Dünya yaranandan xalqlar özünəməxsus adət-ənənə yaratmış və bu ənənələri nəsildən-nəsilə ötürmüşlər. Azərbaycan xalqı o xoşbəxt xalqlardandır ki, sivilizasiyaların qovuşduğu coğrafiyada özünün adət-ənənəsini yaratmış və dövrün, zamanın dəyişməsinə baxmayaraq, onu qoruyub gələcək nəsillərə ötürə bilmişdir. Təbiətin oyanışı üzərində qurulan adət-ənənə sonradan tarixi hadisə olaraq xalqımızın milli bayramı kimi formalaşmışdır. Artıq bütün dünyada qeyd olunan Novruz bayramı Azərbaycan xalqının tarixi qədim olan bayramlarından olmaqla yanaşı, həm də milli, mədəni, mənəvi dəyərinə çevrilmişdir.
Bu gün düşməndən azad edilmiş Qarabağ torpaqlarında “böyük qayıdış” prosesi başlamışdır. Artıq Qarabağ kəndlərində, şəhərlərində isti ocaqların tüstüsü təbiətə Zəfər qoxusu yayır. Azərbaycan xalqı ali məqsədinə çataraq bütün tarixi torpaqlarında milli-mənəvi tamlığını təmin etmişdir. Ali Baş Komandan İlham Əliyevin Novruz dəyərləri haqqında fikirlərini onun ənənəvi bayram təbriki çıxışlarında izləmək mümkündür: “Yazın gəlişi, təbiətin, bütün canlıların oyanışı, gecə ilə gündüzün bərabərləşdiyi bir günlə bağlı olan bu bayram Azərbaycan xalqının milli düşüncəsi və milli ruhunu özündə əks etdirir. Novruz xalqın milli təfəkkür tərzini, onun həyat və məişətini, adət və ənənələrini özündə yaşadan əsl el mərasimidir. Odur ki, xalqımız durduqca Novruz adət-ənənələri, onun yaratdığı mədəni sərvətlər də bizimlə olacaq. Çünki Novruz bayramı dərin milli köklərə, zəngin adət-ənənələrə malik olmaqla xalqımızın ictimai və mənəvi həyatında əhəmiyyətli hadisədir. Novruz həm də xalqımızın milli həmrəyliyinin rəmzidir. Ona görə də Novruzun timsalında ölkəmizdə malik olduğumuz milli mədəniyyət nümunələrinin qorunub saxlanmasının özü belə, bir mədəniyyət və bəşər əhəmiyyətli hadisədir.”
Ölkə başçısı İlham Əliyevin milli və bəşəri dəyərlər arasında balansı qorumaq siyasəti Azərbaycan Respublikasının dünya miqyasında tolerantlıq nümunəsinə çevrilməsi ilə nəticələnmişdir. Kapitalizmin bərqərar olduğu dövrdən etibarən ayrı-ayrı xalqların yaratdığı milli- mənəvi dəyərlər bütün bəşəriyyətin təsiri altındadır. Bu o deməkdir ki, bəşəri dəyərlər fonunda milli- mənəvi dəyərlər yetərincədir və bu gün istənilən ölkədə əhalinin mənəviyyatının yüksəlməsi üçün münbit şərait yaratmaq mümkündür. Bu gün bütün millətlərin özünəməxsus milli-mənəvi dəyərlərinin əsasında insansevərlik və humanizm məfkurələri dayanmalıdır. Yalnız bu məfkurələrə köklənmiş xalqlar ümumdünya birliyinə, insanlığın, sözün əsl mənasında, çiçəklənəcəyi dünya sivilizasiyasına çatacaqdır.
Novruz bayramı demək olar ki, Azərbaycanla yanaşı bütün Şərqdə, xüsusilə də, Mərkəzi Asiyada, İranda, Pakistanda, Türkiyədə, Qazaxıstanda, Tacikistanda, Özbəkistanda, Türkmənistanda, Qırğızıstanda xüsusi təntənə ilə qeyd olunur. 2009-cu il sentyabrın 30-da isə Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın əməyi nəticəsində Novruz bayramı YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir. 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i "Beynəlxalq Novruz Günü" elan edilmişdir.
Son illərdə Azərbaycan xalqı Novruz bayramını başqa bir coşqu, başqa bir təntənə ilə qeyd edir. Cənubi Qafqazın güclü halqası kimi Azərbaycan Respublikası iqtisadi, siyasi, mədəni inkişafını yeni müstəviyə qaldırıb. Beynəlxalq hüquq normaları çərçivəsindən kənara çıxmadan separatizmlə, terrorizmlə, ərazi iddiaları ilə mübarizə aparan Azərbaycan dövləti yeni perspektivlərə imkan qazanıb. Belə ki, Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqına miras qoyduğu azərbaycançılıq məfkurəsinin ana xətti milli dövlətçiliyin qorunması olduğundan Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalq prinsipial şəkildə bütün hüquqi ərazilərində ədaləti bərpa edib – azərbaycanlıların öz tarixi torpaqlarına geri dönməsini təmin edib. Bununla da, Heydər Əliyevin “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə. Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaq.”-vədi yerinə yetirilib.
Leyla Hüseynova
YAP Yasamal rayon AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu üzrə
ərazi partiya təşkilatının sədr müavini