PDF Oxu

Siyasət

  • 1 816

Almaniya-Azərbaycan əlaqələri yüksək səviyyədədir ŞƏRH

Almaniya-Azərbaycan əlaqələri yüksək səviyyədədir ŞƏRH

Prezident cənab İlham Əliyevin zəmanənin tələblərinə uyğun olaraq davam etdirdiyi daxili və xarici siyasət kursu ölkəmizin beynəlxalq aləmdə mövcud olan nüfuzunun yüksəlişini təmin etmişdir. Bu, bir reallıqdır ki, Azərbaycan bu gün dünyada etibarlı tərəfdaş kimi özünü təsdiq edib. Ölkəmiz təkcə regionda yox, qlobal əhəmiyyətli layihələrin reallaşmasında da söz sahibidir.

Məlum olduğu kimi, martın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasına işgüzar səfər etmişdir. Səfər çərçivəsində Dövlətimizin başçısı Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə, Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə əvvəlcə təkbətək, sonra isə geniş tərkibdə, Almaniya Kansleri Olaf Şolts ilə təkbətək, daha sonra geniş tərkibdə görüş keçirmiş, görüşdən sonra Azərbaycan Prezidenti və Almaniya Kansleri birgə mətbuat konfransı keçirmişlər.

Prezident İlham Əliyev çıxışı zamanı bir daha Azərbaycan həqiqətlərini, mövcud reallıqları diqqətə çatdırdı. Azərbaycan 30 ilə yaxın erməni işğalına məruz qaldığını vurğulayan dövlətimizin başçısı bu işğal və etnik təmizləmə nəticəsində torpaqlarımızın 20 faizə yaxını işğal altına düşdüyünü və bir milyon azərbaycanlı Ermənistan tərəfindən öz doğma torpaqlarından qovulduğunu və qaçqın-köçkün vəziyyətinə düşdüyünü, iki il yarım bundan əvvəl Vətən müharibəsi nəticəsində Azərbaycan xalqı öz ləyaqətini, ərazi bütövlüyünü, hüquqlarını döyüş meydanında bərpa etdiyini bildirdi.

Ölkə başçısının çıxışında diqqəti çəkən ən vacib məsələlərdən biri Qarabağın erməni ictimaiyyətinin nümayəndələrinin reinteqrasiya məsələləri ilə bağlı toxunduğu məqamlar idi. Cənab Prezident çıxışı əsnasında dövlətimiz tərəfindən müəyyən olunmuş nümayəndənin martın 5-də Azərbaycanın Qarabağ bölgəsindən olan sakinlərlə görüşdüyünü, Azərbaycan Prezidentinin Administrasiyası tərəfindən Qarabağ erməni ictimaiyyətinin nümayəndələrinin reinteqrasiya məsələləri və bir sıra infrastruktur layihələrinin həyata keçirilməsi üzrə təmasların davam etdirilməsi üçün Bakıya dəvət olunduğunu diqqətə çatdırdı və bu məsələnin sırf ölkəmizin daxili işi olduğunun və bunun nə Ermənistanla, nə də heç bir başqa ölkə və ya beynəlxalq təşkilatla müzakirə edilməyəcəyini bəyan etmiş oldu.

Prezident cənab İlham Əliyev həmçinin Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin mövcudluğunun və Laçın yolundan hərbi məqsədlər, hərbi daşınmalar üçün istifadənin Azərbaycan tərəfini narahat etdiyini bildirdi və separatizmin bütün forma və təzahürlərinin qəbuledilməz olduğunu vurğuladı.

Beləliklə, Səfər zamanı Prezident İlham Əliyevin keçirilən görüşlər, aparılan danışıqlar bir daha onu göstərdi ki, Almaniya-Azərbaycan əlaqələri yüksək səviyyədədir. Heç şübhəsiz ki, Prezident İlham Əliyevin məlum səfəri iki ölkə arasındakı ikitərəfli münasibətlərə çox böyük töhfə verəcəkdir.

Sahib Şükürov

YAP Göyçay rayon təşkilatının sədri

Digər xəbərlər