Siyasət

  • 2 805

Novruz tonqallarımız Qarabağda və Şərqi Zəngəzurda alovlanır - ŞƏRH

image

Azərbaycan xalqının qeyd etdiyi gözəl bayramlar içərisində Novruzun özünəməxsus yeri və incəliyi var. Bu bayram baharın gəlişini tərənnüm etdiyi üçün xalqımız tərəfindən sevilir və böyük ruh yüksəkliyi ilə qarşılanır. Novruz bayramını xalqımız həm də çox qədim zamanlardan başlayaraq qeyd etmişdir. Zəngin Novruz ənənələrinin qorunub saxlanmasına, daha da zənginləşdirilməsinə, gələcək nəsillərə çatdırılmasına Ulu Öndər Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən hər zaman həssaslıqla yanaşılmışdır. Azərbaycan torpaqları hələ mənfur erməni işğalı altında olduğu dövrdə Ulu Öndər Heydər Əliyev ürək yanğısı ilə qeyd edirdi ki, gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Ulu Öndərin bu arzusu onun siyasi kursunun layiqli davamçısı Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin qətiyyəti və Azərbaycan ordusunun şücaəti sayəsində reallaşdı. Artıq xalqımız üçüncü ildir ki, Növruz tonqallarını azad edilmiş torpaqlarda – Cıdır düzündə, Ağalıda, Laçında, Kəlbəcərdə və s. şəhər və qəsəbələrimizdə daha da gur alovlandırır. Qarabağda və Şərqi Zəngəzurda yandırdığımız tonqalların parlaq işığı 50 milyonluq Azərbaycan xalqını qürurlandırır.

Novruz Bayramı həm də dostluq, həmrəylik və yüksək mənəviyyat bayramıdır. Azərbaycan xalqının milli adət-ənənəsinə görə Novruz Bayramında küsülülər barışmalı, qohumlar bir-birini ziyarət edib, bayram süfrələri açmalıdırlar. 21 mart 2000-ci il tarixində Azərbaycan xalqını Novruz Bayramı münasibətilə təbrik edərkən Ulu Öndər Heydər Əliyev öz çıxışında demişdir: “Novruz Bayramının bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür. Demək, bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır.”

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev ölkəmizdə Novruz Bayramı ənənələrinə xüsusi diqqətlə yanaşır. Belə ki, hər il bu əziz bayram ərəfəsində Əfv Fərmanı imzalayır. Bununla da ölkə başçımız yüzlərlə ailəni sevindirir. Prezident İlham Əliyevin birbaşa tövsiyə və göstərişləri əsasında görülən sistematik işlər insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində xüsusi əhəmiyyət kəsb edir.

Ölkəmizdə mütəmadi olaraq Əfv Sərəncamlarının imzalanması, amnistiya aktlarının qəbul olunması dövlətin öz vətəndaşlarına verdiyi dəyərin bariz nümunəsidir. Əfv olunan vətəndaşlar dövlətin onlara olan inam və etibarını daim hiss edirlər, bu isə onları layiqli vətəndaş olmağa həvəsləndirir. Əfv Sərəncamlarına və amnistiya aktlarına, insan hüquqları sahəsində humanist addımlara görə xalqımız Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdardır. Azərbaycan ictimaiyyətinin nümayəndələri humanizm nümunəsi olan bu addımları olduqca yüksək qiymətləndirirlər.

Cavid Məmiyev

YAP Sumqayıt şəhər təşkilatının sədr müavini

Digər xəbərlər