PDF Oxu

Siyasət

  • 2 260

Azərbaycan-Almaniya münasibətlərində yeni hədəflər TƏHLIL

Azərbaycan-Almaniya münasibətlərində yeni hədəflər TƏHLIL

Prezident İlham Əliyev: "Azərbaycan Avropaya təkcə təbii qaz yox, yaşıl enerjini də ixrac edən ölkəyə çevriləcəkdir"

Azərbaycanın Avropada ən vacib siyasi-iqtisadi tərəfdaşlarından biri olan Almaniya əlverişli coğrafi mövqeyinə, zəngin təbii resurslarına və demokratik inkişaf səviyyəsinə görə Cənubi Qafqazın lider dövlətinə çevrilmiş ölkəmizlə əməkdaşlığın daha da dərinləşməsinə maraq göstərir. Etibarlı tərəfdaş kimi münasibətlərin ildən-ilə inkişaf etdirilməsində dövlət başçılarının qarşılıqlı səfərləri önəmlidir. Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra ölkəmizlə Almaniya arasında diplomatik münasibətlər qurulmuşdur. Ötən müddət ərizində, diplomatik münasibətlərin yaranmasından sonra Azərbaycan və Almaniya arasında əlaqələr mütəmadi olaraq inkişaf edib. Prezident Heydər Əliyevin 1-4 iyul 1996-cı il tarixdə Almaniya Prezidenti Roman Hersoqun dəvəti ilə bu ölkəyə rəsmi səfəri zamanı ölkələr arasındakı əməkdaşlığın xüsusiyyətləri aydın şəkildə müzakirə edilib, siyasi, iqtisadi və elmi texniki əməkdaşlıq sahəsində beş müqavilə imzalanıb. Keçən illər ərzində Almaniya ilə Azərbaycan arasında müdafiə, siyasi təhlükəsizlik, terrorizmə qarşı mübarizə sahəsində uğurlu əməkdaşlıq aparılıb. Ulu Öndərin siyasi kursunun davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev 24-26 avqust 2004-cü ildə Almaniya Prezidentinin dəvəti ilə bu ölkəyə rəsmi səfər edib və ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafı, qarşılıqlı siyasi əlaqələrin vəziyyəti, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Bu və ya digər rəsmi səfərlər ölkələr arasında olan əlaqələrin möhkəmlənməsinə təsirini göstərib. Ölkəmizin Avropanın enerji təminatının şaxələndirilməsində, TAP, TANAP kimi nəhəng enerji layihələrinin həyata keçirilməsində, eləcə də "Şərq tərəfdaşlığı" Proqramında mühüm rol oynaması əlbəttə ki, Almaniyanın ölkəmizə marağının artmasında rol oynayıb. Həm Almaniya, həm də Avropa İttifaqı üçün tərəfdaş olan Azərbaycan Almaniyanın və Avropa İttifaqının enerji təchizatı üçün böyük potensiala malik olan ölkəyə çevrilib.

"MƏNİM SƏFƏRİM BİZİM İKİTƏRƏFLİ MÜNASİBƏTLƏRİMİZƏ ÇOX BÖYÜK TÖHFƏ VERƏCƏKDİR"

Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya işgüzar səfəri əlaqələrin davamlığının təzahürüdür. Səfər çərçivəsində ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi haqqında fikir mübadiləsi aparılıb. Azərbaycan Prezidenti İlham Əliyev martın 14-də Berlində Almaniya Kansleri Olaf Şolts ilə mətbuata bəyanatında bildirdiyi kimi, "Səfər zamanı apardığımız danışıqlar bir daha onu göstərir ki, Almaniya-Azərbaycan əlaqələri yüksək səviyyədədir. Siyasi dialoq müntəzəm olaraq aparılır və əminəm ki, mənim səfərim bizim ikitərəfli münasibətlərimizə çox böyük töhfə verəcəkdir."

Səfər çərçivəsində bir çox məsələlər müzakirə olunub. 30-a yaxın almaniyalı iş adamı ilə Cənab Prezidentin görüşü əlaqələrin daha da möhkəmlənməsinə töhfəsini verəcəkdir. Görüşdə iqtisadi sahədə, o cümlədən sənaye, nəqliyyat, enerji, kənd təsərrüfatı, təhsil, texnologiyalar və digər sahələrdə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb. "İki saata yaxın davam edən bu görüşdə Azərbaycana, Azərbaycan iqtisadiyyatına, imkanlara Almaniya biznesi tərəfindən böyük diqqətin şahidi oldum. O cümlədən bərpaolunan enerji növlərinin birgə işlənməsi və istismarı istiqamətində çox gözəl imkanlar var, bu barədə də bu gün biz fikir mübadiləsi apardıq. Azərbaycanın çox geniş bərpaolunan enerji potensialı var. Təkcə Xəzər dənizinin külək enerji potensialı 157 qiqavata bərabərdir və artıq bir neçə kontrakt imzalanıb. Əminəm ki, gələcəkdə Azərbaycan Avropaya təkcə təbii qaz yox, yaşıl enerjini də ixrac edən ölkəyə çevriləcəkdir", - deyə Azərbaycan Prezidenti bildirib.

"CƏNUBİ QAFQAZDA SÜLH VƏ ƏMƏKDAŞLIQ DÖVRÜ BAŞLAYACAQDIR"

Səfər çərçivəsində regional təhlükəsizlik məsələləri də müzakirə edilib. 30 ilə yaxın erməni işğalına məruz qalmış Azərbaycanın 20 faizə yaxın torpağı işğal altına düşdü. 44 günlük Vətən müharibəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etdi. "Ermənistanı məğlub etdik və məcbur etdik ki, Ermənistan bizim torpaqlarımızdan çıxsın. Beləliklə, 28 il ərzində BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini icra etməyən Ermənistan cəmi 44 gün ərzində öz məğlubiyyəti ilə barışmalı olmuşdur", - deyən Cənab Prezident bildirib ki, 2019-cu ildə Ermənistanın bugünkü baş naziri demişdi ki, "Qarabağ Ermənistandır və nöqtə" və bu, faktiki olaraq sülh danışıqlarına vurulan ən böyük zərbə idi: "44 günlük Vətən müharibəsi zamanı biz sübut etdik ki, Qarabağ Azərbaycandır və nida işarəsi. Biz bu nida işarəsini 2020-ci il noyabrın 8-də Şuşada qoyduq". İndi isə sülhün zamanının çatdığını bildirən Cənab Prezident Azərbaycanın Ermənistana sülh təklif etdiyini və 5 prinsip əsasında sülh müqaviləsini təklif etdiyini söyləyib: "Ümid edirəm ki, Ermənistan bu şansı qaçırmayacaq, nəhayət Cənubi Qafqazda sülh və əməkdaşlıq dövrü başlayacaqdır".

Azərbaycan Prezidenti İlham Əliyev Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü zamanı "Biz Azərbaycan və Ermənistan arasında münasibətlərin sülh yolu ilə həllinə töhfə vermək üçün əlimizdən gələni edəcəyik", - deyə Prezident bildirib: "Hesab edirəm ki, razılaşma əldə etmək üçün yaxşı şans var, xüsusən də ötən ilin oktyabrında Soçidəki görüşlərdən sonra Ermənistanın və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdığı bir zamanda. Bu sazişi gec-tez imzalamaq yaxşı fikirdir. Biz beynəlxalq hüquqa əsaslanan və bizim mövqeyimizə görə sülh sazişinin əsasını təşkil etməli olan beş prinsip işləyib hazırlamışıq".

Cənab Prezident Ermənistanın üçtərəfli Bəyanata əsasən Zəngəzur dəhlizinin açılması ilə bağlı üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyini də diqqətə çəkib. Laçın yolunun son nöqtəsində, Azərbaycan və Ermənistan sərhədində Azərbaycanın müvafiq sərhəd-keçid məntəqəsinin yaradılması ilə bağlı təklifi barədə məlumat verən dövlətimizin başçısı Zəngəzur dəhlizinin fəaliyyətə başlaması ilə region üçün yeni nəqliyyat dəhlizinin formalaşmasına imkan yaranacağını vurğulayıb. Prezident İlham Əliyev Azərbaycanın hazırda öz ərazisində dəmir yollarının və avtomobil yollarının qurulması üzrə işləri sürətli şəkildə davam etdirdiyini bildirib. "Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanma prosesini, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin missiyasını, Brüssel sülh gündəliyini dəstəkləyir. Məhz bu əsnada aparılan görüşlərdə, qəbul edilən bəyanatlarda sülh müqaviləsinin və sülh gündəliyinin platforması müəyyən olunub", - deyən Prezident qeyd edib ki, beş prinsipi özündə əhatə edən sülh müqaviləsinin imzalanması ilə bağlı təşəbbüs, məhz Azərbaycan tərəfindən irəli sürülüb və iki ölkə arasında sülh müqaviləsi bu prinsiplər əsasında imzalana bilər. Azərbaycanın mövqeyinin iki yanaşmadan ibarət olduğunu bildirən Prezident İlham Əliyev deyib ki, birinci yanaşma Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması, ikinci yanaşma isə Azərbaycanın Qarabağın erməni sakinləri ilə dialoqun həyata keçirilməsidir. Qarşılıqlı anlaşma, hörmət və etimad şəraitində keçən görüşlər bir daha onu göstərir ki, Almaniya Azərbaycanla əlaqələrini inkişaf etdirməkdə maraqlıdır və dövlət başçısının bu səfəri Azərbaycan-Almaniya münasibətlərində yeni səhifə açacaqdır.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər