Siyasət

  • 1 738

Unudulmayacaq tariximiz - ŞƏRH

image

Sovetlər dövründə canfəşanlıqla unutdurulmağa çalışılan tariximizin daha bir qanlı səhifəsi doğma torpaqlarımızda azərbaycanlıların 1918-ci il mart soyqırımıdır. Azərbaycanda ermənilər tərəfindən həyata keçirilən növbəti dəhşətli soyqırımı aktı nəticəsində ölkənin müxtəlif bölgələrində azərbaycanlı olduqları üçün on minlərlə soydaşımız vəhşicəsinə qətlə yetirildi.

Ermənilərin və onları regiona köçürərək daimi münaqişə ocağı yaradan havadarlarının azərbaycanlılara qarşı törətdiyi bu soyqırımı aktı nəticəsində 1918-ci ilin mart-aprelində Bakı, Şamaxı, Quba, Muğan, Qarabağ, Zəngəzur, İrəvan, Lənkəran və digər bölgələrdə on minlərlə soydaşımız milli mənsubiyyətlərinə görə qətlə yetirildi, on minlərlə insan öz torpaqlarından qovuldu. Təkcə Bakıda 10 minə yaxın azərbaycanlı xüsusi qəddarlıqla öldürüldü, Şamaxıda 58 kənd dağıdıldı, 7 min nəfər (1653 qadın, 965 uşaq) məhv edildi. Quba ərazisində 122, Qarabağın dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan quberniyasında 211, Qars əyalətində 92 kənd yerlə yeksan olundu, əhali üzərində yaş və cinsə məhəl qoymadan qətliam həyata keçirildi. Azərbaycan müstəqilliyini əldə edəndən sonra soyqırımı aktına dair çoxsaylı faktlar və sənədlər aşkarlanıb dünya ictimaiyyətinə çatdırıldı.

1998-ci il martın 26-da Ümummilli Lider Heydər Əliyevin imzaladığı Fərman erməni millətçilərinin hərəkətlərinə verilən ilk dolğun və hərtərəfli hüquqi-siyasi qiymət oldu. Bu Fərman Azərbaycanın indiki və gələcək nəsillərinin milli yaddaşının qorunması baxımından da bir növ proqram sənədidir.

2007-ci ilin aprelində Quba stadionunun təmiri ilə əlaqədar qazıntı işləri aparılan zaman kütləvi məzarlıq aşkarlanmışdı. Tapılan insan cəsədləri üzərində tibbi ekspertiza, antropoloji araşdırmalar aparılan zaman məzarlıqda 500-dək insan kəlləsinin olduğu, onlardan 50-dən çoxunun uşaqlara, 100-dən çoxunun qadınlara aid olduğu müəyyən edildi. Bu adamların 1918-ci ildə ermənilərin Qubada törətdiyi soyqırımı qurbanları olduğu sübuta yetirildi. Bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 30 dekabr 2009-cu il tarixli Sərəncamı ilə Quba şəhərində “Soyqırımı memorial kompleksi“nin yaradılmasına qərar vermişdir. Memorial kompleks 2012-2013-cü illərdə Quba şəhərində Qudyalçayın sol sahilində inşa edilmiş və 2013-cü il sentyabrın 18-də açılmışdır. Prezident İlham Əliyev Soyqırımı memorial kompleksinin açılışı zamanı demişdir: “1918-ci ilin mart-iyul aylarında erməni quldur dəstələri Azərbaycanın demək olar ki, bütün ərazilərində dinc əhaliyə qarşı soyqırımı törətmişlər. Beş ay ərzində 50 mindən çox soydaşımız erməni faşizminin qurbanı olmuşdur. Bakıda, Quba qəzasında, Şamaxıda, Qusarda, İrəvanda, Naxçıvanda, Zəngəzurda, Qarabağda, Lənkəranda, demək olar ki, bütün Azərbaycan torpaqlarında bizə qarşı soyqırımı törədilmişdir... Bakı soyqırımı, Quba soyqırımı, İkinci Dünya müharibəsində erməni faşizminin törətdiyi cinayətlər və keçən əsrin sonlarında növbəti dəfə erməni faşizminin təzahürləri Azərbaycan tarix elmində geniş şəkildə tədqiq edilməlidir”.

Prezident İlham Əliyevin apardığı siyasi kurs ölkəmizdə azərbaycanlılara qarşı ermənilərin həyata keçirdiyi soyqırımı və deportasiya məsələlərinin ətraflı surətdə, sistemli şəkildə öyrənilməsi və tədqiqi, bu qanlı tariximizin unutdurulmaması, onun gələcək nəsillərə və dünya xalqlarına çatdırılması yönündədir.

Ramiz Hüseynov

YAP İdarə Heyətinin üzvü, Sumqayıt şəhər təşkilatının sədri

Digər xəbərlər