PDF Oxu

Siyasət

  • 2 248

Türkiyə-Azərbaycan münasibətləri yeni müstəvidə ŞƏRH

Türkiyə-Azərbaycan münasibətləri yeni müstəvidə ŞƏRH

Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincli, kədərli günlərdə də biri digərinin yanında olub. Ulu öndər Heydər Əliyevin bir millət, iki dövlət olaraq xarakterizə etdiyi Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir.

Azərbaycanın yürütdüyü xarici siyasət kursu belə bir situasiyada dövlətimizin maraqlarının qorunması və qlobal arenada mövqelərinin möhkəmlənməsinə xidmət etdiyindən yeni siyasi düzənin bütün spektrləri üzrə fəal iş aparılır. Məsələn, Qoşulmama Hərəkatında liderlik mövqeyi Azərbaycan üçün geniş geosiyasi müstəvidə böyük imkanlar yaradıb. Beynəlxalq münasibətlərdə Azərbaycanın mühüm rol oynadığı platformalardan biri də Türk Dövlətləri Təşkilatıdır. Belə ki, qardaş Türkiyə ilə strateji müttəfiqliyin əsasında yaradılan Türk Dövlətləri Təşkilatı dünyada yeni bir güc mərkəzinə çevrilməklə yanaşı, həm də regional iqtisadi-siyasi proseslərə ciddi təsir imkanlarına malik nüfuzlu bir qurumdur. Ona görə də Prezident İlham Əliyevin təşəbbüsü ilə Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü bu baxımdan yeni yüksəliş dövrünün başlanğıcı sayıla bilər.

Baş verən zəlzələ faciəsindən sonra Prezident İlham Əliyevin təşəbbüsü ilə Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü xüsusi əhəmiyyət kəsb edirdi. Görüşdə Azərbaycan-Türkiyə münasibətlərinə toxunan dövlətimizin başçısı qeyd etdi ki, ölkələrimiz həm sevincli, həm də kədərli günlərdə daim bir-birinin yanında olub. Prezident şərəfli Vətən müharibəsindən danışaraq Rəcəb Tayyib Ərdoğanın ilk anlardan başlayaraq son günə qədər göstərdiyi siyasi və mənəvi dəstəyin Azərbaycana əlavə güc verdiyini xüsusi vurğulayıb. Həmçinin, 44 günlük müharibə dövründə bütün Türkiyə xalqı Azərbaycanın yanında oldu. Prezident daha sonra qardaş Türkiyədə çoxsaylı insan tələfatına səbəb olan dəhşətli zəlzələnin, onun yaratdığı ağır fəsadların Azərbaycan dövləti və xalqı tərəfindən ürək ağrısı ilə qarşılandığını söyləyib.

Prezidentin qeyd etdiyi kimi, ilk andaca Azərbaycan dövləti bütün varlığı ilə Türkiyənin yanında oldu. İstər dövlət, istər vətəndaşlarımız bir sinədə döyünən Türkiyəyə humanitar yardımlar etmək üçün səfərbər olundu. Prezident İlham Əliyev çıxışında keçən il Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilmiş Zirvə görüşünə də toxunaraq qeyd edib ki, R.T.Ərdoğanın Türk Dünyasının Ali Ordeni ilə təltif olunması Türkiyə liderinin Türk dünyasının gücləndirilməsində xidmətlərinin daha bir sübutudur. Bundan sonrakı fəaliyyətində də Rəcəb Tayyib Ərdoğan Türk dünyasının inkişafına, əlaqələrin daha da möhkəmləndirilməsinə böyük töhfələr verəcək.

Könül İbrahimova

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin

Fiziologiya İnstitutu üzrə ərazi partiya təşkilatının sədri

Digər xəbərlər