Tarixin müxtəlif dönəmlərində, 70 il sovet dövründə yaşadığımız zamanda Azərbaycan xalqının tarixi saxtalaşdırılıb və bir çox məqamlar qaranlıq qalmışdır. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra tarixin oxunmamış səhifələri aşkarlandı və ölkəmizin tarixinin araşdırılmasına və yaşanılan ictimai-siyasi proseslərin üzü çıxarılmasına geniş meydan verildi. Hər zaman təbii sərvətləri və strateji-coğrafi mövqeyinə görə, güclərin diqqət mərkəzində olan Azərbaycan təzyiqlərə məruz qalaraq mücadilə edib və öz azadlığı, müstəqilliyi uğrunda qanlı savaşlarda olub. Gərgin ictimai-siyasi proseslərdə xalqın müstəqillik arzusu və mübarizəsi heç vaxt tükənməyib. Ölkəmizin çoxəsrlik tarixində 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk demokratik, parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması yeni səhifə oldu. AXC müsəlman xalqlarına müstəmləkəçilikdən xilas olmağın yolunu göstərib, onlar üçün nümunə oldu. AXC qısa müddətdə genişmiqyaslı demokratik islahatlar həyata keçirib və xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq, həmin dövr üçün mütərəqqi hesab edilən dövlət təsisatlarının yaradılmasına nail oldu. Cümhuriyyət dövründə xalqımızın taleyinə ciddi təsir edə biləcək qanun və qərarlar qəbul olundu və milli ordumuzun yaradılması, atributlarımızın, dövlət dilimiz haqqında qanunun qəbul olunması, maarif və səhiyyə sahəsində geniş tədbirlərin həyata keçirilməsi, Azərbaycanın sərhədlərinin və təhlükəsizliyinin təmini istiqamətində böyük işlər reallaşdı. Azərbaycan Xalq Cümhuriyyəti elan olunandan sonra xarici qüvvələr onun devrilməsi üçün bütün imkanlardan istifadə etməyə çalışarkən Osmanlı Türkiyəsinin göstərdiyi hərbi və siyasi yardım milli dövlətçilik tariximizdə çox mühüm rol oynadı.
30 MARTDAN 4 APREL TARİXİNƏ QƏDƏR MİNLƏRLƏ DİNC AZƏRBAYCANLI MİLLİ MƏNSUBİYYƏTİNƏ GÖRƏ MƏHV EDİLİB
Təcavüzkar erməni millətçiləri tərəfindən xalqımıza qarşı iki yüz ilə yaxın bir dövrdə yeridilən soyqırımı siyasətinin məqsədi azərbaycanlıları tarixi torpaqlarından qovmaq, xarici havadarlarının köməyi ilə həmin yerlərdə Ermənistan dövləti yaratmaq olub. Bu mənfur ideyanı reallaşdırmaq istiqamətində ardıcıl olaraq hərbi, ideoloji və təşkilati xarakterli tədbirlər həyata keçirilib. Azərbaycanlılar tədricən doğma torpaqlarından qovulub, onların ərazilərində başqa ölkələrdən köçürülmüş ermənilər məskunlaşdırılıb. Azərbaycanlılara qarşı yeridilən soyqırımı siyasətinin tarixini ardıcılıqla izləsək, görərik ki, hadisələr eyni ssenari əsasında baş verib. Ötən əsrin əvvəllərində - 1905-1906 illərdə İrəvan və Gəncə quberniyalarının 200, Şuşa, Cəbrayıl və Zəngəzurun isə 75 azərbaycanlı kəndini ermənilər talan ediblər. Hadisələrin davamı olaraq 1918-ci ilin mart ayında soyqırımı törədiblər. 30 martdan 4 aprel tarixinə qədər ermənilərin törətdikləri cinayətlər nəticəsində minlərlə dinc azərbaycanlı milli mənsubiyyətinə görə məhv edilib. Bu erməni vəhşiliyinin nəticəsində baş verir. Ermənilər evlərə od vurub, insanları diri-diri yandırıblar. İnsanlığa sığmayan bir vəhşilik törədiblər. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri də dağıdaraq, Bakının böyük bir hissəsini xarabalığa çeviriblər. Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqla həyata keçirilib. Onu da qeyd edək ki. erməni vandallığının nəticəsində azyaşlılar və silahsız qadınlar xüsusi qəddarlıqla qətlə yetirilib. Tarixi mənbələrdə qeyd olunur ki, ermənilər Şamaxı qəzasında 1653-ü qadın və 965-i uşaq olmaqla ümumilikdə 7000-dən çox insanı soyqırıma məruz qoymuşdular. Şamaxıda 58, Quba ərazisində 122, Qarabağın Dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan Quberniyasında 211 kənd yerlə yeksan olunub. Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu köməyə gəlməsəydi, bu qırğının miqyası daha dəhşətli olardı. Daşnak quldur dəstələrinə qarşı vuruşlarda 5 min azərbaycanlı və min nəfərədək türk həlak olmuşdur.
SOYQIRIMI HADİSƏLƏRİNƏ SİYASİ QİYMƏT VERİLDİ
Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirmiş, Şamaxıdakı vəhşiliklər, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətlər araşdırılmışdı. 1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilsə də, cümhuriyyətinin süqutundan sonra həmin proses dayandırılıb, baş verənlərin sona qədər tədqiq edilməsinin və ona müvafiq siyasi-hüquqi qiymət verilməsinin qarşısı alınıb.
Hadisələrə 80 il sonra - 1998-ci il martın 26-da Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" Fərmanda siyasi-hüquqi qiymət verilib. Beləliklə, 31 mart "Azərbaycanlıların Soyqırımı Günü" elan edilib. Fərmanda qeyd olunur ki. Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir: "Bu hadisələrin yalnız birinə - 1918-ci il mart qırğınına siyasi qiymət vermək cəhdi göstərilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir".
"ŞAUMYAN VƏ ONUN KİMİLƏRİ BİZƏ QƏHRƏMANLAR KİMİ TƏQDİM EDİLİRDİ"
Son illər aparılmış araşdırmalar nəticəsində faktlar və sənədlər üzə çıxarılıb. Quba şəhərində tapılan kütləvi məzarlıq erməni vəhşiliyini dünyaya təqdim etdi. 1918-ci ilin aprel-may aylarında yalnız Quba qəzasında 167 kənd tamamilə məhv edilib. Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkar edilib və Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqat nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdiyi soyqırımı ilə bağlı olduğu müəyyən edilib. Tədqiqat işlərinin nəticəsi olaraq məzarlıqda müxtəlif yaş qruplarına aid 400-dən çox insan cəsədinin qalıqları aşkar edilib. Onlardan 50-dən çoxu uşaqlara, 100-dən çoxu qadınlara, qalanları isə əsasən yaşlı kişilərə aiddir. Müəyyən edilib ki, məzarlıqda azərbaycanlılarla bərabər, Qubada yığcam halda yaşayan ləzgi, yəhudi, tat və digər etnik qrupların nümayəndələri də amansızcasına qətlə yetirilərək basdırılıb. Bu tarixi dəlillər ermənilərin qəddar, vəhşi, vandal olduğunu bir daha təsdiqləmiş olur. Həmin ərazidə Quba Soyqırımı Memorial Kompleksi yaradılıb. 2013-cü il sentyabrın 18-də keçirilən açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışı zamanı sovet dövründə tarixin təhrif edildiyi üçün bu həqiqətlərin bizdən gizlədildiyini qeyd edib: "Uzun illər Azərbaycan xalqının qanını axıdan quldurlar, - onların da mənfur adları orada göstərilir, - Şaumyan və onun kimiləri bizə qəhrəmanlar kimi təqdim edilirdi. Hesab edirəm ki, bu, böyük faciədir. Çünki uzun illər xalqımıza qarşı amansızlıqla vəhşilik törədən ünsürlər sovet tarixində qəhrəman kimi təqdim edilirdi, onların şərəfinə abidələr ucaldılırdı. Yalnız müstəqillik dövründə biz həqiqi ədaləti bərpa etdik. Gözəl şəhərimizi, Bakımızı o abidələrdən təmizlədik və bu gün o yerlərdə gözəl parklar, o cümlədən Sahil parkı yaradılıbdır. Yəni, tarix, ədalət zəfər çaldı".
31 MART AZƏRBAYCANLILARIN SOYQIRIMINDAN 105 İL ÖTÜR
1988-ci ildən başlayaraq erməni millətçiləri azərbaycanlıları Ermənistandan qovmağa, Qarabağı isə Azərbaycandan ayırmağa başladılar. Soydaşlarımız - 250 min azərbaycanlı öz ev-eşiyindən, tarixi torpaqlarından qovulur. 1988-ci ildən sonra Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində 7 rayon talan olundu, 1 milyona qədər adam doğma yurdundan didərgin düşdü. 17 fevral 1992-ci ildə Ermənistan ordusu tərəfindən 90 azərbaycanlı qətlə yetirildi. Ağdaban soyqırımı 8 aprel 1992-ci il tarixində törədildi və Ermənistan ordusu tərəfindən 67 azərbaycanlı qətlə yetirildi. Tarixdə belə faktlar kifayət qədərdir ki. ermənilərin xalqımıza qarşı törətdikləri vəhşi əməlləri təqdim edir.
Tarixən Azərbaycan xalqına qarşı soyqırım siyasəti həyata keçirən erməni millətçiləri öz vəhşi simalarını bir daha bütün dünyaya nümayiş etdirərək Xocalını yerlə-yeksan etdilər. Xocalı soyqırımı erməni terrorizminə, onların işğalçılıq siyasətinə, insanlığa sığmayan əqidə və məsləkinə qarşı dərin nifrət hissi oyadır. Xocalıda terror əməliyyatının planı əvvəldən hazırlanmışdır. Xocalıda erməni terrorizminin amansızlığını təsdiq edən faktlardan biri də odur ki, terror əməliyyatı zamanı istifadəsi qadağan olun xüsusi təhlükəli kütləvi qırğın silahlarından geniş istifadə edilmişdi.
Artıq 31 Mart Azərbaycanlıların soyqırımından 105 il ötür. Soyqırımı qurbanlarının əziz xatirəsini dərin hüzn və ehtiramla yad edirik.
Nəzakət ƏLƏDDİNQIZI