirilən builki Avrasiya İqtisadi Zirvə Toplantısının mühüm rəmzi mənası olduğunun diqqətə çəkib: "Təəssüflər olsun ki, bu gün dünyada dövlətlərarası münasibətləri tənzimləməli olan mexanizmlər zəifləmiş, beynəlxalq hüququn aliliyinə inam azalmışdır. Müharibələr, geosiyasi münaqişələr, bütün bunlarla eyni zamanda baş verən enerji böhranı beynəlxalq münasibətlər sisteminin tənəzzülünün nəticələridir. Bu yeni qlobal konfiqurasiya daxilində mümkün nizamın qorunmasında, qarşılıqlı əməkdaşlığın və dayanıqlı inkişaf mühitinin təmin olunmasında Türkiyə kimi nüfuzlu və öz mövqeyində qətiyyətli dövlətin rolu müstəsna əhəmiyyət daşıyır. İnanıram ki, bu mötəbər tədbir çərçivəsində aparacağınız müzakirələr böyük bir coğrafiyanı əhatə edən ölkələr arasında tərəfdaşlıq münasibətlərinin dərinləşməsi, bəşəriyyətin rifahı naminə yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi üçün faydalı olacaqdır".

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər