“Fransa müstəmləkəçilik siyasətindən əl çəkmir və xırda xalqların yer üzündən silinməsi siyasətini davam etdirir. Fransada 350 min korsikalının öz ana dilində yazmağı və danışmağa qadağan olunması insan haqlarının və hüquq-azadlıqlarının kobud şəkildə pozulmasıdır. Bu, həm də Fransada ayrı-seçkiliyin hökm sürməsinin davam etməsinin göstəricisidir”. Milli Məclisin deputatı Azər Badamov “Səs” qəzetinə açıqlamasında bildirdi.
Onun sözlərinə görə, Fransa öz ərazisindəki kiçik xalqları boğduğu halda utanmadan Azərbaycanın ərazisində məskunlaşmış 20 minə yaxın erməninin müdafiəsinə qalxması ədalətsizliyin və ikili standartların göstəricisidir: “Fransanın, ümumiyyətlə, ermənilərin hüquqlarından danışmağa haqqı yoxdur. Çünki Fransanın balaca xalqlara olan münasibətindən fərqli olaraq ölkəmizdə ermənilərə erməni dilində danışmağına heç bir qadağa yoxdur. Azərbaycan dövləti ölkənin gələcəyini ərazisində yaşayan bütün xalqların dilinin, mədəniyyətinin və adət-ənənələrin inkişafında görür. Azərbaycanda multikulturalizm və tolerantlıq dövlət siyasətidir, həyat tərzidir. Ölkə başçımız beynəlxalq tədbirlərdə yeni dünya nizamının qurulmasının vacibliyini dəfələrlə bəyan etmişdir. Bu gün dünyada ədalətsizliyin hökm sürməsi və iri güclər hesab edənlər balaca ölkələri öz maraqlarına tabe etdirmək siyasətini dərinləşdirilməsi nəticəsində dünya üçüncü dünya müharibəsi təhlükəsi ilə qarşılaşmışdır”.
A.Badamov onu da bildirdi ki, təhlükələrin aradan qaldırılması üçün BMT TŞ-sı yenidən formalaşmalıdır: “Dünya nizamında baş verən ədalətsizliklər Qoşulmama Hərəkatının sədri ölkəsinin, Afrikanın nümayəndəsinin və müsəlmanların təmsilçisinin BMT TŞ-da təmsil olunması vacib edir. Qoşulmama Hərəkatının sədri ölkəsi kimi Azərbaycan Fransa dövlətinin korsikalılara qarşı ədalətsiz mövqeyini BMT səviyyəsində müzakirəyə çıxarmalı olduğunu hesab edirəm. Fransa əvvəlcə özlərinin əsarəti altında saxladıqları xalqların azadlıqlarını tanımalı və sonra da dünyada ədalətin bərpasından danışmalıdır. Əks halda, Fransanın BMT TŞ-da fəaliyyətinin davam etdirilməsinə heç bir haqqı olmamalıdır”.
GÜLYANƏ