PDF Oxu

Siyasət

  • 3 063

Beynəlxalq əhəməiyyətli Forum ŞƏRH

Beynəlxalq əhəməiyyətli Forum ŞƏRH

Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu siyasi kursu zəmanənin tələblərinə uyğun olaraq davam etdirən Prezident İlham Əliyevin sayəsində bu gün ölkəmiz dünyada yüksək nüfuz sahibinə çevrilmiş, dünya dövlətləri tərəfindən etibarlı, mühüm tərəfdaş, sözü imzası qədər kəsərli olan ölkə kimi qəbul edilir. Dövlətimizin başçısının düşünülmüş, mükəmməl diplomatik addımları dövlətimizin həm regional, həm də dünya miqyaslı gücünü artırmaqdadır. Prezident İlham Əliyevin beynəlxalq aləmdə qəbul edilən nüfuzu, Azərbaycanın mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ölkəmizin nüfuzunun və qüdrətinin təzahürüdür. Bu, bir reallıqdır ki, artıq Azərbaycan qlobal problemlərin həlli yollarını araşdıran, müzakirə edən məkana çevrilib.

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 9-da “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu işə başlamışdır. Forumda 4 prezident, 2 baş nazir, 6 spiker və nazir, BMT-nin 5 qurumunun rəhbərlikləri, 25 sabiq prezident, 21 sabiq baş nazir, 23 ölkənin xarici işlər nazirlərinin müavinləri olmaqla, ümumilikdə 61 ölkədən 360-dək nümayəndə iştirak edib.

Dövlət başçımız Forumun açılış mərasimində iştirak etmiş, geniş nitq söyləmişdir. Mərasimdə çıxış edən Prezident İlham Əliyev mühüm məqamlara toxunmuş, bir daha Azərbaycan həqiqətlərini, mövcud reallıqları Forum vasitəsi ilə Beynəlxalq aləmin diqqətinə çatdırmış, çox ciddi mesajlar vermişdir.

Dövlətimizin başçısı çıxşında Azərbaycanın Qoşulmama Hərəkatının sədrliyi müddətində görülən işlərdən, irəli sürdüyü təşəbbüslərdən söhbət açdı. Azərbaycanın əksəriyyəti Qoşulmama Hərəkatına üzv olan 80-dən artıq ölkəyə maliyyə və humanitar yardım göstərdiyini, Koronavirusla mübarizəni dəstəkləmək üçün Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində birbaşa ianə edilmiş olduğunu diqqətə çatdırdı. 2019-cu ildə öz üzərinə götürdüyü və 120 dövlətin yekdil qərarı ilə daha bir il - 2023-cü ilədək uzadılmış sədrliyinin başa çatdığını bildirdi.

Mövzusundan asılı olmayaraq bu günə qədər bütün Beynəlxalq Forumlarda, tədbirlərdə Ermənistanın işgalçılıq, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti apardığını diqqətə çatdıran Prezident cənab İlham Əliyev bu mötəbər Forumda da bir daha bu mövzunu gündəmə gətirdi, Ermənistanın azərbaycanlıları Qarabağdan sürgün saldığını və bir milyon azərbaycanlıya əzab-əziyyət verdiyini diqqətə çatdırdı.

Dövlətimizin başçısı qeyd etdi ki, münaqişəni dinc yolla həll etmək və erməni qoşunlarının Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini icra etmək üçün Ermənistanı inandırmaq cəhdlərimizə baxmayaraq, Ermənistan, sadəcə, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymadı və beynəlxalq hüquqa, beynəlxalq ictimaiyyətə hörmətsizlik göstərdi. ATƏT- in Minsk qrupunu yarıtmaz fəaliyyətindən bəhs edən Prezidentimiz 28 il ərzində bu qurumun hər hansı nəticəyə nail olmadığını bildirdi. Azərbaycanın hər zaman sülh istədiyini vurğulayan cənab İlham Əliyev bir daha qeyd etdi ki, Azərbaycan hər hansı digər müharibəni istəmir.

Dövlətimizin başçısı Qarabağda yaşayan erməni əhalisinin hüquqları və təhlükəsizliyindən bəhs etdi və bildirdi ki, Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin həyatı işğal dövründən fərqli olaraq daha yaxşı olacaq. Prezident İlham Əliyev Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındakı rolundan bəhs edərək, Azərbaycan Avropaya öz təbii qaz təchizatını və ümumi qaz ixracını xeyli artırdığını vurğuladı. Dövlətimizin başçısı onu da qeyd etdi ki, IX Qlobal Bakı Forumundan indiyədək Azərbaycan dünyanın bir neçə aparıcı enerji şirkətləri ilə müqavilə və anlaşma memorandumları imzalayıb. Bunun nəticəsində Azərbaycanda günəş və külək enerjisindən 25 meqavat həcmində yaşıl enerji əldə olunacaq. Beləliklə, martın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə altmış ölkədən 350 iştirakçının, o cümlədən 50-dən artıq hazırki və sabiq prezident, baş nazirin qatıldığı Bakı Forumu qlobal problemlərin həllinin araşdırılması üçün son dərəcə uğurlu platforma kimi dünyanın diqqət mərkəzində oldu.

Sahib Şükürov

Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının sədri

Digər xəbərlər