PDF Oxu

Siyasət

  • 2 678

Elimizə, obamıza Bahar gəlir TƏHLİL

Elimizə, obamıza Bahar gəlir TƏHLİL

Novruz bayramı xalqımızın milli-mənəvi irsini təcəssüm etdirən, xalqın tarixi kökünü, yaddaşlardan süzülüb gələn ənənələri yaşadan, keçmişimizi və gələcəyimizi bir-biri ilə bağlayan milli bayramdır. Novruz bayramı təbiətlə - su, od, torpaq, yel ilə bağlı dörd əsas arxaik xüsusiyyətləri özündə saxlamaqla yanaşı, cəmiyyətdə humanist insani münasibətlərin məntiqini ifadə edir. Xalqımız üçün əziz olan bu bayram haqqında Ulu Öndər Heydər Əliyev belə demişdir: "Dünyada olan bütün xalqların bayramlarından fərqi odur ki, bu, təbiətlə, kainatla əlaqədardır, bunun elmi əsasları var. Bu bayram min illər boyu bizim xalqımızın qəlbinə daxil olub və çox dərin köklər salıbdır. Ona görə də bu bayramı hər bir azərbaycanlı öz doğma bayramı kimi keçirir."

Mənəvi dəyərlərimizin əbədiyaşarlıq rəmzi olan Novruz bayramını qeyd edirik. Elimizə, obamıza Novruz gəlib. Yeni gün, yeni müjdə gəlib. İlıq nəfəsi ilə elimizə yaz gəlib. Yazın gəlişi ilə bütün canlı təbiət yenidən oyanıb. Soyuq qış günlərindən sonra yazın gəlməsi insanlarda böyük əhvali-ruhiyyə yaranıb. Bu bayrama tarixi inkişaf boyunca baxdığımız zaman onun qədim mədəni köklərə və mənəvi qaynaqlara bağlı olduğunu görürük. Keçmişdə olduğu kimi, bu gün də Azərbaycanda, digər türk dövlətlərində və bir çox qonşu ölkələrdə Novruz Bahar bayramı kimi qeyd olunmaqdadır. Orta əsr müəllifləri Şərq ölkələrində İslam dini yayıldıqdan sonra da Novruz bayramında yaz ənənələrinin, əkinçilik təqvimi etiqadlarının möhkəm yer tutduğunu göstərirlər. Novruz bayramı haqqında müxtəlif rəvayətlərə, onun yaranması səbəblərinə, bu bayram münasibətilə xalq arasında yayılmış adət-ənənələrə yazılı nümnələrdə rast gəlirik. Novruzun gəlişi klassik Şərq, o cümlədən Azərbaycan poeziyasında geniş yayılmış "Bahariyyə" adlı lirik şeirlərdə də təsvir və tərənnüm edilir. Məlumdur ki, sovet hakimiyyəti illərində həyata keçirilən siyasət digər milli-mənəvi dəyərlərimiz kimi, Novruzu da Azərbaycan xalqının şüurundan silə bilmədi. Bütün həyatını Azərbaycan xalqının rifahına və çiçəklənməsinə həsr edən Ümummilli Lider, Ulu Öndərimiz Heydər Əliyevin sovet hakimiyyəti illərində Azərbaycana birinci rəhbərliyi dövründə imperiyanın sərt qadağalarına baxmayaraq, xalqımızın yaddaşında kök salmış Novruz bayramı qeyd edilmişdir. Belə ki, Ulu Öndərin müdrik siyasəti nəticəsində ümumi mədəni hərəkatın tərkib hissəsi kimi milli bayramımız Novruz ötən əsrin 70-80-ci illərində əvvəlki dövrlərlə müqayisədə kütləvi qeyd olunmağa başladı. Ulu Öndər Heydər Əliyev çıxışlarının birində qeyd etdiyi kimi, "Vaxt var idi ki, bu bayram bəzi səbəblərdən qadağan olunmuşdu. Ancaq həmin onillikləri biz hamımız bir yerdə yaşamışıq və hamımız da bilirik ki, heç kim bu qadağaya fikir verməyibdir və öz bayramını edibdir. Bu bayram elə bayramdır ki, özünün maddi vəziyyətindən asılı olmayaraq hər bir insan - zəngin adam da, orta yaşayan da, lap kasıb şəraitdə yaşayan insan da onu bayram edir. O illər ki, bizim bu ümumxalq bayramının keçirilməsinə imkan yox idi, hər kəsin evində mütləq səməni də, rənglənmiş yumurtalar da, plov da var idi".

Azərbaycan xalqı müstəqilliyini bərpa etdikdən sonra, xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin bilavasitə səyləri nəticəsində Novruz bayramı dövlət bayramı elan olunmuş, şəxsən Onun iştirakı ilə milli bayramımız ümumxalq şənlikləri çərçivəsində yüksək təmtəraqla qeyd edilmişdir.
Ümummilli Lider Heydər Əliyevin adət-ənənələrimizin və milli-mənəvi dəyərlərimizin qorunması sahəsində fəaliyyətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin göstərişi və tapşırığı əsasında hər il dövlət və milli bayramlarımız, xüsusilə, Novruz bayramımız ildən-ilə daha yüksək təmtəraqla qeyd edilir. Novruz şənliklərində dövlət başçısının iştirak etməsi bayram təntənələrinə əlavə rəng qatmaqla yanaşı, eyni zamanda, hakimiyyət-cəmiyyət münasibətlərinə müsbət təsirini göstərir. Bu gün artıq müstəqil dövlətimizdə Novruz bayramı dövlət səviyyəsində qeyd olunur. Bu bizimi milli dəyərlərimizə, adət və ənənələrimizə dövlətimiz tərəfindən verilən qiymətdir. Dövlətin milli-mənəvi dəyərlərimizə olan münasibəti onun prioritet istiqamələrdəndir. İslami, milli dəyərlərə yeni prizmadan baxış ictimai düşüncənin formalaşmasında özünü göstərir. Bu amillər zaman-məkan kontekstində həllini tapır. Müasir dünyada baş verənlər qloballaşma və inteqrasiya prosesində ölkəmizin uğurlu gələcəyini təmin etmək üçün tarixi köklərimizə söykənir. Azərbaycan Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü siyasəti və xalqa göstərdiyi yüksək diqqət və qayğısı Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunması və beynəlxalq səviyyədə təbliği məqsədinə istiqamətlənmişdir.
Xalqın etnik tarixi inkişafı bir çox maddi və mənəvi amillərlə tənzimlənən mürəkkəb bir prosesdir. Son illərdə Azərbaycanın milli-mənəvi mədəniyyətinin tarixi mənzərəsinə nəzər salaraq, onun əsas inkişaf vasitələrini üzə çıxarmağa çalışsaq, hər şeydən əvvəl, mövcud amillərin rol oynadığını görərik. Dünyada milli-mənəvi dəyərləri ilə tanınan Azərbaycan xalqı yaşatdığı və təbliğ etdiyi bəşəri ideyaları, adət-ənənələri, milli xüsusiyyətləri ilə özünəməxsus yer tutub. Uzun illər aparılan tədqiqatlar zamanı aydın olub ki, qədim köklərə malik Azərbaycan əsrlər boyu maddi və mənəvi xəzinəsini qoruyub-saxlaya bilmişdir. Bu zəngin irsdə xalqın soykökünə bağlı olan adət-ənənələr yaşayaraq, əsrimizə və yeni yüzilliyə qədər gəlib çatmışdır.

Hər il müsəlman dünyasının həvəslə qarşıladığı və yola saldığı Novruz bayramı xalqın tarixi kökünü və adət-ənənələrini özündə yaşadır. Xalqın erkən düşüncəsində yaratdığı çərşənbələrlə bağlı ayin və etiqadları, adət-ənənələri yaşatmaq hər kəsin mənəvi dünyasının tələbatından irəli gəlir. Dörd Çərşənbənin qeyd olunmasının arxasında həqiqətlər dayanır. Folklorşünas alimlərin fikrincə, bu çərşənbələr insanın həyata gəlişi və həyatın canlanması ilə əlaqədardır. Novruz bayramı təbiətlə bağlı Su, Od, Yel, Torpaq ilə bağlı dörd əsas arxaik xüsusiyyətləri özündə saxlamaqla yanaşı, cəmiyyətdə humanist insani münasibətlərin məntiqini ifadə edən bəşəriliyilə seçilir.

"NOVRUZ BAYRAMINI CIDIR DÜZÜNDƏ QEYD EDİRİK, TARİXİ ƏDALƏTİ BƏRPA ETMİŞİK"

Azərbaycanın qədim, rəngarəng mənəvi dəyərləri, mədəni irsi xalqın fəxr mənbəyi və dünya mədəniyyətinə töhfəsi qismində çıxış edir. Bu sahəyə dövlət qayğısının günü-gündən artması və beynəlxalq təcrübənin tətbiqi istiqamətində görülən işlər qeyri-maddi mədəni irsin gələcəyinə nikbin baxmağa ümidləri artırır. Beynəlxalq ictimaiyyətin diqqət və maraq mərkəzində olan, Azərbaycan xalqının adət və ənənələrini, milli-ənənəvi xüsusiyyətlərini özündə əks etdirən, soydaşlarımıza və ölkə vətəndaşlarımıza sevinc bəxş edən Novruz bayramı dövlət səviyyəsində qeyd olunur. Xalqımız bu gözəl bayramı gözəl nəticələrlə, yaxşı əhval-ruhiyyə ilə qarşılayır. Təbiətin insanlara töhfəsi olan Novruz bayramının hər gəlişi əsrlərdən bəri Azərbaycanda bolluğun, bərəkətin, xeyirxahlığın və birliyin təcəssümü kimi qəbul edilmişdir. Gecə ilə gündüzün bərabərləşdiyi ilk bahar günündə yurdumuza qədəm qoyan bu bayram insanları daim birliyə, sülhə və əmin-amanlığa çağırır. Əsrlərin sınağından çıxan Novruz milli adət və ənənələrimizi nəsillərdən-nəsillərə ötürərək bu günlərə gətirib çıxaran bayram kimi əhəmiyyətlidir.
Azərbaycan xalqı artıq ücüncü ildir ki, daha böyük sevinc və yüksək əhvali-ruhiyyə ilə bayramı qarşılayır. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, şanlı Ordumuzun gücü ilə işğaldan azad edilən əzəli-əbədi torpaqlarımızda 30 ildən sonra Novruz sevinci yaşanır, bayram tonqalları qalanır.
Novruz bayramınız MÜBARƏK! Bu bayram hər bir ailəyə bol ruzi və sevinc bəxş etsin!

Zümrüd BAYRAMOVA

Digər xəbərlər