"Heydər Əliyev İli" çərçivəsində Quba rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib. Aksiyada Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri Fidan Hüseynova, Quba rayonunda fəaliyyət göstərən qurumların rəhbərləri, YAP Quba rayon təşkilatı üzrə ərazi partiya təşkilatlarının nümayəndələri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları və fəal gənclər iştirak ediblər.
Aksiyanın təşkil edilməsində əsas məqsəd Azərbaycanda ətraf mühitin və meşə zolaqlarının qorunması və mühafizəsini hər zaman diqqətdə saxlamış Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində Onun əziz xatirəsini yad etməkdir. Eyni zamanda, ekoloji mədəniyyətin formalaşması prosesinə töhfə vermək, ümumilikdə ətraf mühitin qorunması üzrə maarifləndirici təbliğata dəstək olmaq və cəmiyyəti ekoloji problemlərə qarşı mübarizəyə səsləməkdir.
Nəzakət ƏLƏDDİNQIZI