PDF Oxu

Siyasət

  • 2 589

Azərbaycan – Türkiyə daim bir-birinin yanındadır ŞƏRH

Azərbaycan – Türkiyə daim bir-birinin yanındadır ŞƏRH

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə iştirak etmək üçün martın 15-də Türkiyəyə səfər etmişdir. Səfər çərçivəsində Dövlət başçımız Ankarada Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüş keçirmiş, martın 16-da Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə iştirak etmişdir.

Prezident İlham Əliyev görüşdə çıxış edərək Azərbaycan – Türkiyə münasibətlərinə toxundu. Dövlətimizin başçısı qeyd etdi ki, ölkələrimiz həm sevincli, həm də kədərli günlərdə daim bir-birinin yanında olmuşdur və bundan sonra da belə olacaqdır. Tariximizə qızıl hərflərlə yazılmış Vətən müharibəsindən bəhs edən Prezident İlham Əliyev 44 günlük müharibə dövründə Türkiyə xalqının Azərbaycanın yanında olduğunu qeyd etdi. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın ilk anlardan başlayaraq son günə qədər göstərdiyi siyasi və mənəvi dəstəyin Azərbaycana əlavə güc verdiyini xüsusi ilə diqqətə çatdırdı.

Dövlətimizin başçısı Türkiyədə baş vermiş dəhşətli zəlzələnin, onun yaratdığı ağır fəsadların Azərbaycan dövləti və xalqı tərəfindən çox böyük üzüntüylə qarşılandığını bildirdi. Prezident İlham Əliyev qeyd etdiyi kimi, təbii fəlakətin baş verdiyi ilk andan Azərbaycan dövləti və xalqı bütün varlığı ilə Türkiyənin yanında oldu.

Cənab prezident çıxışında Türkiyənin dünyada mövcud olan nüfuzu və etimadı ilə bağlı fikirlər səsləndirdi. Dövlət başçımız Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın sayəsidə qardaş ölkə çox böyük və şərəfli yol keçdiyini, dünyada söz sahibi olduğunu vurğuladı və qeyd etdi ki, bu gün dünyada Türkiyə ilə hesablaşırlar və ona hörmət edirlər.

Prezident İlham Əliyev çıxışında 30 illik işğal dövründə yüzlərlə şəhər və kəndimiz, tarixi və dini abidələr, qəbiristanlıqlar Ermənistan tərəfindən məqsədli şəkildə dağıdıldığını,yerlə - yeksan edilən Ağdam şəhərini xarici ekspertlərin “Qafqazın Hirosiması” adlandırdıqlarını, Qarabağ və Şərqi Zəngəzurda 67 məsciddən 65-i ermənilər tərəfindən dağıdıldığını, qalan ikisindən isə donuz və inək tövləsi kimi istifadə etdiklərini diqqətə çatdırdı. Dövlət başçımız həmçinin bildirdi ki, Ermənistanın işğalına görə Azərbaycan dünyada mina ilə ən çox çirkləndirilmiş ölkələr arasındadır. İkinci Qarabağ müharibəsindən sonra, yəni 2020-ci ilin noyabr ayından bəri 300-ə yaxın azərbaycanlı mina partlayışı nəticəsində həlak olmuş və ya ağır yaralanmışdır.

Beləliklə, Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə çıxış edrək bir daha Azərbaycan həqiqətlərini, mövcud reallıqları, ermənilərin xalqımıza qarşı törətdikləri vəhşilikləri, vandalizmi diqqətə çatdırdı.

Sahib Şükürov

Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının sədri

Digər xəbərlər