PDF Oxu

Siyasət

  • 1 519

Venesiya Komissiyası arxivlik olanları xilas etməyə çalışır TƏHLİL

Venesiya Komissiyası arxivlik olanları xilas etməyə çalışır TƏHLİL

İlqar Məmmədov və Əli Kərimli siyasi arenanı tərk edirlər

44 günlük Vətən müharibəsində Azərbaycan Prezidenti, Yenilməz Sərkərdə İlham Əliyevin rəhbərliyi ilə Müzəffər ordumuzun 30 il erməni işğalı altında olmuş torpaqlarımızı azad etməsi beynəlxalq aləmdə ölkəmizin imicinin, inam və etimadının daha da möhkəmlənməsinə imkanlar yaratdı. Artıq beynəlxalq birlik, ayrı-ayrı ölkələr Azərbaycana daha çox hörmət bəsləyir və siyasi, hərbi təşəbbüsünə açıq formada dəstək verirlər. Son vaxtlar Azərbaycanla iqtisadi, ticari əməkdaşlıq sazişlərinin imzalanmasına can atan ölkələrin sayının artması da, məhz dövlətimizin gücünə güc qatan Vətən müharibəsində əldə etdiyi parlaq qələbənin nəticəsidir. Beynəlxalq aləmdə Azərbaycanın mövqelərinin möhkəmlənməsi və iqtisadi əlaqələrinin genişlənməsi ölkə əhalisinin sosial-rifah halının daha da yaxşılaşmasına xidmət edir. Söz yox ki, əldə olunan uğurlar yeni qanunvericilik aktlarının qəbul edilməsinə zərurət yaradır. Hansı ki, bu qanunlar ümumilikdə cəmiyyətin inkişafına, demokratik proseslərin sürətlənməsinə təkan verəcək. Daha doğrusu, artıq bir çox yeni qanunlar qəbul edilib, idarəetmədə köklü islahatlar, dəyişikliklər həyata keçirilib. Xüsusilə də, Milli Məclis tərəfindən “Siyasi partiyalar haqqında” qanunun qəbul edilməsi və Yenilməz Sərkərdə, ölkə Prezidenti İlham Əliyev tərəfindən cari ilin yanvarın 11-də qanunun imzalanması, ölkəmizin siyasi münasibətlər sisteminə yeni nəfəs gətirəcək, siyasi partiyalararası əməkdaşlıq mühitini genişləndirəcək, sağlam rəqabətə yol açacaq.

Qanuna görə, vətəndaşlar öz siyasi əqidə və ideyasına görə könüllü olaraq istənilən birliyə daxil ola bilərlər

“Siyasi partiyalar haqqında” qanunda “Siyasi partiya” anlayışı “Bu Qanunda siyasi partiya dedikdə ümumi siyasi ideyaları və məqsədləri olan, ölkənin siyasi həyatında iştirak edən Azərbaycan Respublikası vətəndaşlarının birlikləri nəzərdə tutulur. Siyasi partiyalar Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğun olan vəzifələrini və məqsədlərini əsas götürərək Azərbaycan Respublikası vətəndaşlarının siyasi iradəsinin formalaşdırılmasında fəal iştirak edirlər” kimi qeyd olunur. Azərbaycan Respublikasının Konstitusiyanın 58-ci maddəsində (Birləşmək hüququ) ifadə olunur. Qanuna görə, vətəndaşlar öz siyasi əqidə və ideyasına görə könüllü olaraq istənilən birliyə daxil ola bilərlər.

Nəzərə almaq lazımdır ki, əvvəlki qanun 1992-ci il də qəbul edilib. Belə götürsək, hazırkı partiyaların böyük əksəriyyəti ötən əsrin 90-cı illərində yaranan partiyalardır. Hansı ki, bu partiyalar yeni, müasir dövrün tələbləri ilə ayaqlaşa bilmirlər. Bəzən partiya funksionerləri meydan dövrünün ab-havasına uyğun olaraq çağırışlar edir, cəmiyyətdə müəmmalı suallar doğuran açıqlamalar verirlər. Elə partiya sədrləri də var ki, daxili və xarici qüvvəllərin tələb və göstərişlərinə uyğun olaraq prezident, parlament, bələdiyyə seçkilərində iştirak etməkdən imtina edirlər. Bununla da partiyalarda təmsil olunan üzvlərini azad şəkildə siyasi iradələrini ifadə etmək hüququndan məhrum edirlər.

Azərbaycan Respublikasında siyasi partiyaların fəaliyyəti və inkişafı üçün şərait yaradılıb. “Siyasi partiyalar haqqında” qanunda da göstərilir ki, dövlət siyasi partiyaların hüquqlarına və qanuni mənafelərinə əməl olunmasına, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğun olaraq onların öz nizamnamə vəzifələrini yerinə yetirmələri, habelə öz sənədlərini dövlət mətbuat orqanları vasitəsilə yaymaları üçün bərabər hüquqi şərait yaradılmasına, partiyaların rəhbər orqanlarının mühafizəsinə və təhlükəsizliyinə təminat verir. Dövlət parlament seçkilərində iştirak edərək Milli Məclisdə təmsil olunan siyasi partiyaların maliyyələşməsini də həyata keçirir. Hazırda dövlətin qanunvericiliyin tələbinə uyğun olaraq yaratdığı şəraitdən 12 siyasi partiya yararlanır. Yeni qəbul edilən “Siyasi partiyalar haqqında” qanuna əsasən Ədliyyə Nazirliyindən qeydiyyatdan keçən siyasi partiyaların əksəriyyəti maliyyə yardımları ala biləcəklər.

Bədbəxt və yazıq müxalifət 5 min üzvü toplamaqda aciz qalıb

Dünyanın aparıcı 20 ölkəsinin təcrübəsi öyrənilərək, tətbiq edilən “Siyasi partiyalar haqqında” qanunu Azərbaycan cəmiyyəti dəstəkləyir və qanunun siyasi partiyaların maraqlarına tam cavab verdiyini qeyd edirlər. Söz yox ki, hər dəfə qaranlıq otaqda birə axtarmağa çalışan bəzi üzdəniraq siyasətçilər yenə də ənənələrinə uyğun davranış nümayiş etdirirlər. Təfriqə yaratmağa adət edən boşboğazlar iddia edirlər ki, Venesiya Komissiyası tərəfindən “Siyasi partiyalar haqqında” qanuna rəy verilmədiyi üçün qanun mükəmməl sayıla bilməz. Birincisi, Venesiya Komissiyası dünyanın ayaqda qalmasına nəzarət edən əsas dayaq deyil ki, onun da rəyinə ümid edilsin. İkincisi, Venesiya Komissiyasının 225 təklifindən 215 -i qanunda öz əksini tapıb. Üçüncüsü, Venesiya Komissiyası və parlamentdə təmsil olunan siyasi partiyalar təklif edirdilər ki, qanunun qəbul edilməsindən öncə ictimai müzakirələr təşkil edilsin. Təklif nəzərə alındı və ilk olaraq qanun layihəsinin Milli Məclisin saytında yerləşdirilməsi təmin edildi. Üç dəfə Milli Məclisdə müzakirələr keçirildi, bütün siyasi partiya sədrlərinin, hüquqşünasların, ictimai fəalların fikirləri dinlənildi. Qanun layihəsi ilə bağlı Milli Məclisə 320 təklif daxil oldu, komitələrdə müzakirələr aparıldı, KİV-də debatlar təşkil edildi, daha sonra 3 oxunuşda parlamentin plenar iclaslarında baxıldı və qanun təsdiqləndi. Bundan sonra qanunda qüsur axtarmaq, qeybət xarakterli açıqlamalar vermək, sadəcə, qərəzkarlıq və sifarişlə ağa qara ləkə atmağa cəhd göstərməkdir.

Ənənəvi hay-küyçülər iddia edirlər ki, qanunda üzvlərin sayının 5.000 olması tələbinin qoyulması onların fəaliyyətlərinə əngəllər yaratmağa hesablanıb. Fakt budur ki, hər dəfə AXCP, Müsavat, ADP, “Real” və digər partiyalar hər fürsətdə iddia edirdilər ki, onların 70-80 min, bəzən isə 100-120 min üzvlərinin olduğunu iddia edirlər. Məsəl var deyərlər, “insanın gücü meydanda bilinər”. Görünən ondan ibarətdir ki, 70-80 min üzvü olduğunu iddia edən müxalif partiya funksionerləri hazırda qanunvericiliyə görə, 5 min üzvü toplamaqda aciz qalıblar. Halbuki, qanun layihəsi ilkin mərhələdə ictimai müzakirəyə çıxarılarkən partiya üzvünün 10 min nəfər olması nəzərdə tutulurdu. Bəzi partiyaların sosial baza baxımından ciddi problemlər yaşaması səbəbindən üzvlərin sayı 5 min təklif olundu və təklif qanunda əksini tapdı. Müxalifətin narazılıq etdiyi müddəalardan biri də seçkilərdə iki dəfə iştirak etməyən partiyaların fəaliyyətinə xitam verilməsidir. Necə ola bilər ki, siyasi partiya olasan və müəyyən sayda üzvlərin ola, ancaq seçkilərdə iştirak etməyəsən. Bu cür hal çoxluqda olan sıravi üzvlərin hüquqlarının başda oturan iki-üç nəfər tərəfindən pozulması deməkdir.

ADP, AXCP, Müsavat və “Real” partiyaları fəaliyyətlərini dayandıra bilər

Partiyaların mövcudluğu, gücü seçkidən-seçkiyə daha çox bilinir. Əgər beş ildən bir keçirilən prezident, parlamet və bələdiyyə seçkilərində həmin partiya iştirak etmirsə, bu halda o partiyanın Ədliyyə Nazirliyinin qeydiyyata alınan siyasi partiyalar siyahısında qalması da yolverilməzdir. Haqlı olaraq da yeni qanunda iki dəfə prezident, parlament və bələdiyyə seçkilərində iştirak etməyən siyasi partiyanın məhkəmə qaydasında dövlət qeydiyyatına xitam verilir. Haşiyə çıxaraq bir məsələni qeyd etmək lazımdır ki, onsuz da hazırkı müxalifət partiyalarının seçkilərdə iştirak edib və ya etməmələrinin Azərbaycan cəmiyyəti üçün heç bir önəmi yoxdur. Çünki AXCP, “Real”, Müsavat kimi partiyalar seçkilərdə iştirak etsələr belə, məğlubiyyətə düçar olublar. Bu kimi üzücü, ağır fəlakət 30 ilə yaxındır ki, onları izləyir. Bir növ seçkilərdə məğlub olmaq onların alın yazısına çevrilib. Çox vaxtı seçkilərdə iştirak etməməklə gözlənilən məğlubiyyəti sığortalamağa çalışırlar. Lakin yeni qanun, artıq onlara şans verməyəcək. Seçkilərə qatılmasalar, fəaliyyətləri dayandırılacaq. Qeydiyyatsız isə siyasi gündəmə çıxıb, ən azı sosial şəbəkələrdə və özlərinin yaratdıqları saytlarda pafoslu açıqlamalarla, hədələyici mesajlarla çıxış edə bilməyəcəklər. Necə ki, 2014-cü ildən dövlət qeydiyyatı olmadan hay-küylü açıqlamaları ilə diqqəti cəlb etməyə çalışmış Qubad İbadoğlu Azərbaycan Demokratiya və Rifah Partiyasının buraxdığını elan edib. Qubad İbadoğlunun sözlərinə görə, bu addımı “Siyasi partiyalar haqqında” Qanuna uyğun olaraq atıb: "Prezidentin 11 yanvar 2023-cü ildə təsdiqlədiyi “Siyasi partiyalar haqqında” Qanunun 4.7.-ci maddəsinə görə siyasi partiyanın dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsinə yol verilmir. Odur ki, ADR Partiyası olaraq fəaliyyətimizi qanunun tələblərinə uyğunlaşdırmaq məcburiyyətindəyik. Bununla əlaqədar olaraq, partiyanın mərkəzi icra strukturlarının buraxılması və təyinatlı rəhbər şəxslərin fəaliyyətlərinə xitam verilməsinə dair sərəncam imzalamışam".

Müxalifət liderləri ənənəvi amplualarından çıxış etməklə, kimsəni təəccübləndirə bilməyəcəklər

Qeyd etmək lazımdır ki, “Siyasi partiyalar haqqında” Qanunun qəbul edilməsindən sonra Azərbaycanda 5 siyasi partiya fəaliyyətini rəsmi olaraq dayandırıb. Azərbaycan Sosial Rifah Partiyası (ASRP), Azərbaycan Naminə Alyans Partiyası (ANAP), Azərbaycan Təkamül Partiyası, Birlik Partiyası və Azərbaycan Azad Respublikaçılar Partiyası öz hüquqi fəaliyyətlərinə xitam vermək barədə qərar qəbul edib. Mövcud reallıqlara və aparılan araşdırmalara əsasən demək olar ki, ADP, AXCP, Müsavat və “Real” partiyaları da fəaliyyətlərini dayandıra bilərlər. Çünki sözügedən partiyalar cəmiyyət tərəfindən qəbul edilmirlər. Sosial bazaları da yalnız qohum -əqrəbalarından ibarətdir. 5 min nəfərlik üzvü isə toplamq gücünə malik deyillər. Hansısa qapını döyüb, imza dilənsələr, onlara rədd cavabı verəcəklər. Baxmayaraq ki, Venesiya Komissiyası Bakıdakı emisarları vasitəsi ilə Əli Kərimliyə, Sərdar Cəlaloğluna, İlqar Məmmədova və Arif Hacılıya rəhbərlik etdikləri partiyaları buraxmağa tələsməməyi və hökumətlə bu istiqamətdə qarşıdurmaya getmək mesajını çatdırıblar. Bu səbəbdən də yaxın vaxtlarda İlqar Məmmədov və Əli Kərimli qaragüruh mövqedən çıxıış edib, xalqı və dövləti jantaj etməyə başlayacaqlar. Onların hay-küylərinə yerli xəbər saytları və sosial şəbəkələrdəki bəlli ünsürlər dəstək verəcəklər. Hər vəchlə çalışacaqlar ki, xaricdən verilən tezislərdən kənara çıxmadan yeni qanunla bağlı separatçı fikirlər səsləndirib, insanları çaşdırmağa çalışsınlar. Ancaq bir məsələni unutmaq olmaz ki, onsuz da meydan təfəkküründən hələ də xilas olmayan indiki dağıdıcı müxalifət patiya sədrləri 1993-cü ildən bəri şər və böhtanlar səsləndirirlər. Yenidən ənənəvi amplualarından çıxış etməklə, kimsəni təəccübləndirə bilməyəcəklər. Beləcə hay-küy qaldırmaqdan usanıb dayanacaqlar, nəhayətdə “biz bu qanuna etiraz əlaməti olaraq, siyasətdən gedirik” deyib, siyasi arenanı tərk edəcəklər.

İ.ƏLİYEV

Digər xəbərlər