Siyasət

  • 4 165

Azərbaycan - Almaniya ölkələrarası münasibətlərin yeni inkişaf mərhələsi ŞƏRH

image

Cari ilin 13-14 mart tarixlərində Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri iki ölkə arasında münasibətlərin daha da gücləndirilməsi və əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Səfər zamanı Prezident İlham Əliyev həm Almaniya Prezidenti Frank Valter Ştaynmayer, həm də Almaniyanın Federal Kansleri Olaf Şolts ilə təkbətək və geniş tərkibdə görüşü keçirilib, ikitərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə olunub.Almaniya Azərbaycanı Cənubi Qafqazda vacib tərəfdaş kimi qəbul edir, ölkəmizin regionda lider mövqeyini, həmçinin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü tam dəstəkləyir. Həmçinin, bu ölkə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rolunu təqdir edir.

Azərbaycanla Almaniya arasında əlaqələr iqtisadiyyat sahəsində kifayət qədər inkişaf edib. Eləcə də, ticarət dövriyyəsi genişlənib, qarşılıqlı ixrac artıb. Qeyd edək ki, 2022-ci ildə iki ölkə arasında ümumi ticarət dövriyyəsinin həcmi 1 milyard 255 milyon ABŞ dolları olub və Almaniya Azərbaycanın xarici ticarət dövriyyəsində əsas ölkələr sırasında 8-ci yeri tutub. Azərbaycandan Almaniyaya ixrac olunan məhsulların dəyəri həmin ildə 591,3 milyon ABŞ dolları olub. Ölkəmizdə qeydiyyatdan keçmiş 239 alman şirkəti var və hazırda onlardan 166-sının fəaliyyəti aktivdir. Belə ki, bu şirkətlər sənaye, kənd təsərrüfatı, nəqliyyat, rabitə, tikinti, bank, sığorta, ticarət və xidmət sahəsində fəaliyyət göstərirlər. Almaniya şirkətləri işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərində iştiraka maraq göstərirlər və bununla bağlı müraciət ediblər. Azərbaycan-Almaniya arasında enerji sahəsində də əməkdaşlıq yüksələn xətlə inkişaf edir. SOCAR və Almaniyanın “Uniper” şirkəti 2013-cü ildə uzunmüddətli qaz tədarükü haqqında müqavilə imzalayıblar. 2020-ci il dekabrın 31-dən Cənub Qaz Dəhlizi Azərbaycan təbii qazını İtaliyadakı qəbul nöqtəsi vasitəsilə Avropa İttifaqının bazarına çatdırır. “Uniper” şirkəti Avropa bazarında təbii qazın əsas alıcılarından biridir. Qeyd edək ki, bu, şirkətin ən uzunmüddətli qaz alışı layihəsidir (2020-2045). Bu günə qədər “Azərbaycan Qaz Təchizatı” şirkəti tərəfindən “Uniper”ə 3,1 milyard kubmetr qaz təchiz olunub. Həmçinin, ötən il SOCAR tərəfindən Almaniya istiqamətində 1,764,5 min ton xam neft ixrac edilib.

Azərbaycan Almaniya arasında humanitar əlaqələrin inkişafı çərçivəsində Xaricdə Təhsil üzrə Dövlət Proqramı çərçivəsində 900-dən çox azərbaycanlı tələbə Almaniyada təhsil alıb. Həmçinin, Alman Akademik Mübadilə Xidmətinin (DAAD) məlumatına görə, hazırda iki min nəfərə qədər Azərbaycan vətəndaşı Almaniyada təhsil alır. Təhsil alan tələbələrdən 75-i DAAD təqaüdçüsüdür. Bütün bunlarla yanaşı, Azərbaycanda alman dilinə böyük maraq var və ölkəmizdə bir sıra orta və ali təhsil müəssisələrində tədris olunur. 2018-ci ildə açılmış Bakı Höte Mərkəzi alman dilinin tədrisinə mühüm töhfə verir. Azərbaycan Almaniya şəhərləri ilə də əməkdaşlıq əlaqələrinin qurulmasına maraq göstərir. Belə ki, Bakı ilə Mayns, Sumqayıt ilə Lüdviqşafen şəhərləri qardaşlaşıblar.

Prezident İlham Əliyevin Almaniyaya səfəri çərçivəsində Cənubi Qafqaz regionundakı mövcud vəziyyət də geniş müzakirə olunub. Dövlətimizin başçısı Ermənistanla sülh sazişi imzalamaq barədə təşəbbüslə çıxış etdiyini vurğulayıb. Azərbaycan Prezidenti Almaniyanın Federal Kansleri Olaf Şolts ilə birgə mətbuat konfransında vurğulayıb: “Biz Ermənistana sülh təklif etmişik, 5 prinsip əsasında sülh müqaviləsini təklif etmişik. Ümid edirəm ki, Ermənistan bu şansı qaçırmayacaq, nəhayət Cənubi Qafqazda sülh və əməkdaşlıq dövrü başlayacaqdır”. Almaniyanın Prezidenti və Federal Kansleri isə Almaniyanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bir daha bəyan ediblər.

Prezident İlham Əliyevin səfəri zamanı keçirilən görüşlər, aparılan müzakirələr Azərbaycanla Almaniya arasında münasibətlərin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu, qarşılıqlı əlaqələrin davamlı olaraq inkişaf edəcəyini deməyə əsas verir.

Fərid Mustafayev

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər