PDF Oxu

Siyasət

  • 1 927

Azərbaycan-Türkiyə qardaşlığı türk birliyinin inkişafına töhfə verir ŞƏRH

Azərbaycan-Türkiyə qardaşlığı türk birliyinin inkişafına töhfə verir ŞƏRH

Azərbaycan və Türkiyə həm sevincli, həm də kədərli günlərdə daim bir-birinin yanında olmuşdur və bundan sonra da belə olacaq. Qardaş Türkiyədə çoxsaylı insanın tələfatına və xəsarət almasına səbəb olan güclü zəlzələ baş vermiş və fəsadları bizi- Azərbaycan xalqını olduqca kədərləndirib. Bu dağıdıcı zəlzələ on minlərlə insanın həyatına son qoyub. Azərbaycan hökuməti və xalqı zəlzələ baş verən andan qardaş Türkiyəyə humanitar yardımlar etmək üçün səfərbər olmuşdur.Bu günə qədər 76 milyon 344 min 930 manat (44 milyon 908 min 783 ABŞ dolları) AFAD və digər humanitar qurumların bank hesabına köçürülmüşdür. Bununla yanaşı, qardaş Türkiyəyə 53 milyon 568 min 530 manat (31 milyon 510 min 900 dollar) dəyərində humanitar yardım çatdırılmışdır. Birbaşa göstərilmiş maliyyə yardımının ümumi məbləği isə 22 milyon 776 min 400 manatdır (13 milyon 397 min 883 dollar). Azərbaycandan xilasedicilər, tibb personalı və könüllülər zəlzələ bölgəsinə göndərilib. Türkiyəyə göndərilən xilasedicilərin sayına görə Azərbaycan dünya ölkələri arasında birinci olub. Xilasedicilərimizin və həkimlərimizin səyi nəticəsində dağıntılar altından 53 nəfər sağ çıxarılıb. Həmçinin 780 nəfərin cəsədi dağıntılar altında aşkar edilib. Tibb personalımız ümumilikdə 3 mindən artıq şəxsə tibbi xidmət göstərib. Dövlət qurumları tərəfindən Türkiyəyə 6665 çadır, 145 konteyner tipli mobil ev göndərilib, 2 səhra hospitalı və 4 səhra mətbəxi qurularaq zəlzələdən zərər çəkən insanlara xidmət edib. Havaların soyuq keçməsi evləri zəlzələ nəticəsində dağılan insanları daha ağır vəziyyətə saldığından bu problemləri aradan qaldırmaq məqsədilə dövlət qurumları tərəfindən zəlzələ bölgəsinə 786 elektrik generatoru, 11 min 299 ədəd qızdırıcı və texniki avadanlıq, 95 min 580 yataq və yataq ləvazimatı, 207 min 65 dəst isti paltar, 252 ton yanacaq göndərilib.Azərbaycan və Türkiyə hər daim bir-birinin yanında olmuş və bir birilərinə dəstək olmuşlar. Buna misal olaraq İkinci Qarabağ müharibəsini göstərə bilərik.Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın 2020-ci ildə İkinci Qarabağ müharibəsində ilk saatlardan başlayaraq son günə qədər Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstək bizə əlavə güc verdimişdi.Eyni zamanda, bu müharibə dövründə bütün Türkiyə xalqı Azərbaycanın yanında idi. Müharibə zamanı və tarixi Zəfərimizdən sonra Türkiyədən minlərlə dəstək və təbrik mesajları gəlmişdir.2021-ci ilin iyun ayında Qarabağın tacı olan Şuşa şəhərində Türkiyə ilə Azərbaycan arasında Şuşa Bəyannaməsi imzalanmışdır və bizim əlaqələrimiz rəsmən müttəfiqlik səviyyəsinə qaldırılmışdır.Əminik ki, bundan sonra da uzun illər Azərbaycan və Türkiyə arasındakı qardaşlıq əsasında qurulmuş əlaqələrin daha da möhkəmləndirilməsinə böyük töhfələr veriləcəkdir. Türkiyə son 20 ildə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə böyük və şərəfli yol keçmiş, dünyada söz sahibi olmuş, güc mərkəzinə çevrilmişdir. Bu gün dünyada Türkiyə ilə hesablaşırlar və ona hörmət edirlər.Türkiyənin hərbi gücünü, müdafiə sənayesi sahəsində böyük uğurlarını indi dünyada hər kəs görür. Bu illər ərzində Türkiyədə davamlı sabitliyin təmin olunması, ölkənin inkişafı bütün Türk dünyası üçün önəmli şərtdir. 2022-ci ildə Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilmiş Zirvə görüşündə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın Türk Dünyasının Ali Ordeni ilə təltif edilməsi onun Türk dünyasının gücləndirilməsində böyük xidmətlərini bir daha sübut edir.Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan martın 16-da Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşünün yekunları ilə bağlı yerli və xarici jurnalistlər üçün keçirdiyi brifinqdə vurğuladı ki: “Türk İnvestisiya Fondunun yaradılmasına dair razılaşma Zirvə görüşümüzün konkret nailiyyətlərindən biridir. Fond qardaş ölkələrimizin iqtisadi birliyinin möhkəmlənməsinə töhfə verəcək”. Rəcəb Tayyib Ərdoğan Sammitdə üzv ölkələrin aidiyyəti qurumları arasında əməkdaşlığın daha yüksək səviyyəyə çatdırılmasının və növbəti Zirvə görüşünə qədər Türk Dövlətləri Təşkilatı mülki müdafiə mexanizminin yaradılmasının qərara alındığını diqqətə çatdırıb.Mövcud və gələcəkdə yaşana biləcək çətinliklərin dəf edilməsi üçün üzv ölkələrin həmrəyliyinin gücləndirilməsinin önəmini vurğulayan Prezident Rəcəb Tayyib Ərdoğan bildirib: “Bunun üçün Türk Dövlətləri Təşkilatının imkanlarını artırmalıyıq. Tarixi, mədəni və humanitar dəyərlərə söykənməyən qurumların yerində saydığı bir dövrdə Türk Dövlətləri Təşkilatı yeni güc mərkəzinə çevrilməkdədir”.Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının Ankarada keçirilən Fövqəladə Zirvə görüşü Türkiyə- Azərbaycan müttəfiqliyinin və bütövlükdə Türk dünyasının inkişafında önəmli rol oynayacaq. Azərbaycanın təşəbbüsü ilə reallaşan bu görüş Türk dünyasının yeni yüksəliş dövrünün başlanğıcı sayıla bilər. Azərbaycan və Türkiyə əlaqələrinin bütün sahələrdə yüksək səviyyəyə çatdırması digər Türk dövlətləri üçün yol xəritəsi rolunu oynayır. Avropa və Asiyanı əhatə edən Türk dövlətləri böyük iqtisadi və siyasi potensiala sahibdirlər. Müasir dövrün reallıqları göstərir ki, Türk dünyası birgə addımlamalı, birlikdə böyüyüb, inkişaf etməli, əngəllərə qarşı birgə mübarizə aparmalıdır.

Nicat İsmayılov

YAP Yasamal rayon “Akim Abbasov küçəsi 73 E” ünvanı üzrə ərazi partiya təşkilatının sədri

Digər xəbərlər