"Bu gün biz Quba Soyqırımı Memorial Kompleksinin açılışına toplaşmışıq. 1918-ci ilin mart-iyul aylarında erməni quldur dəstələri Azərbaycanın demək olar ki, bütün ərazilərində dinc əhaliyə qarşı soyqırımı törətmişlər. Beş ay ərzində 50 mindən çox soydaşımız erməni faşizminin qurbanı olmuşdur. Bakıda, Quba qəzasında, Şamaxıda, Qusarda, İrəvanda, Naxçıvanda, Zəngəzurda, Qarabağda, Lənkəranda, demək olar ki, bütün Azərbaycan torpaqlarında bizə qarşı soyqırımı törədilmişdir. Bu memorial kompleksin yaradılması hesab edirəm ki, tarixi hadisədir. Bildiyiniz kimi, 2007-ci ildə burada qazıntı işləri aparılarkən kütləvi məzarlıq aşkarlanmışdır. Ondan sonra buraya alimlər, ekspertlər ezam edilmişdir və böyük tədqiqat işləri aparılmışdır. Tədqiqat işlərinin aparılması nəticəsində aşkar edilmişdir ki, burada minlərlə soydaşımız erməni quldur dəstələri tərəfindən amansızlıqla, qəddarlıqla öldürülmüşdür. 2009-cu ilin sonunda mənim tərəfimdən Quba Soyqırımı Memorial Kompleksinin yaradılmasına dair Sərəncam imzalanmışdır və 2011-ci ildən işlər başlanmışdır. Bu gün biz memorial kompleksin açılışını edirik. Deyə bilərəm ki, Azərbaycanda ilk dəfə olaraq belə memorial kompleks yaradılır. Kompleksin tərtibatı çox təsirlidir, memarlığı çox böyük rəmzi məna daşıyır. Bir sözlə, burada nümayiş etdirilən eksponatlar bizim tariximizi göstərir. Eyni zamanda, memorial kompleksdə yaradılmış ekspozisiya çox böyük məna daşıyır. Kompleksin girişində Quba qəzasının dinc vaxtları öz əksini tapır. Ailələr, vətəndaşlar dinc həyat sürürlər. Ondan sonra qanlı günlər, dinc əhaliyə qarşı törədilən vəhşilik əks olunur. Ekspozisiyanın sonunda hesab edirəm ki, çox düzgün tərtibat nəticəsində insanlar buradan nikbin əhval-ruhiyyə ilə ayrılır. Çünki Bakının erməni quldur dəstələrindən azad edilməsi elə bil ki, ekspozisiyanın son nöqtəsidir". Erməni millətçiləri havadarlarına arxalanaraq tarixin müxtəlif mərhələlərində soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçiriblər. Məqsəd isə yenə artıq tamahlığın nəticəsidir. Çünki erməni millətçiləri mifik “Böyük Ermənistan” həvəsinə düşmüşdülər. Bu sərsəm ideyanı gerçəkləşdirmək üçün Azərbaycan xalqının başına min bir oyunlar gətirdilər. Xalqımızın başına gətirilən ən dəhşətli faciələrdən biri də 105 il bundan əvvəl - 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır.
Azərbaycanın ərazisində məskunlaşdırılan ermənilər sayca azlıq təşkil etsələr də, öz havadarlarının himayəsi altında inzibatı bölgü yaradılmasına nail oldular. Ermənilər havadarlarının gücü nəticəsində azərbaycanlıların öz torpaqlarından qovulması və məhv edilməsi siyasətinin əsası qoyuldu.Böyük Ermənistan xülyası ermənilərin ideyasının əsasını təşkil edirdi. Bu cür sərsəm ideyaya həqiqət donu geyindirmək məqsədi ilə erməni tarixi saxtalaşdırılır, Azərbaycanın tarixi isə təhrif olunurdu. Bu süni xülyalardan ruhlanan erməni təcavüzkarları XX əsrdə azərbaycanlılara qarşı daha amansız qanlı aksiyalar həyata keçirirdilər. Bakı şəhərində başlanılan erməni vəhşilikləri Azərbaycanın bütün ərazisinə yayıldı. Yüzlərlə yaşayış məntəqəsi dağıdılmış, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi.
Erməni-bolşevik silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə Prezident İlham Əliyev 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalamışdır. Sərəncamla Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına 1918-ci il azərbaycanlıların soyqırımının yüzüncü ildönümünə həsr olunmuş tədbirlər planının hazırlanıb həyata keçirilməsinin təmin edilməsi tapşırılmış, həmçinin Milli Məclisə soyqırımın 100 illiyi ilə bağlı xüsusi iclasın keçirilməsi tövsiyə edilmişdir.
Abbas Əliyev
Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının sədri