PDF Oxu

Siyasət

  • 2 701

Azərbaycan -Türkiyə münasibətləri Türk dünyası üçün bir örnəkdir ŞƏRH

Azərbaycan -Türkiyə münasibətləri Türk dünyası üçün bir örnəkdir ŞƏRH

16 mart 2023-cü il tarixdə Türkiyənin Ankara şəhərində Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin sədrliyi və Türkiyə Cumhuriyyetinin prezidenti Receb Tayyib Ərdoğanın ev sahibliyi ilə “Fəlakət - Fövqəladə halların idarə edilməsi və humanitar yardım” mövzusunda təşkil olunmuş Zirvə Görüşü tarixi əhəmiyyətə malikdir. Türk dövlətlərinin bir-birinə hərtərəfli dost və qardaş dəstəyi verməsi, belə ağır günlərdə bir olması vacib məsələdi.

Türkdilli ölkələr arasında iqtisadi əlaqələrin inkişafına mühüm töhfə verəcək qərarların qəbul olunduğu Ankara Sammitində çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyədə baş vermiş on minlərlə insanın tələfatına və xəsarət almasına səbəb olan dağıdıcı zəlzələnin fəsadlarından dolayı olduqca kədərləndiyini bildirib və qeyd edib ki, Azərbaycan hökuməti və xalqı zəlzələ baş verən andan qardaş Türkiyəyə humanitar yardımlar etmək üçün səfərbər olmuşdur. Azərbaycandan 940 nəfər, o cümlədən xilasedicilər, tibb personalı və könüllülər zəlzələ bölgəsinə göndərilib. Türkiyəyə göndərilən xilasedicilərin sayına görə Azərbaycan dünya ölkələri arasında birinci olub. Xilasedicilərimizin və həkimlərimizin səyi nəticəsində dağıntılar altından 53 nəfər sağ çıxarılıb. Həmçinin 780 nəfərin cəsədi dağıntılar altında aşkar edilib. Tibb personalımız ümumilikdə 3 mindən artıq şəxsə tibbi xidmət göstərib. Bu günə qədər 45 milyon ABŞ dollarından artıq vəsait AFAD və digər humanitar qurumların bank hesabına köçürülmüşdür. Bununla yanaşı, qardaş Türkiyəyə 5320 ton humanitar yardım çatdırılmışdır.

Dövlət başçımız bildirib ki, Azərbaycan və Türkiyə həm sevincli, həm də kədərli günlərdə daim bir-birinin yanında olmuşdur. Bundan sonra da belə olacaq.

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi dövründə ilk saatlardan başlayaraq son günə qədər cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstək bizə əlavə güc verdi, eyni zamanda bütün Türkiyə xalqı Azərbaycanın yanında idi. 2021-ci ilin iyun ayında iki dövlət arasında imzalanmış Şuşa Bəyannaməsi ilə Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr artıq müttəfiqlik səviyyəsinə qaldırılmışdır.

Cənab Prezident çıxışında vurğulayıb ki, son 20 ildə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiyə dünyada söz sahibi olmuş, güc mərkəzinə çevrilmişdir, bu illər ərzində Türkiyədə davamlı sabitliyin təmin olunması, ölkənin inkişafı bütün Türk dünyası üçün önəmli şərtdir. Nəticədə bu gün dünyada Türkiyə ilə hesablaşırlar və ona hörmət edirlər. Türkiyənin hərbi gücünü, müdafiə sənayesi sahəsində böyük uğurlarını indi dünyada hər kəs görür.

2022-ci ildə Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilmiş Zirvə görüşündə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın Türk Dünyasının Ali Ordeni ilə təltif edilməsi onun Türk dünyasının gücləndirilməsində böyük xidmətlərini bir daha sübut edir.

Cənab Prezident çıxışında Ermənistanın 30 illik işğal dövründə yüzlərlə şəhər və kəndimizi, tarixi və dini abidələrimizi, qəbiristanlıqları məqsədli şəkildə dağıtması, təbbi sərvətlərimizi talan etməsi, ətraf mühitə ciddi zərər vurması, Birinci Qarabağ müharibəsi nəticəsində 4 minə yaxın vətəndaşımız itkin düşməsi, işgəncələrə məruz qalaraq qətlə yetirilməsi, Ermənistanın işğalına görə Azərbaycanın dünyada mina ilə ən çox çirkləndirilmiş ölkələr arasında olması, Qarabağda qanunsuz erməni dəstələri və kriminal ünsürlərin hələ də qalması, 2022-ci ildə Praqa və Soçidə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanımasına baxmayaraq, hələ də öz qoşunlarını tam olaraq Azərbaycan ərazilərindən çıxarmaması, Ermənistanın 2020-ci il noyabrın 10-da imzalanmış Bəyanatı kobudcasına pozması, həm də Zəngəzur dəhlizinin açılması öhdəliyindən yayınması, Azərbaycanın işğaldan azad etdiyi torpaqlarda apardığı genişmiqyaslı yenidənqurma işləri, “Böyük Qayıdış” proqramının icrası və digər mühüm məsələlərdən danışdı.

Yenidənqurma və bərpa prosesində Türk dünyasınındəstəyini də vurğulayaraq, Türkiyə şirkətlərinin podratçı kimi bir çox infrastruktur layihələrində fəal iştirakını bildirib, işğaldan azad olunmuş Füzuli rayonunda Özbəkistan tərəfindən məktəb və Qazaxıstan tərəfindən yaradıcılıq mərkəzinin inşasını yüksək dəyərləndirib.

Ölkə başçısı tarixi torpağımız olan qərbi Zəngəzurun 1920-ci ildə sovet hökumətinin qərarı ilə Azərbaycandan ayrılaraq Ermənistana verilməsinin Türk dünyasının coğrafi cəhətdən ayrılmasına səbəb olduğunu, 1991-ci ilə qədər bütün azərbaycanlıların indiki Ermənistan ərazisindən zorla qovulduğunu diqqətə çatdırıb. Prezident çıxışında onu da qeyd edib ki, Qərbi Azərbaycanda etnik təmizləməyə məruz qalan həmvətənlərimiz indi Qərbi Azərbaycan İcmasında birləşiblər. Onlar tarixi torpaqlara sülh yolu ilə qayıdışı qarşılarına məqsəd qoyublar. Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasına əsasən, indiki Ermənistan ərazisindən zorla deportasiya olunmuş azərbaycanlıların öz yurdlarına qayıdışı üçün müvafiq verifikasiya və zəmanət mexanizmi olan və hüquqi baxımdan məcburi olan beynəlxalq razılaşma əldə edilməlidir. Biz Azərbaycan dövləti olaraq Qarabağda yaşayan erməni sakinlərinin fərdi hüquq və təhlükəsizliyini təmin edəcəyimiz kimi, Ermənistan da qarşılılıq prinsipi əsasında Qərbi azərbaycanlıların hüquq və təhlükəsizliyini təmin etməlidir.

Günay Məmmədli

YAP Yasamal rayonu “Azərsu” ASC üzrə

ərazi partiya təşkilatının sədri

Digər xəbərlər