PDF Oxu

Siyasət

  • 1 994

Ramazanı qalib xalq, böyük Zəfər niyyətinə yetişmiş millət kimi qarşılayırıq TƏHLİL

Ramazanı qalib xalq, böyük Zəfər niyyətinə yetişmiş millət kimi qarşılayırıq TƏHLİL

"Müqəddəs Ramazan ayının başlanması münasibətilə bütün Azərbaycan xalqını və dünya müsəlmanlarını səmimi-qəlbdən təbrik edirəm! Qoy mübarək Ramazan ayı ürəklərdə saf duyğular və xoş niyyətlər oyatsın, hər bir ocağa ruzi-bərəkət, hər kəsin ailəsinə sağlıq, sevinc, səadət və əmin-amanlıq gətirsin! Uca Allah etdiyiniz duaları, tutduğunuz orucu qəbul etsin!". Bu fikirləri Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram hesabında Ramazan ayı ilə bağlı etdiyi paylaşımda bildirib.Müstəqil dövlətimizdə Azərbaycan xalqının milli və dini mərasimləri, bayramları hər il dövlət səviyyəsində qeyd olunur. Bildiyimiz kimi, martın 23-dən orucluq ayı başlanılıb. Ramazan ayı ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası Fətva verib. Fətvada deyilir ki, Ramazan ayı insanlara doğru yol göstərən, doğru yolu və haqqı batildən ayırmağı açıq-aşkar dəlillərlə bəyan edən Quranın nazil olduğu aydır.Qazılar Şurası builki Ramazan Fətvasını dindarlarımızın nəzər-diqqətinə təqdim edərək bildirib ki, Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının 32/201(Ş) saylı 14.12.2022 tarixli cavab məktubuna görə, bu il Ramazan ayının 1-i miladi təqvimlə mart ayının 23-nə təsadüf edir. "Möhtərəm qardaş və bacılar! On bir ayın sultanı olan Ramazani-şərif duaların qəbul olunduğu aylardandır. Şükürlər olsun ki, Qarabağ Fatehi kimi tarixi ad qazanan Prezidentimizin fədakar səyləri və müdrik siyasəti sayəsində biz Ramazanı qalib xalq, böyük Zəfər niyyətinə yetişmiş millət kimi qarşılayırıq. Mübarək ayın verdiyi bu fürsətdən istifadə edərək əzəli torpaqlarımıza Böyük Qayıdışın təmin olunması, viran qoyulmuş ərazilərimizə yeni nəfəs verilməsi, Qarabağda müasir həyat şəraitinin qurulması, vandalizmə məruz qalmış dini məbədlərin, məscidlərin bərpa edilməsi istiqamətində fövqəladə zəhmətlərinə görə dövlət başçısı İlham Əliyevə, eləcə də ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevaya Azərbaycan dindarları adından dərin minnətdarlığımızı bildirir, bu mübarək günlərdə onlara ən böyük İlahi nemət olan cansağlığı diləyirik" fətvada qeyd olunub.Mənəviyyat və əxlaqın zənginləşməsinə vəsilə olan oruc ibadəti insanın daxili saflığına, pis vərdişlərdən uzaq durmasına, Allah yolunda xeyirxah işlər görməsinə, fiziki və mənəvi cəhətdən sağlam olmasına səbəb olur. Orucluq ibadəti sosial yardımlaşmanı artıran, mənəvi dəyanəti gücləndirən İlahi qüvvəyə malikdir. Fətva da o da diqqətə çəkilir ki, mərhəmət və şəfqət ayı olan müqəddəs Ramazan ayı ərzində iftar süfrələri açmaq, yardım və xeyriyyəçilik etmək, ehtiyacı olanlara, kimsəsiz insanlara, uşaq evlərinə, ahıl və qocalara imkan daxilində köməklik göstərmək Allah nəzərində bəyənilən əməllərdəndir: "Quran tilavəti, valideynlərin qayğısına qalmaq, dünyasını dəyişənlərin ruhlarını yad etmək, elm-irfan və ibadətlə məşğul olmaq bu ayda ən böyük savabdır. Tövsiyə edirik ki, bu mübarək günlərdə torpaqlarımız, Vətənimiz uğrunda canlarını fəda edən qəhrəman şəhidlərin xatirəsi yad edilsin, ruhlarına dualar oxunsun, şəhid və qazi ailələrinə qayğı və diqqət göstərilsin".

Milli-mənəvi dəyərlərimiz, adət-ənənələrimiz xalqımızın tarixində, özünüdərkində mühüm əhəmiyyət daşıyır. Azərbaycanda bütün dinlərin və etnik qrupların nümayəndələri birgə yaşayır və ölkəmizin uğurlu inkişafına töhfələrini verirlər. Bütün dinlərə hörmətlə yanaşan Azərbaycanın islami dəyərlərə də olan münasibəti də əməli fəaliyyətdə aydın görünür. Müxtəlif dinlərin məbədlərinə qayğı və diqqət, o cümlədən dini ocaqlarımıza məscidlərimizə olan münasibət Azərbaycanda din-dövlət münasibətlərinin, vətəndaş həmrəyliyinin yüksək səviyyəsini nümayiş etdirir. Bu gün Azərbaycan dünyəvi, müasir, dünyaya açıq olan dövlət olmaqla yanaşı, milli dəyərlərə, adət-ənələrinə də böyük hörmətlə yanaşan bir ölkədir. Dövlət başçısı mütəmadi olaraq din xadimləri ilə görüşür, dini konfessiyalara maddi yardımlar edilir, dini ibadət yerləri təmir-bərpa olunub inanclı insanların istifadəsinə verilir. Ölkə ərazisində 2200-dən artıq məscid fəaliyyət göstərir. Respublikamızda həyata keçirilən din siyasəti demokratik dövlət quruculuğu kursuna, eləcə də dövlət-din münasibətlərinin mənəvi və hüquqi müstəvidə tənzimlənməsi prinsipinə əsaslanır. Bu gün ölkəmizdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi fəaliyyət göstərir. Azərbaycan Prezidentinin məlum Fərmanı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu yaradılıb.

Ramazan ayı insanlara doğru yol göstərən, doğru yolu və haqqı batildən ayırmağı açıq-aşkar dəlillərlə bəyan edən Quranın nazil olduğu aydır. Oruc tutmaqla inanclı insanlara mənəvi-ruhi ucalığın, əxlaqi saflığın fərəhini, şəfqət, mərhəmət, həmrəylik duyğularının sevincini yaşayırlar. Ramazan ayı ilahi hikmətlər xəzinəsi müqəddəs Qurani-Kərimin nazil olması ilə əlamətdardır. İslamda ilin ayları arasında ən şəfaqətli və ən müqəddəs ay hesab edilən Ramazan ayı insanları gözəl niyyətlər və xeyirxah əməllər naminə birliyə çağırır ki, Azərbaycan xalqı da bu ay ərizində əmin-amanlıq, qardaşlıq kimi dəyərləri nümayiş etdirmiş olacaq. Oruc tutmaqla insanlar iradə qüvvələrini, dözümlüyünü, təmiz olduqlarını da göstərə biləcəklər. Müsəlmanlar bu ayda Allah və din qarşısında borc və vəzifələrini ləyaqətlə yerinə yetirmək fürsəti qazanacaqlar.

İslam və onun mahiyyətindən irəli gələn sülhpərvərlik, dözümlülük, bərabərlik, qardaşlıq və bu kimi dəyərlər Azərbaycanda tolerantlıq mühitinin, cəmiyyətdə vəhdət və harmoniyanın yaranmasında, multikulturalizm və humanizm ideyalarının bərqərar olmasında müstəsna rol oynayıb.Xalqımız artıq üçüncü ildir ki, Ramazan ayına qalib xalq, Vətən və şəhadət eşqi sayəsində 30 illik işğala son qoymuş millət kimi qədəm qoyur.Hər il olduğu kimi, bu il də Qafqaz Müsəlmanları İdarəsi mübarək Ramazan ayının gündəlik duaları, imsak-iftar vaxtlarını əks etdirən xüsusi təqvim tərtib edib. Oruc ibadətinin mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür.

Ramazan bayramı aprel ayının 21 və 22-sinə təsadüf edir. Allah oruc və namazlarımızı qəbul etsin!

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər