Prezident İlham Əliyev: "Biz bu gün doğma Qarabağ torpağında, doğma Zəngəzur torpağında dayanmışıq və burada əbədi yaşayacağıq".
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuz, rəşadətli əsgərlərimiz düşmən tapdağı altında qalan torpaqlarımızı azad etdi, bu tarixi zəfərlə xalqımıza əvəzsiz qürur hissi yaşatmış oldu. 44 günlük Vətən müharibəsində qısa bir zamanda uğurlu əməliyyatlar nəticəsində düşmən tapdağı altında olan torpaqlarımızın işğaldan azad olunması ilə Ermənistanın 30 ilə yaxın davam edən işğalçılıq siyasətinə son qoyuldu. Ermənistan tərəfindən işğal altında saxlanılmış bu ərazilərdə Azərbaycanın şəhərləri və digər yaşayış məntəqələri, o cümlədən infrastruktur obyektləri tamamilə dağıdılıb, milli-mədəni irsimiz məhv edilib, təbii sərvətlərimiz talan olunub. Bu gün işğaldan azad olunan ərazilərimizdə abadlıq-quruculuq işlərinə başlanılıb. Azərbaycanın iqtisadi gücü işğaldan azad olunan ərazilərdə yeni həyatın başlanmasına imkan verir. Azərbaycan yalnız özünün maliyyə resurslarına arxalanaraq sıfırdan yeni şəhər və kəndlər salır. 2021-ci ildə bu məqsədlə dövlət büdcəsindən 1,3 milyard, 2022-ci ildə isə 2,2 milyard ABŞ dolları məbləğində vəsait ayrılmışdır. Təbii ki, Böyük Qələbənin nəticəsində yaradılmış yeni reallıq Qarabağın bərpası və inkişafını nəzərdə tutan Böyük Qayıdış strategiyasının aktuallığını təmin edir.
"BU GÜNDƏN BİR İL KEÇMƏDƏN TALIŞ KƏNDİNDƏ 180-Ə YAXIN AİLƏ YAŞAYACAQ"
Məcburi köçkün adı altında 30 ilə yaxın yaşamış vətəndaşlarımız artıq bu adın ağrı-acısı altında yaşamırlar. Hazırda işğaldan azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir.Bildiyimiz kimi, bu yaxınlarda Talış kəndinə köç oldu. Birinci mərhələdə 20 ev bərpa edilib və yenidən qurulub. Evlərin daxili hissələri və fasadı əsaslı təmir edilib, dam örtükləri tamamilə sökülərək yenilənib. Hər evin həyətyanı ərazisində əsaslı landşaft işləri görülüb, fərdi əkin sahələri yaradılıb və təsərrüfat anbarları inşa edilib. Bütün evlərin mövcud hasarları sökülüb, əvəzində yeni hasarlar tikilib. Evlərin daxili kommunikasiya xətləri yenidən qurulub. Böyük Qayıdış Proqramı çərçivəsində martın 16-da Tərtər rayonunun Talış kəndinə ilkin mərhələdə Bakı, Bərdə, Tərtər, Samux və Goranboyda əsasən ağır şəraitdə, qəzalı vəziyyətdə olan müvəqqəti məskunlaşma yerlərində yaşayan 20 ailə köçürülüb. İlk mərhələdə Talış kəndində məskunlaşdırılan 20 ailə arasında şəffaflıq və ədalətlilik prinsipləri əsasında ev bölgüsü aparılması məqsədilə püşkatma keçirilib. Püşkatma nəticəsində ailələrin hər birinə veriləcək evin ünvanı müəyyənləşdirilib. Onlardan 15-i üçotaqlı, 1-i ikiotaqlı, 4-ü dördotaqlı fərdi evlə təmin olunub. "Talış kəndinin yenidən qurulmasına başlanmasından hələ bir il keçməyib. Artıq Talış kəndinə 20 ailə qayıdıbdır və 180-ə yaxın ailə qayıdacaqdır. Bu gündən bir il keçmədən Talış kəndində 180-ə yaxın ailə yaşayacaq. Bu ailələr üçün bütün imkanlar yaradılıb. İndi hər kəs görə bilər nə gözəl evlər, məktəb, uşaq bağçası, ictimai binalar tikilib, məşğulluq üçün şərait yaradılıb. Biz qurub-yaradan xalqıq. Ermənistandan fərqli olaraq, biz öz ərazimizdə qurub-yaradırıq", - deyə Prezident Novruz bayramı münasibətilə Azərbaycan xalqına müraciətində bildirib.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva martın 18-də Tərtər rayonunun Talış kəndində görülən işlərlə tanış olublar.Dövlətimizin başçısı və Birinci xanım əvvəlcə Talış kəndində Xatirə daşına baxış keçiriblər. Qeyd edək ki, dövlətimizin başçısı 2021-ci il oktyabrın 4-də Talış kəndindəki Bayraq meydanında Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb. İşğaldan azad edildikdən sonra Azərbaycan Prezidentinin tapşırıqları əsasında Talış kəndində tikinti-bərpa işləri aparılıb, yeni evlər inşa olunub, zəruri infrastruktur yaradılıb. Kənddə aparılan təmir-bərpa işlərinin birinci mərhələsi çərçivəsində Bayraq meydanında abadlıq işləri görülüb. Talış kəndinin yüksək nöqtələrindən birində sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün istirahət guşəsi və seyr meydanı tikilib. Görülən işlər çərçivəsində 10 qeyri-yaşayış və ictimai iaşə obyekti də bərpa olunub və tamamilə yenidən qurulub. Bu obyektlərin ərazisində abadlıq işləri görülüb. Bunlardan biri də inzibati binadır. Mövcud ikimərtəbəli inzibati bina əsaslı təmir edilib, dam örtüyü sökülərək yenidən qurulub. İnzibati binanın qarşısındakı ərazidə kənd meydanının bərpası həyata keçirilib və burada geniş yaşıllaşdırma işləri aparılıb. Binanın bütün kommunikasiya sistemləri yenidən qurulub. İnzibati bina yanğın siqnalizasiya, rabitə və videomüşahidə sistemləri ilə təchiz edilib. Burada uşaq bağçası da salınıb. Uşaq bağçasının birmərtəbəli binası da əsaslı təmir edilib. Bütün kommunikasiya sistemləri yenidən qurulub və bina yanğın siqnalizasiya, rabitə, videomüşahidə və fövqəladə hal xəbərverici sistemləri ilə təchiz edilib. Binanın daxili hissəsi bütün lazımi texniki xidmət avadanlığı ilə təchiz olunub. Həyətyanı ərazidə uşaqlar üçün rezin örtüklü oyun meydançası və iki söhbətgah inşa olunub. Bir sözlə, burada balacaların vaxtlarını maraqlı və səmərəli keçirmələri üçün hərtərəfli şərait yaradılıb. Talış kəndindəki 78 şagird yerlik məktəb binasının da bərpası və yenidən qurulması həyata keçirilib. Dam örtüyü tamamilə yenilənib, kommunikasiya sistemləri yenidən qurulub. Bina yanğın siqnalizasiya, rabitə, zəng, videomüşahidə sistemləri ilə təchiz edilib. Təhsil ocağının binasının birinci və ikinci mərtəbələrində sinif, tibb və müəllimlər otaqları, mansardda isə akt zalı və kitabxana yerləşir. Məktəbin həyətyanı ərazisində süni ot örtüklü futbol və idman meydançaları yaradılıb.
HƏRB MEYDANINDA SÖZÜNÜ DEYƏN AZƏRBAYCAN BU GÜN QURUCULUQ MEYDANINDA DA ÖZ SÖZÜNÜ DEYİR
Dayanıqlı sülhə, tərəqqiyə əsaslanan Azərbaycan Vətən müharibəsindən ötən müddət ərzində işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi, müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması istiqamətində kifayət qədər layihələri həyata keçirib və bu davamlıdır. Eləcə də nəqliyyat-kommunikasiya xətlərinin bərpası, xüsusilə Zəngəzur dəhlizinin açılması istiqamətində mühüm işlər görülüb. Qısa bir zamanda Böyük Qayıdışın ilk karvanı olan Ağalıya edilən köç, eləcə də, Şuşada, Füzulidə və digər ərazilərdə görülən işlər bunu deməyə əsas verir. Bu Azərbaycanın gücünün göstəricisidir. Beynəlxalq hava limanlarının inşa olunması, 100 kilometrlərlə dəmir yolunun çəkilməsi regionun logistik simasını tamamilə dəyişdirəcəkdir.
Hərb meydanında sözünü deyən Azərbaycan bu gün quruculuq meydanında da imza atdığı lahiyələri ilə sözünü deyir. İşğaldan azad olunan ərazilərdə böyük abadlıq-quruculuq işləri davam etdirilir. Bildiyimiz kimi, azad olunmuş Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası elan edilmişdir. Bu və ya digər layihələr çox böyük perspektivə malikdir. Azərbaycan dövləti postpandemiya və postkonflikt dövründə keyfiyyətcə yeni olan və 2022-2030-cu illəri əhatə edən strateji inkişaf mərhələsinə daxil olub. Uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar milli iqtisadiyyatın davamlı inkişafını, müasir sosial-iqtisadi infrastruktur quruculuğu proseslərinin sürətlənməsini, insan kapitalının davamlı inkişafını təmin edir. Bildiyimiz kimi, qarşıya qoyulmuş hədəflərin reallaşdırılması məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin məlum Sərəncamı ilə "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" təsdiq edilib. Bu prioritetlərə söykənən dövlət başçısının Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2022 - 2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda əks olunmuş "İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış" Milli Prioritetinin icrasının təmin edilməsi məqsədilə "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" təsdiq edildi.
Qarşıya qoyulan Strateji prioritetlər sırasında "universallıq", "inteqrasiyalı yanaşma" və "heç kimin geridə qalmaması" kimi prinsiplərə əsaslanan Dayanıqlı İnkişaf Məqsədlərinə və onların müvafiq hədəflərinə uyğunlaşdırılması da yer alıb. İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması, bərpası, dayanıqlı inkişafının və əhalinin yüksək həyat səviyyəsinin təmin olunması üçün zəruri infrastrukturun yaradılması istiqamətində ardıcıl tədbirlər görülür. Məlumdur ki, Azərbaycan Zəfər qazandıqdan sonra işğaldan azad edilmiş ərazilərdə müxtəlif yaşayış məntəqələri arasında, eləcə də bu məntəqələri ölkənin digər şəhər və rayonları ilə birləşdirən nəqliyyat infrastrukturu formalaşdırılmağa başlanıldı. Əlbəttə ki, strateji əhəmiyyət kəsb edən məsələlərin çevik həllinə xidmət edən peşəkar idarəetmə sisteminin mövcudluğu işlərin sürətlə və səmərəli həyata keçirilməsində mühüm əhəmiyyət kəsb edir.
"Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın icrası nəticəsində nəzərdə tutulan hədəf göstəricilərinə uyğun olaraq 2026-cı ilədək ərazilərdə görüləcək işlər əhalinin təhlükəsizliyinin təmin olunmasına, eləcə də etibarlı, keyfiyyətli və dayanıqlı infrastrukturla təminatın həyata keçirilməsinə su, qaz, elektrik, istilik və s. infrastrukturun yenidən qurulmasına və s. yönəldilib.Bu Dövlət Proqramının hazırlanmasında mütərəqqi beynəlxalq təcrübə, bu sahədə strateji inkişaf tendensiyaları, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi potensialı və dünya iqtisadiyyatının müasir çağırışları nəzərə alınıb. 2025-ci ildə isə Laçında Beynəlxalq Hava Limanının istifadəyə verilməsi nəzərdə tutulur. Bərdə-Ağdam dəmir yolu isə cari ildə istifadəyə veriləcək.Artıq işğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndinə Böyük Qayıdışın ilk karvanı yola düşmüşdü. Birinci, İkinci, Üçüncü Ağalı kəndləri 2020-ci ilin oktyabrın 28-də işğalçılardan azad edildi. Altı aydan sonra Ağalıda yeni kəndin təməl daşı qoyuldu. Ağalı kəndinə əhalinin köçürülməsi Böyük Qayıdışın ilk sorağı idi. Ağalı kəndinə birinci mərhələdə 41 ailə köçürüldü. İlkin mərhələdə köçürülən ailələr əsasən, müvəqqəti məskunlaşma yerlərində ən ağır şəraitdə yaşayanlar arasından seçildi.
Ağalı kəndinə köçün növbəti mərhələsinə 20 ailə, 94 nəfər Zəngilanın Ağalı kəndinə köçürüldü. Bu günədək Böyük Qayıdış layihəsi çərçivəsində Zəngilan rayonunun Ağalı kəndinə ümumilikdə 86 ailə, 420 nəfər köçürülüb. Köçürülən keçmiş məcburi köçkünlərin böyük qismi əsasən, daha ağır şəraitdə yaşayanlardır. Müvafiq qurumlar tərəfindən sakinlər peşə ixtisaslarına və bacarıqlarına uyğun şəkildə işlə təmin ediləcəklər. Onlar müxtəlif dövlət qurumlarında, ictimai iaşə obyektlərində, tikinti şirkətlərində, tikiş fabrikində və digər yerlərdə çalışacaqlar. Köçürülmüş əhali üçün bütün infrastruktur şərait - dövlət xidmətləri mərkəzi, məktəb, bağça, bank, poçt, ictimai iaşə obyektləri və sair mövcuddur.Ağalı kəndində müasir şəhərsalma standartları tətbiq olunub. Küçələrin "ağıllı" işıqlandırılması, isti və soyuğadavamlı ekoloji evlərin inşası, məişət tullantılarının idarə olunması, günəş panellərinin quraşdırılması kimi amillər bu konsepsiyanın tərkib hissələridir.
"HƏR KƏSƏ, BÜTÜN DÜNYAYA SÜBUT ETMİŞİK Kİ, BÖYÜK XALQIQ VƏ ƏRAZİ BÜTÖVLÜYÜNÜ ÖZ GÜCÜMÜZƏ BƏRPA EDƏN ÖLKƏ KİMİ BUNDAN SONRA DA ANCAQ VƏ ANCAQ İRƏLİYƏ GEDƏCƏYİK"
Qeyd edək ki, dövlət başçısı səfəri çərçivəsində Talış-Tapqaraqoyunlu-Qaşaltı sanatoriyası avtomobil yolunun açılışında iştirak edib. Bildirək ki, Prezident İlham Əliyev tərəfindən 2021-ci il oktyabrın 3-də Tərtər rayonunda təməli qoyulan və 4 yaşayış məntəqəsini birləşdirən yeni avtomobil yolunun uzunluğu 22 kilometrdir. Talış-Tapqaraqoyunlu-Qaşaltı sanatoriyası yeni avtomobil yolunun eni 19 kilometrlik hissədə 9 metr, 3 kilometrlik hissədə isə 6 metr təşkil edir.Bu yolun inşası layihəsi çərçivəsində İncəçay üzərində uzunluğu 84 metr olan avtomobil körpüsü tikilib. Üçaşırımlı körpünün eni 14,5 metrdir. Körpü 9 bal seysmiklik nəzərə alınmaqla inşa edilib.
Qeyd edək ki, Tərtər rayonunun işğaldan azad edilmiş Talış, Goranboy rayonunun Tapqaraqoyunlu və Qaşaltı Qaraqoyunlu kəndlərini keçməklə Naftalan şəhərinə doğru uzanan yeni yolun inşası yolboyu yerləşən yaşayış məntəqələrinin sakinlərinin rahat gediş-gəlişi ilə bərabər, bölgənin sosial-iqtisadi inkişafına töhfə verəcək. Yeni yol, həmçinin Tərtər şəhəri ilə yanaşı, alternativ olaraq Naftalan şəhərindən də bu istiqamətdə rahat və təhlükəsiz hərəkəti təmin edəcək."Biz bu gün doğma Qarabağ torpağında, doğma Zəngəzur torpağında dayanmışıq və burada əbədi yaşayacağıq. Azərbaycan xalqı haqlı olaraq qürur hissi ilə yaşayır. Bizim hər birimiz, xaricdə yaşayan azərbaycanlılar da daxil olmaq şərtilə iki il yarım müddət ərzində qürur hissi ilə yaşayırıq. Necə ki, Vətən müharibəsində 44 gün ərzində irəliyə getmişiksə, müharibə başa çatandan sonra bütün sahələr, bütün istiqamətlər üzrə irəliyə gedirik və gedəcəyik",- deyə dövlət başçısı bildirib.
Zümrüd BAYRAMOVA