PDF Oxu

Siyasət

  • 1 676

Təbabətin bu gününün qısa icmalı KÖŞƏ

Təbabətin bu gününün qısa icmalı KÖŞƏ

Çox yazılarımda haqqında söz açdığım Şükür kişinin bir maraqlı kəlamı da varıdı. Su cuvarı olan, əlinin qabarı ilə on bir baş ailəni dolandıran bu “savadsız” kişi deyərdi ki, keçmişdə pensilin, aspirin yoxudu, adamlar 100-150 il ağrısız-acısız yaşayardı. İndi gündə bir dərman çıxır, amma 60 yaşından sonra adamlar yerindən tərpənə bilmir...
Şükür kişinin bu deyimini də o zamanlar uşaq ağlımızla bir qulağımızdan alıb o biri qulağımızdan buraxmışdıq havaya. Amma bir qulaqdan o biri qulağa keçəndə yolüstü alt şüurumuzda iz qoyub və yaşa dolduqca onun bu deyiminin də fəlsəfəsinə varmaq istədim. Doğrudan da, min illər əvvəl indiki təbabət elmindən əsər-əlamət belə olmadığı halda necə olurdu ki, insanlar yüz ildən çox yaşayırdılar və tarixdən bilirik ki, 80-90 yaşlarında qılınc sivirib düşmənlə üz-üzə döyüşürdülər? İndi isə 60-65 yaşda insan nəinki döyüş neydanına atıla, heç yerində rahat otura da bilmir. Belə çıxmırmı ki, indiki təbabət elmi insanların sağlamlığına deyil, qeyri-sağlamlığına xidmət edir?
Moskvada tibb fakültəsini birtirmiş, müasir təbabət elminə dərindən vaqif olan, sonradan bir müddət Çində Tibet müalicə sistemi ilə məşğul olan və hazırda özünün müalicə üsulu ilə xəstələri dərmansız-flansız müalicə edən bir həkim dostumun sadə və maraqlı sphbəti var. Deyim siz də bilin.. Həkim dostum hər kəsin anladığı çox sadə formada insan bədənini bir cəmiyyətlə, dövlətlə müqayisə edir. Onun izahına görə hər bir insan orqanizmi bir dövlət kimidir. Onun düşünən başı, işləyən, döyüşən əlləri, qolları, hərəkətverici qüvvəsi ayaqları olduğu kimi, orqanizmi idarə edən müxtəlif funksiyalı orqanları var: ürək, böyrək, ağ ciyər, qara ciyər və s. Bütün bunlarla yanaşı bir də müdafiə sistemi və dövlətlərdəki xüsusi xidmət qurumlarına bənzər bir orqan da var. Bu orqan alt şüurdu. Alt şüur bədənin bütün orqanlarını nəzarətdə saxlamaqla, üst şüurdakı müdafiə sistemi ilə əlaqəlidir. Cəmiyyətdə yad ünsürlər peyda olanda xüsusi xidmət orqnı onu müyyənləşdirib müdafiə sisteminə xəbər verdiyi kimi, alt şüur da bədənə daxil olan yad cisimləri, yəni virusları dərhal müəyyənləşdirib, alt şüura xəbər verir. O da hər orqan üzrə olan müdafiə ordusunun içindən həmin orqana cavabdeh olan “alay”a əmr verir və ordu dərhal hücum çəkib həmin virusu məhv edir və ya orqanizmdən xaric edir. Çox sadə, bəsit formada, hər kəsin anladığı dildə insan orqanizmini təhlil edən həkim dostum bütün bunlardan sonra deyir: indiki təbabət elmi ağrıkəsicilər, antibiotiklər vasitəsilə orqanizmin müdafiə və xüsusi xidmət sisteminin, yəni alt şüurun və antivirus qüvvələrinin fəliyyətini dondurur, nəticədə ağrılar keçir, amma virus orqanizmdə qalır, qidalanır, inkişaf edir, ən sonda insan bədənini məhv edir.
Bilmirəm, ola bilsin ki, bugünkü təbabət elminin əsirinə çevrilmiş həkimlərimiz mənim, əslində həkim dostumun bu fikirləri ilə razılaşmasın. Bu da onların öz işləridir. Amma, Şükür kişi demiş, təbabət elmi inkişaf etdikcə insanların sağlam yaşama ömürlərinin qısalmasını kimsə inkar edə bilməz və bu, bütün bəşəriyyətin müşahidə etdiyi faktdır. Bu mənada problem bir ölkənin, bir cəmiyyətin deyil, bütün bəşəriyyətin problemidir. Ancaq öz ölkəmiz daxilində nələrsə etmək mümkündür və məncə təbiblərimiz, loğmanlarımız bu barədə düşünsələr, pis olmaz. Televiziyalarımızda bir vaxtlar müğənnilər, sonralar şadlıq evləri reklam siyahısında liderlik edirdisə, bu gün qeyd-şərtsiz bu liderlik həkimlərimizə məxsusdur. Yaxşı həkimin reklama ehtiyacı olmadığı fikrini birmənalı qəbul etsəm də, həkimlərimizin reklamına bir etirazım da yoxdu. Amma yaxşı olmazmı ki, həkimlərimiz təbii müalicə üsullarına, insan ömrünü gödəldən deyil, insan orqanizminin müdafiə sistemini, yəni tibbi dillə desək, immuniteti zəflətməyə deyil, onun daha effektiv fəaliyyətinə yardım edən müalicə sisteminə üstünlük versinlər? Bilirəm ki, indiki dünyamız elə labirintləşmiş bir hala gəlib çıxıb ki, bəziləri belə bir zamanda mənim bu mövzuda yazıma dodaq da büzəcəklər ki, kim nə hayda, bu nə hayda! Amma hesab edirəm ki, dünyanın əşrəfi olan insanların sağlamlığı, yaşadıqları onsuz da qısa olan ömrünün daha da qısaldılması, onu da ağrı-acılarla yaşaması indiki dünyanı hər şeydən daha çox narahat etməli və çıxış yolu tapılmalıdır. Niyə bu çıxış yolunu axtaran, tapan, dünya tibb elminə sübut edən bizdən olmasın? Axı biz bəşəriyyət tarixində ilklərə ən çox imza atan xalqlardanıq!..

Təhmasib Novruzov

Digər xəbərlər