Siyasət

  • 4 281

Qardaşlıq nümunəsi: təşəbbüskar Azərbaycandır - FÖVQƏLADƏ ZİRVƏ GÖRÜŞÜ

image

PREZİDENT İLHAM ƏLİYEV: "Azərbaycan və Türkiyə həm sevincli, həm də kədərli günlərdə daim bir-birinin yanında olmuşdur, bundan sonra da belə olacaq"

PREZİDENT RƏCƏB TAYYİB ƏRDOĞAN: "Birliyimiz gücümüzdür"

Bəli, bu gün Türk Dövlətləri Təşkilatının liderləri yenə də bir araya gəldi. Belə ki, Türk Dövlətləri Təşkilatının Fövqəladə Zirvə görüşü Şuşada keçirilməsi nəzərdə tutulmuşdu. Lakin Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar məhz Azərbaycan Prezidenti İlham Əliyevin qardaş ölkəyə dəstək məqsədilə Zirvə görüşünün Ankarada keçirilməsi təklifi ilə çıxış edib. Digər iştirakçı ölkələrin rəhbərliyi ilə razılaşdırıldıqdan sonra bununla bağlı müvafiq qərar qəbul olunub. Və martın 16-da Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirilib. “Təbii fəlakət-fövqəladə halların aradan qaldırılması və humanitar yardım” mövzusuna həsr olunan Zirvə görüşü Türkiyənin cənub və cənub-şərq bölgələrində baş verən zəlzələ nəticəsində yaranan fövqəladə vəziyyətlə bağlı məsələlərin ən yüksək səviyyədə müzakirə edildiyi platformada liderlər fəlakətlərlə mübarizədə Türk Dövlətləri Təşkilatı daxilində sıx çoxtərəfli əməkdaşlıq və koordinasiya mexanizmlərinin yaradılmasına diqqət çəkəcək, regionda mövcud çağırışlarla bağlı məsləhətləşmələr apardılar.

Ümumiyyətlə, son illər TDT-yə üzv ölkələr arasında əlaqələr və əməkdaşlıq getdikcə güclənir. Qeyd edək ki, ötən il TDT-nin Səmərqənddə baş tutmuş Zirvə görüşündə Prezident İlham Əliyev türk dövlətlərinin bir-birinin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməli olduqlarını bildirib. Həmçinin dövlət başçısı qeyd edib ki, türk dövlətləri siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığı fəallaşdırmalıdır.

Dövlət başçısı bu bəyanatlarının davamı olaraq TDT-nin fəlakət-fövqəladə halların idarəedilməsi və humanitar yardım mövzusuna həsr ediləcək fövqəladə Zirvə görüşünün çağırılması təşəbbüsü ilə çıxış edib. Qeyd etmək yerinə düşər ki, türk dövlətlərinin daha da yaxınlaşması, ölkələrimiz arasında münasibətlərin bütün sahələr üzrə daha dərinləşməsi istiqamətində Azərbaycan tərəfindən real addımlar atılır. Bu proses sözdə deyil, əməldə həyata keçirilir. Elə martın 16-da Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşünün keçirilməsi məhz Azərbaycan Prezidenti İlham Əliyevin ötən il verdiyi sözün göstəricisidir. Və bu gün qardaş Türkiyədə baş vermiş son zəlzələlər zamanı məhz Azərbaycan Türkiyəyə ən çox dəstək göstərən ölkələrdən biri olub. Bu Azərbaycan-Türkiyə qardaşlığının növbəti bariz təzahürüdür.

AZƏRBAYCAN PREZİDENTİ: "Azərbaycan və Türkiyə bundan sonra da bir-birinin yanında olacaq"

Azərbaycan Prezidenti Fövqəladə Zirvə görüşündə çıxışı zamanı Türkiyədə baş verən təbii fəlakət hər birimizi sarsıtdı. Və bir millət, iki dövlət olan, dünyada olmayan sarsılmaz, əbədi, bir-birinə dayaq, dəstək olan iki qardaş ölkə - Azərbaycan və Türkiyə ağrı-acılarını da, xoş günlərini də birlikdə yaşayır, birlikdə kədərlənib, birlikdə sevinirlər. Və elə qardaş ölkənin bu çətin günündə də ilk yanında olan Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevə, həmçinin Azərbaycan xalqı oldu.

Budur qardaş dayağı, budur çətin günün sınağından çıxmaq. Budur - bir millət, iki dövlət münasibəti. Doğrudur, bu gün Türkiyə kimi bir güclü dövlətin Azərbacanla bir olması çox dövlətlərin qısqanclığına səbəb olub. Ancaq bir məqamı anlamaq lazımdır ki, Azərbaycan-Türkiyə illərin sınağından çıxmış, bu birlik möhkəmlənmişdir. Bu birliyi isə heç bir qüvvə sındıra bilməz! Çünki Azərbaycan-Türkiyə qardaşlığı, birliyi, həmrəyliy sınaqlardan çıxmış bir milləçt, iki dövlətdir! Azərbaycan və Türkiyə həm sevincli, həm də kədərli günlərdə daim bir-birinin yanında olmuşdur. Bundan sonra da belə olacaq.

Azərbaycan Prezidenti İlham Əliyev Zirvə görüşündə çıxışında Azərbaycan hökuməti və xalqı zəlzələ baş verən andan qardaş Türkiyəyə humanitar yardımlar etmək üçün səfərbər olduğunu dedi: "Azərbaycandan 940 nəfər, o cümlədən xilasedicilər, tibb personalı və könüllülər zəlzələ bölgəsinə göndərilib. Türkiyəyə göndərilən xilasedicilərin sayına görə Azərbaycan dünya ölkələri arasında birinci olub. Xilasedicilərimizin və həkimlərimizin səyi nəticəsində dağıntılar altından 53 nəfər sağ çıxarılıb. Həmçinin 780 nəfərin cəsədi dağıntılar altında aşkar edilib. Tibb personalımız ümumilikdə 3 mindən artıq şəxsə tibbi xidmət göstərib. Bu günə qədər 45 milyon ABŞ dollarından artıq vəsait AFAD və digər humanitar qurumların bank hesabına köçürülmüşdür. Bununla yanaşı, qardaş Türkiyəyə 5320 ton humanitar yardım çatdırılmışdır. Azərbaycan və Türkiyə həm sevincli, həm də kədərli günlərdə daim bir-birinin yanında olmuşdur. Bundan sonra da belə olacaq. Əminəm ki, əziz qardaşım, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi sayəsində Türkiyə bu zəlzələnin nəticələrini uğurla aradan qaldıracaqdır".

PREZİDENT İLHAM ƏLİYEV: "44 günlük müharibə dövründə bütün Türkiyə xalqı Azərbaycanın yanında idi"

Bəli, Türkiyə həmişə olduğu kimi Azərbaycanın haqq davasında da onu yalnız qoymayaraq bütün dünyaya Qarabağın Azərbaycanın əzəli torpaqları olduğunu, bu haqq davasında heç bir ölkənin Azərbaycana mane ola bilməyəcəyini bəyan etdi. Müharibənin ilk günlərindən Türkiyə Respublikasının Prezidenti açıqlamalar verdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır. 44 günlük Vətən müharibəsi dövründə mənəvi dəstək olmaq üçün Türkiyənin müdafiə naziri, xarici işlər naziri, digər yüksəkvəzifəli rəsmilər dəfələrlə ölkəmizə səfər edərək yanımızda olduqlarını nümayiş etdirdilər və birmənalı olaraq Azərbaycana dəstək verdilər. Bu, Azərbaycana çox böyük siyasi və mənəvi dəstək oldu. Bu dəstək şanlı Qələbəmizdən sonra da davam etməkdədir.

Azərbaycan Prezidenti Zirvə görüşündə bildirdi ki, 2020-ci il sentyabrın 27-də işğalçı Ermənistan tərəfindən başlanılan 44 günlük müharibə dövründə bütün Türkiyə xalqı Azərbaycanın yanında və qardaş xalqımızın bu dəstəyi bizə güc verdi: "Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın 2020-ci ildə İkinci Qarabağ müharibəsində ilk saatlardan başlayaraq son günə qədər Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstək bizə əlavə güc verdi. Eyni zamanda, 44 günlük müharibə dövründə bütün Türkiyə xalqı Azərbaycanın yanında idi. Müharibə zamanı və tarixi Zəfərimizdən sonra Türkiyədən minlərlə dəstək və təbrik mesajları gəlmişdir".

Dövlətimizin başçısı 2021-ci ilin iyun ayında Qarabağın tacı olan Şuşa şəhərində Türkiyə ilə Azərbaycan arasında Şuşa Bəyannaməsinin imzalandığını və bu isə bizim əlaqələrimizin rəsmən müttəfiqlik səviyyəsinə qaldırdığını söylədi..

Bəli, Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsi bütün dünyanın barışmalı olduğu tarixi gerçəklikdir. Hər iki ölkənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsinə, eləcə də müştərək maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərinin qarşılıqlı şəkildə əlaqələndirilməsinə istiqamətlənən saziş Bakı və Ankaranın rəhbərliyi ilə yeni regional geosiyasi konfiqurasiyanın qurulmasının başlanğıcıdır. Bu, regionda 200 ilə yaxın davam edən geosiyasi konfiqurasiyaların dağıdılması və bundan sonra Azərbaycan-Türkiyə tandemi ilə davam edəcək yeni regional düzənin başlanğıcı deməkdir.

AZƏRBAYCAN PREZİDENTİ: "Türkiyənin inkişafı bütün türk dünyası üçün önəmli şərtdir"

Prezident İlham Əliyev onu da vurğuladı ki, Türkiyə son 20 ildə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə böyük və şərəfli yol keçmiş, dünyada söz sahibi olmuş, güc mərkəzinə çevrilmişdir. Bu gün dünyada Türkiyə ilə hesablaşırlar və ona hörmət edirlər: "Türkiyənin hərbi gücünü, müdafiə sənayesi sahəsində böyük uğurlarını indi dünyada hər kəs görür. Bu illər ərzində Türkiyədə davamlı sabitliyin təmin olunması, ölkənin inkişafı bütün türk dünyası üçün önəmli şərtdir".

ANKARADA ERMƏNİ CİNAYƏTLƏRİ İFŞA EDİLDİ: AZƏRBAYCAN PREZİDENTİNDƏN ERMƏNİSTANA NÖVBƏTİ MESAJI

Prezident İlham Əliyev Fövqəladə Zirvə görüşündə çıxışında işğalçı Ermənistana mesajını göndərərək bir daha bu dövlətin cinayətlərini ifşa etdi: "Tarixi torpağımız olan Qərbi Zəngəzurun 1920-ci ilin noyabr ayında sovet hökumətinin qərarı ilə Azərbaycandan ayrılıb Ermənistana verilməsi Türk dünyasının coğrafi cəhətdən ayrılmasına səbəb olmuşdur. 1991-ci ilə qədər bütün azərbaycanlılar indiki Ermənistan ərazisindən zorla qovulmuşdur".

Dövlətimizin başçısı onu da bildirdi ki, Ermənistan Qarabağda və Şərqi Zəngəzurda olduğu kimi, indiki Ermənistan ərazisində, yəni, Qərbi Azərbaycanda da mədəni irsimizi, məscidləri, tarixi abidələrimizi dağıtmışdır: "Azərbaycan ictimaiyyəti dəfələrlə UNESCO-ya indiki Ermənistanda Azərbaycan xalqının mədəni irsinin monitorinq edilməsi məqsədilə bu ölkəyə faktaraşdırıcı missiyanın göndərilməsi xahişi ilə müraciət etmişdir və UNESCO-dan müsbət cavab gözləyir".

Azərbaycan Prezidenti bir daha vurğulayıb ki, Ermənistan hələ də öz qoşunlarını tam olaraq Azərbaycan ərazilərindən çıxarmayıb: "2022-ci ildə Praqa və Soçidə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanımasına baxmayaraq, hələ də öz qoşunlarını tam olaraq çıxarmayıb".

"Ermənistan həm də Zəngəzur dəhlizinin açılması öhdəliyindən yayınır. Beləliklə, Ermənistan 2020-ci il noyabrın 10-da imzalanmış Bəyanatı kobudcasına pozur və buna görə məsuliyyət daşımalıdır", - Azərbaycan Prezidenti bildirib.

AZƏRBAYCAN PREZİDENTİ: "Ermənistan qarşılılıq prinsipi əsasında Qərbi azərbaycanlıların hüquq və təhlükəsizliyini təmin etməlidir"

Prezident İlham Əliyev Zirvə görüşündə bir daha işğalçı Ermənistana xəbərdarlıq mesajının ünvanlayaraq bildirdi ki, Qərbi Azərbaycanda etnik təmizləməyə məruz qalan həmvətənlərimiz indi Qərbi Azərbaycan İcmasında birləşiblər. Onlar tarixi torpaqlara sülh yolu ilə qayıdışı qarşılarına məqsəd qoyublar: "Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasına əsasən, indiki Ermənistan ərazisindən zorla deportasiya olunmuş azərbaycanlıların öz yurdlarına qayıdışı üçün müvafiq verifikasiya və zəmanət mexanizmi olan və hüquqi baxımdan məcburi olan beynəlxalq razılaşma əldə edilməlidir. Biz Azərbaycan dövləti olaraq Qarabağda yaşayan erməni sakinlərin fərdi hüquq və təhlükəsizliyini təmin edəcəyimiz kimi, Ermənistan da qarşılılıq prinsipi əsasında Qərbi azərbaycanlıların hüquq və təhlükəsizliyini təmin etməlidir".

TÜRKİYƏ PREZİDENTİ: "Türk dünyasının tək ürək olduğunu bir daha göstərəcəyik"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan martın 16-da Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Fövqəladə Zirvə görüşünün açılışında Türk dünyasının tək ürək, tək vücud olduğunu ən yüksək səviyyədə bir daha göstərəcəklərini söyləyib: "Türk Dövlətləri Təşkilatı olaraq enerji təhlükəsizliyinin təmin edilməsində, eləcə də regional nəqliyyat və təchizat zəncirlərinin inkişafında strateji rol oynayacağıq".

Rəcəb Tayyib Ərdoğan Zirvə görüşündə çıxışı zamanı onu da vurğulayıb ki, zəlzələ fəlakətinin açdığı yaraların öhdəsindən həmrəylik və əməkdaşlıqla gələcəyimizə inanıram: "Bugünkü məsləhətləşmələrimizin türk dünyasının fəlakətlərə qarşı hazırlıq səviyyəsinin artırılması və bu sahədə əməkdaşlığın gücləndirilməsi baxımından xeyirli olacağına inanıram. Birliyimiz gücümüzdür!".

"Türk İnvestisiya Fondunun yaradılmasına dair razılaşma Zirvə görüşümüzün konkret nailiyyətlərindən biridir. Fond qardaş ölkələrimizin iqtisadi birliyinin möhkəmlənməsinə töhfə verəcək",-deyən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sammitdə üzv ölkələrin aidiyyəti qurumları arasında əməkdaşlığın daha yüksək səviyyəyə çatdırılmasının və növbəti Zirvə görüşünə qədər Türk Dövlətləri Təşkilatı mülki müdafiə mexanizminin yaradılmasının qərara alındığını diqqətə çatdırıb.

Mövcud və gələcəkdə yaşana biləcək çətinliklərin dəf edilməsi üçün üzv ölkələrin həmrəyliyinin gücləndirilməsinin önəmini vurğulayan Prezident Rəcəb Tayyib Ərdoğan bildirib: «Bunun üçün Türk Dövlətləri Təşkilatının imkanlarını artırmalıyıq. Tarixi, mədəni və humanitar dəyərlərə söykənməyən qurumların yerində saydığı bir dövrdə Türk Dövlətləri Təşkilatı yeni güc mərkəzinə çevrilməkdədir».

Qeyd edək ki, Türkiyə Prezidenti TDT-nin Ankara Zirvə görüşünün yekunlarına dair brifinq keçirib. Rəcəb Tayyib Ərdoğan Fövqəladə Zirvə görüşünün yekunlarına dair yerli və xarici jurnalistlər üçün keçirdiyi brifinqdə deyib: «Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşünü uğurla başa çatdırdıq. Ölkəmizdə yaşanan zəlzələ və sel fəlakəti ilə əlaqədar təşkilatımızın üzvləri və müşahidəçi üzvlərlə birlikdə həmrəylik məqsədilə toplandıq. Zirvə görüşündə iştirak edən hörmətli qardaşlarımın hər birinə bir daha təşəkkürümü bildirirəm».

"Yaşadığımız fəlakət zamanı Türk dünyası olaraq nümayiş etdirdiyimiz həmrəyliyi, birlik və bərabərliyi heç vaxt unutmayacağıq", - deyə Türkiyə Prezidenti bildirib.

Sammit çərçivəsində digər toplantıların da keçirildiyini vurğulayan Rəcəb Tayyib Ərdoğan keçən il Səmərqənd Zirvə görüşündə Türk Dövlətləri Təşkilatına müşahidəçi qismində qoşulan Şimali Kipr Türk Respublikasının ilk dəfə bu tədbirdə iştirakından məmnunluğunu ifadə edib.

“Türk Dövlətləri Təşkilatı ölkələri fevralın 6-da yaşadığımız fəlakətdən sonra yardım çağırışımıza ən tez cavab verən və ən tez hərəkətə keçən, kədərimizi bölüşən dostlarımızdan oldular. Təşkilatın üzvləri axtarış-xilasetmə işlərindən tutmuş səhiyyə xidmətlərinə və humanitar yardıma qədər geniş sahədə fəaliyyət göstərmək üçün heyətlərini dərhal Türkiyəyə göndərdilər. Qardaşlarımız istər maliyyə, istərsə də maddi yardımlar edərək, millətimizin ehtiyacını ödəmək üçün can-dildən fəaliyyət göstərdilər. Bölgədə qurduqları səhra hospitalları ilə yaralarımızın sağalmasına dəstək verdilər. Göndərdikləri çadırlarla insanlarımıza kömək etdilər. Çətin günlərimizdə bizimlə olan təşkilatımızın dost və qardaş xalqlarına səmimi-qəlbdən təşəkkür edirəm”, - deyə Prezident Rəcəb Tayyib Ərdoğan vurğulayıb.

Qeyd edib ki, Türk İnvestisiya Fondunun yaradılmasına dair razılaşma Zirvə görüşünün konkret nailiyyətlərindən biridir. Əminik ki, fond qardaş ölkələrimizin iqtisadi birliyinin möhkəmlənməsinə töhfə verəcək.

Rəcəb Tayyib Ərdoğan Ankara Zirvə görüşünün keçirilməsi təşəbbüsünə görə Azərbaycana, Türk Dövlətləri Təşkilatının hazırkı sədri Özbəkistana, həmçinin bütün iştirakçı dövlətlərə və nümayəndə heyətlərinə bir daha təşəkkür edib.

Bir sözlə, Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının Ankarada keçirilən Fövqəladə Zirvə görüşü Türkiyə- Azərbaycan müttəfiqliyinin və bütövlükdə Türk dünyasının inkişafında önəmli rol oynayacaq. Və TDT-nin yüksəlişində Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın həm beynəlxalq müstəvidə, həm də Türk dünyasında liderliyini təsdiqi olmaqla bütün dünya birliyinə göstərildi ki, bu iki liderin timsalında Azərbaycan-Türkiyə müttəfiqliyi kimi qardaşlıq nümunəsi yoxdur, birlikdə olmaqla gücümüzü, tək ürək olduğumuzu göstərdik.

Budur, qardaş dayağı, budur çətin günün sınağından çıxmaq. Budur, bir millət, iki dövlət münasibəti. Doğrudur, bu gün Türkiyə kimi bir güclü dövlətin Azərbacanla bir olması çox dövlətlərin qısqanclığına səbəb olub. Ancaq bir məqamı anlamaq lazımdır ki, Azərbaycan-Türkiyə illərin sınağından çıxmış, bu birlik möhkəmlənmişdir. Bu birliyi isə heç bir qüvvə sındıra bilməz! Türkiyə dövləti və xalqı bu çətin sınaqdan da şərəflə çıxacaq. Və bu kimi zəlzələlər, dağıntılar Türk xalqını sarsıda bilməz. Dostlarının, qardaşlarının dəstəyi ilə, xalqının birliyi ilə, iqtidarının səyi ilə Türkiyə yenə də ayaqda duracaq!!!

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər