PDF Oxu

Siyasət

  • 3 664

Möhkəm təmələ əsaslanan Azərbaycan-Türkiyə birliyi ŞƏRH

image

Sarsılmaz dostluq və qardaşlığa söykənərək uğurla davam etdirilən Azərbaycan-Türkiyə birliyi qardaş xalqların iradəsi ilə ən yüksək zirvədə qərarlaşıb. Son illərdə Türkiyə və Azərbaycanın təşəbbüsü ilə ölkələrimiz və bütövlükdə bölgə üçün önəmli mühüm layihələrin icrası, ikitərəfli münasibətlər, həyata keçirilən tədbirlər, imzalanan müqavilələr xüsusi mərhələnin əsasını təşkil edir. Azərbaycanın trans-regional infrastruktur layihələrində fəal iştirakının nəticəsi olaraq, iki ölkə arasında beynəlxalq əhəmiyyətli bir sıra regional layihələr həyata keçirilib. Əsrlər boyu davam edən əlaqələrin məntiqi nəticəsidir ki, Azərbaycan və türk xalqları həmişə bir-birinə dəstək olmuş, sıx əməkdaşlıq etmişlər. Müasir dövrdə Türkiyə-Azərbaycan arasındakı dostluq-qardaşlıq münasibətləri dünya üçün nümunəyə çevrilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə martın 16-da Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşünün keçirilməsi dostluq münasibətlərinin daha bir təzahürüdür. Belə ki, bu tədbirin Şuşada keçirilməsi nəzərdə tutulsa da, Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar dövlət başçımız qardaş ölkəyə dəstək məqsədilə "Fəlakət - Fövqəladə halların idarə edilməsi və humanitar yardım" mövzusunda Fövqəladə Zirvə görüşünün Ankarada keçirilməsi təklifi ilə çıxış etmişdi. Bu, dövlətlərarası münasibələrdə qardaşlıq bağlarının möhkəmliyini bir daha açıq-aydın göstərmiş oldu.

Vurğulamaq yerinə düşər ki, Ulu Öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra dövlətlərarası əlaqələrin artmasına, əməkdaşlığın genişlənməsinə xüsusi diqqət yetirildi. "Bir millət, iki dövlət", - deyən Ulu Öndər Heydər Əliyevin dövlətlərarası yaratdığı qardaşlıq münasibətləri bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən çox yüksək səviyyədə davam etdirilir. Zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyev çıxışında qeyd etdiyi kimi, "Azərbaycan və Türkiyə həm sevincli, həm də kədərli günlərdə daim bir-birinin yanında olmuşdur. Bundan sonra da belə olacaq".

Bildiyimiz kimi, Türkiyə qardaş, dost ölkə olaraq hər zaman Azərbaycanın yanında olduğu kimi, Azərbaycan da təbii fəlakət zamanı – Türkiyədə baş verən zəlzələ zamanı dost, qardaş ölkənin yanında oldu. Dövlətimizin başçısının tapşırığına əsasən, xilasedici heyət, ehtiyac duyulan ləvazimatlarla bağlı yardımlar qardaş ölkəyə göndərildi. Zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyev çıxışında qeyd etdiyi kimi, Azərbaycan hökuməti və xalqı zəlzələ baş verən andan qardaş Türkiyəyə humanitar yardımlar etmək üçün səfərbər olmuşdur: "Azərbaycandan 940 nəfər, o cümlədən xilasedicilər, tibb personalı və könüllülər zəlzələ bölgəsinə göndərilib. Türkiyəyə göndərilən xilasedicilərin sayına görə Azərbaycan dünya ölkələri arasında birinci olub". Məlum olduğu kimi, xilasedicilərimizin və həkimlərimizin səyi ilə dağıntılar altından 53 nəfər sağ çıxarıldı və 780 nəfərin cəsədi dağıntılar altında aşkarlandı. Azərbaycanın tibbi personalı 3 mindən artıq şəxsə tibbi xidmət göstərdi. Bütün bunlarla yanaşı olaraq, 45 milyon ABŞ dollarından artıq vəsait AFAD və digər humanitar qurumların bank hesabına köçürüldü və 5320 ton humanitar yardım çatdırıldı.

Azərbaycanın 44 günlük Vətən müharibəsində də qardaş Türkiyənin Azərbaycanın yanında olması bir daha göstərdi ki, dövlətlərarası münasibətlər həqiqətən də dostluğa, sarsılmaz birliyə söykənir. İkinci Qarabağ müharibəsi zamanı Türkiyə tərəfindən göstərilən dəstək hər kəsin sevincinə səbəb oldu. Heç kəsə sirr deyil ki, Türkiyə Ermənistan-Azərbaycan, Qarabağ münaqişəsinin həlli işində daim Azərbaycana böyük dəstək göstərdi. "Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın 2020-ci ildə İkinci Qarabağ müharibəsində ilk saatlardan başlayaraq son günə qədər Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstək bizə əlavə güc verdi", - deyə Prezident bildirib.

Şuşa Bəyannaməsinin imzalanması Azərbaycanın müstəqillik tarixinə əbədi həkk olundu və Azərbaycan-Türkiyə münasibətlərində keyfiyyətcə yeni bir dövrün başlanğıcını qoydu. Bu mühüm tarixi sənəd ölkələrimiz arasında dövlətlər arasında əməkdaşlığın strateji əhəmiyyət kəsb edən sahələrini əhatə edir. Cənab Prezidentin vurğuladığı kimi, "2021-ci ilin iyun ayında Qarabağın tacı olan Şuşa şəhərində Türkiyə ilə Azərbaycan arasında Şuşa Bəyannaməsi imzalanmışdır və bizim əlaqələrimiz rəsmən müttəfiqlik səviyyəsinə qaldırılmışdır." Bəyannamədə göstərilən bütün müddəalar gələcək iş birliyinin təminatıdır. Dünya çapında bir-birinə ən yaxın ölkələr olan Azərbaycan və Türkiyəni birləşdirən bir çox amillər var: tarix, mədəniyyət, ortaq etnik köklər, dilimiz, dinimiz, milli dəyərlərimiz, milli maraqlarımız və s.

Türkiyənin son illərdə inkişafı, güclənməsi beynəlxalq aləmdə söz sahibi olan ən qüdrətli ölkələrdən birinə çevirib. İqtisadi, hərbi, texnoloji və digər sahələrdəki nailiyyətləri ilə ən qabaqcıl ölkələr sırasında qərarlaşıb. Cənab Prezident "Türkiyə son 20 ildə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə böyük və şərəfli yol keçmiş, dünyada söz sahibi olmuş, güc mərkəzinə çevrilmişdir. Bu gün dünyada Türkiyə ilə hesablaşırlar və ona hörmət edirlər. Türkiyənin hərbi gücünü, müdafiə sənayesi sahəsində böyük uğurlarını indi dünyada hər kəs görür. Bu illər ərzində Türkiyədə davamlı sabitliyin təmin olunması, ölkənin inkişafı bütün Türk dünyası üçün önəmli şərtdir", - deyə bildirib.

Azərbaycanın dinamik inkişafı və gücünün nəticəsidir ki, Azərbaycan Ermənistan tərəfindən tamamilə dağıdılmış ərazilərdə böyük abadlıq-quruculuq işlərinə başlayıb. "Biz sıfırdan 9 yeni şəhər və birinci mərhələdə 300-dən çox kənd və qəsəbə qururuq" – deyə çıxışında bildirən Cənab Prezident onu da diqqətə çəkib ki, bu, milli hökumət tərəfindən postmünaqişə dövründə öz maliyyə resursları hesabına həyata keçirilən nadir və misli görünməmiş bir yenidənqurma modelidir. Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün "Böyük Qayıdış" proqramının icrasına başlamışıq:"Yenidənqurma prosesində Türkiyə şirkətləri podratçı kimi bir çox infrastruktur layihələrində fəal iştirak edirlər. Bu günə qədər Türkiyə şirkətləri ilə imzalanmış kontraktların dəyəri 3 milyard ABŞ dollarından çoxdur. Əziz qardaşım Rəcəb Tayyib Ərdoğan azad edilmiş torpaqlara üç dəfə səfər edib, Şuşa, Füzuli, Zəngilan və Cəbrayıla gedib".

Ortaq köklərdən və dəyərlərdən güc alan dostluq və qardaşlıq münasibətlərinin nəticəsidir ki, bu gün işğaldan azad olunan torpaqlarımızda Azərbaycan və Türkiyə bayraqları dalğalanır. Bu gün Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpası işində və yenidən qurulmasında Türkiyə Azərbaycanın yanındadır.

Azər SÜLEYMANOV,

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri

Digər xəbərlər