PDF Oxu

Siyasət

  • 1 857

Yenidən qurulan Laçınımız TƏHLİL

Yenidən qurulan Laçınımız TƏHLİL

Prezident İlham Əliyev: "Laçınlılar bu il öz doğma diyarına qayıdacaqlar"

Azərbaycanın iqtisadi gücü, dinamik inkişafı işğaldan azad olunan ərazilərimizdə abadlıq-quruculuq işlərini sürətləndirir. Əlbəttə ki, 30 ilə yaxın işğalda olan torpaqların bərpası, yenidən qurulması vaxt və maliyyə imkanları tələb edir. Bu gün işğaldan azad olunan və üçrəngli bayrağımız dalğalanan ərazilərimizdə müasir infrasturuktur yaradılır. Məlumdur ki, dekabrın 1-i 2020-ci il tarixində Laçın rayonu Azərbaycan Respublikasına qaytarıldı. Bu, Azərbaycan Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin bəyanatında öz əksini tapmış oldu. Azərbaycan Prezidenti İlham Əliyevin 1 dekabr tarixində xalqa müraciətində Laçın rayonunun işğaldan azad olunmasının tarixi hadisə olduğunu bildirmişdi. "Özü də bir güllə atmadan biz Laçın rayonunu qaytardıq" – deyən Cənab Prezident döyüş meydanında əldə edilmiş parlaq qələbənin bu gözəl nəticəyə gətirib çıxardığını və üç rayonumuz – Ağdam, Kəlbəcər və Laçının bizə qaytarıldığını qeyd etmişdi.
Azərbaycan Prezidenti İlham Əliyev Məsim Məmmədovu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbulu zamanı çıxışında "Biz Laçını həm döyüş meydanında, həm siyasi yollarla qaytardıq. İkinci Qarabağ müharibəsi dövründə Laçın rayonunun işğaldan azad edilməsi əsas vəzifələrdən biri idi və biz faktiki olaraq Laçın rayonunun cənub hissəsini döyüşərək, vuruşaraq azad etdik. Güləbird və digər bir neçə kənd döyüş meydanında azad edilmişdir, biz Laçın-Xankəndi yoluna çıxmışdıq. Məhz bu əməliyyat nəticəsində, eyni zamanda, Şuşa şəhərinin erməni işğalçılarından azad edilməsi faktiki olaraq Ermənistan dövlətinin kapitulyasiyasına gətirib çıxarmışdır. Vaxtilə "Qarabağ Ermənistandır"deyən Ermənistan rəhbərliyi öz məğlubiyyətini qəbul etməyə məcbur olmuşdur və 2020-ci ilin noyabrın 10-da kapitulyasiya aktı Ermənistan tərəfindən imzalandı. Laçın rayonunun digər hissəsi - ən böyük hissə artıq siyasi yollarla azad edilmişdir. Bu, bizim böyük tarixi Zəfərimizdir", - deyə bildirmişdir.
18 may 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri Laçının işğalı zamanı 264 nəfər şəhid olmuş, 65 nəfər girov götürülmüş, 103 nəfər əlil olmuşdur. Rayon üzrə 1 yaşdan 16 yaşadək mövcud olan 24374 nəfər uşaqdan 18 nəfəri şəhid, 225 nəfəri əlil olmuş, 1071 nəfəri bir, o cümlədən 31 nəfəri hər iki valideynindən yetim qalmışdır. İşğal ilə əlaqədar rayona 7,1 milyard ABŞ dolları dəyərində ziyan dəymişdir. Laçın işğalı zamanı bu məkanda 50 mindən artıq əhali yaşayırdı. Laçın rayonunda 1992-1993-cü tədris ilində - işğal olunana qədər 106 məktəb fəaliyyət göstərib. Məktəblərdə təhsil alan şagirdlərin sayı 8 min 877, müəllimlərin sayı isə 1390 nəfər olub. Laçın rayonda 1 ədəd avtovağzal, 82 avtobus dayanacağı, 2130 km uzunluğunda avtomobil yolları, 92 ədəd körpü, 1187 km uzunluğunda su kəməri, 33 su anbarı, cəmaşırxana, 15 km uzunluğunda mərkəzi kanalizasiya, 20 km uzunluğunda istilik şəbəkəsi, 14 hamam, 8 ədəd yanacaq doldurma stansiyası, 2636 km uzunluğunda elektrik hava xətləri, 498 km uzunluğunda qaz kəməri, 10200 km uzunluğunda radio-telefon kommunikasiya xətləri, 3 ədəd televiziya stansiyası və ötürücülər və sair mövcud olmuşdur. Bütün bunlar dağıdılıb. Onların öz doğulduqları yerə göndərilməsi əsas məsələrdən biridir. Təbii ki, işğaldan azad olunan ərazilərimiz kimi Laçın da tamamilə dağıdılıb.

"AXC-MÜSAVAT XƏYANƏTKAR CÜTLÜYÜ LAÇIN İŞĞAL OLUNANDAN BİR AY SONRA HAKİMİYYƏTİ QANUNSUZ YOLLARLA ZƏBT ETMİŞDİR"

Dövlət başçımız Laçının işğalı ölkəmiz üçün böyük faciə idi, laçınlılar üçün böyük faciə idi,- deyərək bunun AXC-Müsavat xəyanətkar cütlüyünün növbəti çirkin xəyanəti olduğunu qeyd etmişdi: "AXC-Müsavat cütlüyü hakimiyyətə can atırdı, istənilən yollarla hakimiyyəti zəbt etməyə çalışırdı və torpaqların Ermənistana verilməsi, satılması faktiki olaraq onların bu çirkin niyyətə çatmaları üçün bir fürsət idi. Onlar bunu belə qiymətləndirirdilər - hesab edirdilər ki, əgər Azərbaycan xalqı böyük bir sarsıntı keçirərsə, onlar üçün əlavə şanslar yaranacaq. Əfsuslar olsun ki, belə də oldu. Şuşanın, ondan sonra Laçının işğal altına düşməsi Azərbaycanda çox ciddi siyasi böhrana səbəb olmuşdur. Bu imkandan, fürsətdən istifadə edərək AXC-Müsavat xəyanətkar cütlüyü Laçın işğal olunandan bir ay sonra hakimiyyəti qanunsuz yollarla zəbt etmişdir və bu, daha böyük faciələrə yol açdı. Ondan bir il keçməmiş - 1993-cü ilin aprelində Kəlbəcər işğal altına düşdü və beləliklə, ovaxtkı - keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi ilə Ermənistan ərazisi arasında coğrafi bağlantı yaradılmışdır və əlbəttə ki, Birinci Qarabağ müharibəsindəki məğlubiyyətin əsas şərti olmuşdur".

"TƏSƏVVÜR EDƏ BİLMƏZDİK Kİ, ÖLKƏLƏR BU DƏRƏCƏDƏ RİYAKAR, YALANÇI OLA BİLƏRLƏR"

Laçın işğal altında olduğu müddətdə aparılmış danışıqlar zamanı vasitəçilərin Laçın rayonuna hansısa xüsusi bir yanaşma sərgilədiklərini bildirən dövlət başçımız Ermənistanın bütövlükdə Laçın rayonunun Azərbaycana qaytarılmasını qəbuledilməz saydığını qeyd edib: "Halbuki onlar digər rayonlardan da çıxmaq fikrində deyildilər. İndi - müharibədən iki il yarım keçəndən sonra bu, hər kəsə daha aydın oldu. Beynəlxalq vasitəçilər - ATƏT-in ovaxtkı Minsk qrupu danışıqların aparılması ilə faktiki olaraq bu işğalı möhkəmləndirməyə çalışırdılar. İndi hər şey aydın oldu - Fransanın Azərbaycana bu ədalətsiz və mənfi münasibəti təsadüfi deyil. Sadəcə olaraq, işğal dövründə bunu müəyyən dərəcədə pərdələmək istəyirdilər, sadəcə olaraq, bizi çaşdırmaq istəyirdilər. Amma baxın, müharibədən – İkinci Qarabağ müharibəsindən keçən iki il yarım ərzində bizə qarşı hansı çirkin əməllər törədilir, hansı əsassız ittihamlar irəli sürülür. Yəni, bütün bunlar göz qabağındadır, o cümlədən Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi bir sıra qətnamə yenə də ermənipərəst, rüşvətxor və anti-Azərbaycan qruplaşmanın məhsuludur və burada aparıcı rolu Fransa deputatları oynayır. İşğal dövründə də biz bunu təbii ki, hiss edirdik, amma bu dərəcədə yox. Təsəvvür edə bilməzdik ki, ölkələr bu dərəcədə riyakar, yalançı ola bilərlər. Adamın üzünə baxıb bir söz deyə, arxada başqa iş görə bilərlər".

"BÜTÖVLÜKDƏ BİZİM MEŞƏ FONDUMUZUN QANUNSUZ İSTİSMARI NƏTİCƏSİNDƏ 60 MİN HEKTAR MEŞƏ ERMƏNİLƏR TƏRƏFİNDƏN MƏHV EDİLİB"

Vətən Müharibəsi bütün dünyaya Azərbaycanın haqqını, ədaləti nümayiş etdirdi. Azərbaycanın gücünü, məğlubedilməzliyini göstərdi. 44 günlük müharibəmiz yeni reallıqlar yaratmış oldu. Ölkəmizin ən böyük rayonlarından biri olan Laçın zəngin təbiəti, tarixi abidələri, yeraltı sərvətləri ilə zəngin olan bir diyardır. Azərbaycanın cənub-qərbində, dağlıq ərazidə yerləşən Laçın şimaldan Kəlbəcər, şərqdən Xocalı, Şuşa və Xocavənd, cənubdan Qubadlı rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir. Rayon respublikamızın təbii sərvətlərilə zəngin guşələrindəndir. Ərazisində dünyada nadir ağac növlərindən hesab olunan qırmızı dəmirağac meşələri, çox sayda mineral su bulaqları, kobalt, uran, civə, qızıl, dəmir, müxtəlif rəngli mərmər yataqları, cürbəcür dərman bitkiləri vardır. "Laçın rayonu 28 il işğal altında idi və bu işğal dövründə rayonun, demək olar ki, bütün infrastrukturu Ermənistan tərəfindən məhv edilmişdir, ətraf mühitə böyük ziyan vurulmuşdur. Bütövlükdə bizim meşə fondumuzun qanunsuz istismarı nəticəsində 60 min hektar meşə ermənilər tərəfindən məhv edilib, kəsilib, talanıb, satılıb. Onun böyük hissəsi Laçın rayonunda olan meşə fondudur", - deyə Prezident bildirib.

"BİRİNCİ MƏRHƏLƏDƏ LAÇIN ŞƏHƏRİNDƏ 500-Ə YAXIN FƏRDİ EV İNŞA EDİLİR"

Artıq Laçın yenidən qurulur. İki ildən çoxdur ki, Laçın rayonunun yenidən bərpası ilə bağlı işlər aparılır, bir çox işlər görülüb, - deyən Prezident Laçın rayonunda Beynəlxalq Hava Limanının inşa edildiyini bildirib: "O bölgədə heç vaxt hava limanı olmamışdır və hava limanının yerini müəyyən edərkən böyük çətinliklərlə üzləşmişdik. Çünki orada uçuş-enmə zolağının inşası üçün düz yer tapmaq mümkün olmadı. Biz dağları kəsərək və böyük torpaq işlərini həyata keçirərək bütün dağlıq ərazilərdə, dağlarla əhatə olunan ərazilərdə beynəlxalq hava limanı inşa edirik. Yəqin ki, gələn ilin sonunda, ya da 2025-ci ilin əvvəllərində hava limanı istismara veriləcək". Kəlbəcər-Laçın yolunun yenidən qurulması prosesinə start verilib. "Birinci mərhələdə Laçın şəhərində 500-ə yaxın fərdi ev inşa edilir və ya ermənilər tərəfindən dağıdılmış evlər yenidən bərpa olunur. Çoxmərtəbəli səkkiz yaşayış binası yenidən qurulur, ya da ki, tamamilə əsaslı təmir olunur və 30-dan çox ictimai bina inşa edilir. Mənim göstərişimlə bütün bu işləri biz bu ilin sonuna qədər başa çatdırmalıyıq, bu, sadəcə, birinci mərhələ olacaq. Bu evlərin sayı göstərir ki, minlərlə insan artıq bu ilin sonuna qədər Laçın şəhərində yaşayacaq və laçınlılar bu il öz doğma diyarına qayıdacaqlar".
Azərbaycan Prezidenti İlham Əliyevin "Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunun işğaldan azad olunmuş Zabux və Sus kəndlərinin layihələndirilməsi və tikintisi işləri ilə bağlı tədbirlər haqqında" məlum Sərəncamı işğaldan azad olunan ərazilərimizin tezliklə abadlaşacağını və öz torpaqlarından didərgin düşmüş minlərlə insanın öz dədə-baba yurduna tezliklə qayıdacağını özündə əks etdirir. Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunun işğaldan azad olunmuş Zabux və Sus kəndlərinin layihələndirilməsi və tikintisi işlərinin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ilkin olaraq 800,0 (səkkiz yüz) min manat ayrılıb. Cənab Prezident çıxışında Zabux və Sus kəndlərinin tamamilə yenidən qurulması prosesinə start verildiyini bildirib. "Zabux kəndində 1000-dən çox, Sus kəndində isə 300-dən çox insan yerləşəcək. Xaricdə yaşayan ermənilər Zabux kəndində, yenə də deyirəm, o cinayəti törədən Ermənistan dövləti ilə birlikdə bir kənd salmışdılar, evlər tikmişdilər. O evlərdə indi bizim hərbi birləşmələrimizin şəxsi heyəti yerləşir. Ancaq Zabux kəndinin sakinləri üçün tamamilə yeni kənd salınır. Bununla yanaşı, bildirməliyəm ki, Güləbird və Qorçu kəndlərinin Baş planı mənim tərəfimdən təsdiqləndi. Birinci mərhələdə Güləbird kəndində 2400, Qorçu kəndində isə 1300 insanın yerləşməsi nəzərdə tutulur. Yəni, gətirdiyim bütün bu rəqəmləri nəzərə alaraq, hər kəs görə bilər ki, yaxın gələcəkdə - bu il və gələn il biz Laçın rayonuna təqribən 10 minə yaxın, bəlkə də çox keçmiş köçkünü yerləşdirəcəyik". Laçın şəhərinin bütün infrastrukturu yenidən qurulur – su xətləri, kanalizasiya xətləri, elektrik enerjisi xətləri, yollar, Laçın şəhərinin bütün daxili yolları yenidən qurulur.

"BİZ ÇALIŞIRIQ Kİ, AZAD EDİLMİŞ BÜTÜN RAYONLARDA İŞLƏR PARALEL SURƏTDƏ GETSİN"

Dövlət başçımız Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonuna təyin olunan xüsusi nümayəndəsinə çıxışı zamanı tapşırıqlarını da verib: "Siz mənim xüsusi nümayəndəm kimi artıq dərhal işə başlamalısınız, bütün bu işlərə rəhbərlik etməlisiniz… İnfrastruktur layihələri, əlbəttə ki, mərkəzi icra orqanları tərəfindən icra edilir. Eyni zamanda, siz Laçın rayonunun gələcək inkişafı ilə bağlı, iş yerlərinin yaradılması ilə bağlı, vətəndaşların rahat yaşaması ilə bağlı konkret əlavə təkliflər verməlisiniz. Çünki biz çalışırıq ki, azad edilmiş bütün rayonlarda işlər paralel surətdə getsin. Ona görə, məsələn, hər rayonda 3-4 kəndin birinci mərhələdə qurulması nəzərdə tutulur, eyni zamanda, əlbəttə ki, şəhərlər də daxil olmaq şərti ilə. Ancaq, məsələn, söhbət Laçın rayonundan gedirsə, Laçın rayonunda birinci mərhələdə qurulacaq bütün kəndlərin adları təsdiqləndi və biz birinci mərhələdə bəzi yerlərdə bir neçə kəndin sakinlərini bir yerə cəmləşdirəcəyik… Azərbaycan dövləti öz üzərinə düşən vəzifəni bunda görür ki, biz yaxında yerləşən kəndlərin sakinlərini bir yerə yığıb onlar üçün gözəl şərait yaradaq. Yəni, biz şəhər tipli kəndlər quracağıq və mən qurulacaq bütün kəndlərin Baş planını təsdiqləmişəm. Eyni zamanda, kəndlərin xarici görkəmi də təsdiqlənib və yenə də deyirəm, həm rahat, həm də memarlıq nöqteyi-nəzərindən çox gözəl olacaq".
Görülən və görüləcək işlər böyük quruculuq, abadlıq işləridir. Təbii ki, Azərbaycanın iqtisadi gücü, dinamik inkişafı layihələrin reallaşlmasına imkan verir. 30 ilə yaxın işğalda olan torpaqların bərpası, yenidən qurulması vaxt və maliyyə imkanları tələb edir. Bu gün işğaldan azad olunan və üçrəngli bayrağımız dalğalanan ərazilərimizdə müasir infrasturuktur yaradılır.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər