PDF Oxu

Siyasət

  • 5 742

1995-ci il mart hadisələri TƏHLİL

1995-ci il mart hadisələri TƏHLİL

1995-ci ilin mart hadisələri tarixi yaddaşımızda iz salıb. Dövlət çevrilişinə silahlı cəhdlərin göstərilməsi müstəqil dövlətçiliyimizə qarşı yönəldilmişdir. Hakimiyyətə gəlmək və Azərbaycanı parçalamaq niyyətində olan xəyanətkarların planlarını həyata keçirmək, artıq həmin zamanda mümkün deyildi. Azərbaycanın beynəlxalq aləmdə getdikcə artan nüfuzundan, inkişafından təşvişə düşənlər istənilən qüvvə ilə birləşib, ölkəmizə zərbə vurmaq istəyirdilər.
Azərbaycanı parçalanma və məhvolma təhlükəsindən xilas edən Ulu Öndər Heydər Əliyevin xalqın iradəsi ilə, demokratik və qanuni yolla hakimiyyətə qayıdışı ölkəmizi sevməyən qüvvələri narahat edirdi. Ümummilli Lider Heydər Əliyevin müdrik daxili və xarici siyasəti nəticəsində siyasi hakimiyyət böhranı, anarxiya və özbaşınalığa son qoyuldu. Azərbaycanda yeni tarixi mərhələ - dövlət müstəqilliyinin möhkəmləndirilməsi dövrü başlandı. Ulu Öndərimiz Heydər Əliyev dünyanın bir çox aparıcı dövlətlərinin rəhbərləri, nüfuzlu beynəlxalq təşkilatlar və işgüzar dairələrlə yüksək səviyyəli rəsmi görüşlər keçirərək, Azərbaycan həqiqətlərini, dövlətimizin mövqeyini dünyaya çatdırırdı. Məlumdur ki, AXC-Müsavat dövründə respublika iqtisadiyyatı tamamilə dağıdılmış, xalqın rifah halı aşağı düşmüşdü. Şimalda "Sadval" separatizmi, cənubda Talış-Muğan Respublikası xülyası, qərbdə erməni işğalı, ölkəmizdə çətin ictimai-siyasi böhrana yol açmışdı. 1993-1995-ci illər müasir Azərbaycanın tarixinə dövlət müstəqilliyinin qorunub saxlanılması uğrunda mübarizə dövrü kimi yazılmışdır.

"MƏSƏLƏNİ SÜLH YOLU İLƏ YATIRTMAQ VƏ ONUN QARŞISINI ALMAQ ÜÇÜN GÖRDÜYÜMÜZ TƏDBİRLƏR NƏTİCƏ VERMƏDİ"

Azərbaycan öz müstəqilliyini elan etdikdən sonra dövlətçiliyimizə çox qəsdlər oldu. Ulu Öndər Heydər Əliyevin qətiyyəti nəticəsində bunların qarşısı alındı. 1995-ci ilin martında baş verən hadisələr Azərbaycan dövlətçiliyinin qüvvətlənməsini istəməyənlərin əməli idi. 1995-ci il martın 16-dan 17-nə keçən gecə paytaxtın 8-ci kilometr qəsəbəsindəki "OMON"-çuların qərargahı yaxınlığında atışma başlandı. Ermənistan silahlı qüvvələri torpaqlarımızı işğal etdiyi bir vaxtda, Azərbaycanın paytaxtında bir qrup vəzifə hərisi hakimiyyəti ələ keçürmək üçün dövlətçiliyimizə qəsd edirdi. Onların hakimiyyət hərisliyi nəticəsində, qardaş qanı töküldü. Cavadov qardaşlarının hakimiyyəti qeyri - konstitusion yolla ələ keçirmək cəhdləri 22 hərbçi, 7 mülki şəxs, 1 polis və 8 XTPD əməkdaşının ölümünə səbəb oldu. Hadisə nəticəsində, 105 nəfər yaralanı. XTPD rəhbəri Rövşən Cavadov isə aldığı güllə yarasından DİN-in hospitalında vəfat etdi. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycan 17 mart 1995-ci il dövlətçiliyinin qorunub saxlanması məsələlərinə həsr olunmuş müşavirədə çıxışında həmin hadisələrə aydın gətirək belə deyirdi: "Bizim iki gün ərzində məsələni sülh yolu ilə yatırtmaq və onun qarşısını almaq üçün gördüyümüz tədbirlər nəticə vermədi. Martın 13- dən 14-nə keçən gecə həmin silahlı dəstə öz niyyətini yerinə yetirmək üçün - yəni Tovuz, Gəncə bölgələrini zəbt etmək üçün Tovuzda olan hərbi hissəyə hücum etdi, döyüş başlandı və bu döyüş nəticəsində o banda darmadağın oldu, Orada olan itkilər və bizim çətinliklərimiz sizə məlumdur. Bu gün artıq sizə deyə bilərəm ki, həmin bu bandanın üzvləri - orada deyirdilər ki, XTPD-nin cəmi 60 nəfər üzvü var, lakin onlar kənardan da adamlar cəlb edib silahlandırmışdılar - 160 nəfər həbs olunmuşdur. Görürsünüz, bir qrup, bir neçə adam - ola bilər 10-15, 20-25 adam cinayət edərək nə qədər adamı dartıb bu cinayətə gətirib çıxarmışdır. Qeyd etdiyim kimi, biz bunun qarşısını aldıq. Ancaq bütün bu işlərə rəhbərlik edən Rövşən Cavadov öz niyyətlərindən əl çəkmədi. O, Qazaxa getmişdi ki, guya bu işlərin həll olunmasına kömək etsin. Kömək etmədi. Əksinə, orada aranı daha da qızışdırdı. Ondan sonra gəlib burada, 8-ci Kilometr qəsəbəsində XTPD-nin bazasında bu dəstəni qızışdırıb, silahlandırıb dövlət çevrilişi etməyə hazırladı".

"AZƏRBAYCAN XALQI ARTIQ ÖZ DÖVLƏTÇİLİYİNİ QİYMƏTLƏNDİRMƏLİDİR, BUNU ANLAMALIDIR"

Belə ağır zamanda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev vətəndaş qarşıdurmasına səbəb ola biləcək hadisənin qarşısını aldı və ölkədə davam edən hakimiyyət böhranına, anarxiya və özbaşınalığa son qoydu. Həmin hadisələr, bir daha göstərdi ki, Azərbaycan xalqı və onun ordusu ölkə daxilində qarşıdurma yaratmaq istəyənləri dəstəkləmir və onları müdafiə etmir. Törədilən dövlət cinayətləri Azərbaycana müəyyən zərbələr vursa da, qan tökülsə də, müstəqil Azərbaycan dövlətçiliyini bir daha sınaqdan çıxardı. Onun möhkəm, qüdrətli olduğunu göstərdi, qanunsuz zor işlətməyin mənasızlığını sübut etdi. Xatırladaq ki, Ulu Öndər hadisələrin gedişatına əsasən, qarşıdakı təhlükəni, respublikamızda yenə də dövlət çevrilişi cəhdi baş verə biləcəyini hiss edərək martın 15-də televiziya ilə xalqa müraciət etdi. Müraciətin əsas məqsədi Rövşən Cavadova, onun dəstəsinə və respublikamızın içindən, xaricindən ona havadarlıq edən, onu istiqamətləndirən, ona güc verən, bu işlərə sövq etdirən qüvvələrə Azərbaycanı dağıtmaq, qan tökməyin qarşısını alınması idi. "Azərbaycanın dövlətçiliyini qorumaq lazımdır. Azərbaycan xalqı artıq öz dövlətçiliyini qiymətləndirməlidir, bunu anlamalıdır və bunun nə qədər böyük sərvət olduğunu bilməlidir və hər bir vətəndaş bu sərvətin qorunmasına öz payını verməli, öz xidmətini göstərməlidir. Deyə bilərəm ki, bizə, mənə gələn teleqramlardan, məktublardan, telefon zənglərindən və bu iki günün içərisində ictimaiyyətimizdə gedən proseslərdən məlum olur ki, mənim bu müraciətim xalq tərəfindən böyük rəğbətlə və hörmətlə qarşılanıbdır… Bu günlər respublikanın şəhərlərində, rayonlarında, əmək kollektivlərində keçirilən yığıncaqlar, mitinqlər, gedən danışıqlar, müsahibələr, yazılar - hamısı onu göstərir ki, xalq həmrəydir, dövlətçiliyi qorumaq əzmindədir və Prezidenti müdafiə edir… Siz mənim mövqeyimi bilirsiniz: Azərbaycanın müstəqilliyi, dövlətçiliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, xalqımızın rifah halı - budur mənim mövqeyim. Azərbaycanın bu bəla vəziyyətindən çıxarılması, respublikamızın demokratiya yolu ilə getməsi, demokratik islahatların aparılması, demokratik seçkilərin keçirilməsi, demokratik konstitusiyanın qəbul olunması – budur mənim mövqeyim. Mən bu mövqeyimlə yaşayıram, bundan sonra da bu mövqe ilə fəaliyyət göstərəcəyəm. Bütün dünyaya bəyan edirəm ki, heç bir qüvvə məni xalq tərəfindən seçilmiş qanuni Azərbaycan prezidenti kimi öz mövqeyimdən çəkindirə bilməz. Bu günlərdə gedən proseslər bunu bir daha sübut etdi", - deyə Ulu Öndər bildirmişdir.
Bu gün Azərbaycan Ulu Öndərin ideyalarına sadiqdir. Ulu Öndər Heydər Əliyev siyasətinin Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsində Azərbaycan bütün sahələrdə yeni nailiyyətlərlə müşahidə olunan sürətli inkişaf mərhələsinə qədəm qoyub. Müasir yanaşmalar və milli iqtisadi prioritetlər əsasında mükəmməl islahatlar konsepsiyasının reallaşdırılması nəticəsində Azərbaycan son illərdə yüksək inkişaf templərinə görə dünyanın lider dövlətləri sırasındadır. Məhz bu inkişaf, güclü iradə, müdrik siyaəsətin nəticəsidir ki, işğaldan azad olunan ərazilərimizdə kompleks işlərin həyata keçirilməsi start götürüb.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər