Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra, xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq mümkün olmuşdur. Yaxın keçmişdə məxfi, qadağan olunmuş mövzular, əvvəllər təhrif olunmuş hadisələr öz həqiqi qiymətini alır.
31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Mart hadisələrinin 80-ci ildönümündə 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyev erməni millətçilərinin əməllərinə hərtərəfli siyasi-hüquqi qiymət verən Fərman imzaladı. Bu sənəd azərbaycanlıların bugünkü və gələcək nəsillərinin milli yaddaşını qoruyub saxlamaq üçün zəruri proqramdır. Azərbaycanlılara qarşı soyqırımı və deportasiya siyasətini üzə çıxaran tarixi Fərmanda bu sətirlər yer alıb: “Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra xalqımızın obyektiv tarixini yaratmaq mümkün oldu. Qadağan olunmuş hadisələr üzə çıxarılır, təhlil edilir və həqiqi dəyəri verilir. Azərbaycan xalqına qarşı dəfələrlə işlədilən və uzun illər lazımi siyasi-hüquqi qiymətini almayan soyqırımı tarixin açılmamış səhifələrindən biridir”. Ötən illər ərzində Azərbaycan dövləti soyqırımı və etnik təmizləmə həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində böyük işlər görüb. Fərmanda Ermənistanın Azərbaycana qarşı təcavüzünün tarixi köklərinə də toxunulub, soyqırımı və terror siyasəti əks olunub. 1918-ci ilin martında Bakıda, Şamaxıda, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın digər bölgələrində ermənilər tərəfindən törədilmiş azərbaycanlıların qətliamları qurbanlarının anım gününə həsr olunmuş tədbirlər hər il Azərbaycanda və dünyanın bir çox ölkələrində keçirilir.
1813 və 1828-ci illərdə imzalanmış Gülüstan və Türkmənçay müqavilələri Azərbaycan xalqının və tarixi torpaqlarının parçalanmasının başlanğıcı oldu. Azərbaycan xalqının bu milli faciəsinin davamı olaraq torpaqlarının işğalı başlandı. Ən qısa zamanda bu siyasət reallığa çevrilməyə başlandı, ermənilərin Azərbaycan torpaqlarına kütləvi şəkildə köçürülməsi həyata keçirildi. Soyqırım Azərbaycan torpaqlarının işğalının tərkib hissəsinə çevrilmişdir.
İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində məskunlaşan ermənilər, orada yaşayan azərbaycanlılarla müqayisədə azlıq təşkil etmələrinə baxmayaraq, onların şəfaətçilərinin himayəsi altında “Erməni bölgəsi” adlı inzibati vahidin formalaşmasına nail oldular. Belə bir süni ərazi bölgüsü, faktiki olaraq azərbaycanlıların öz torpaqlarından didərgin salınması, məhv edilməsi siyasətinin əsasını qoydu. “Böyük Ermənistan” ideyasının təbliği başladı. Bu qondarma dövlətin yaranmasına “əsaslandırmaq üçün” Azərbaycan torpaqlarında erməni xalqının tarixinin saxtalaşdırılmasına yönəlmiş genişmiqyaslı proqramlar həyata keçirilirdi. Azərbaycanın və bütün Qafqazın tarixinin təhrif edilməsi bu proqramların mühüm tərkib hissəsi idi.
“Böyük Ermənistan” yaratmaq ximerasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq genişmiqyaslı qanlı aksiyalar həyata keçirdilər. Ermənilərin Bakıda başlayan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini bürüdü. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb, yerlə-yeksan edilib, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirilib. Bu hadisələrin təşkilatçıları işin mahiyyətinin açılmasına, ona düzgün hüquqi-siyasi qiymət verilməsinə mane olmaqla, azərbaycanlılar haqqında mənfi obraz yaratmış, onların avantürist torpaq iddialarını məharətlə ört-basdır etmişlər.
Birinci Dünya Müharibəsindən, Rusiyada baş verən fevral və oktyabr çevrilişlərindən məharətlə yararlanan ermənilər, bolşevik bayrağı altında öz iddialarının reallaşmasına nail oldular. 1918-ci ilin martından Bakı Kommunası tərəfindən əksinqilabi ünsürlərə qarşı mübarizə şüarı altında erməni daşnakları azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlandı. Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşında əbədi olaraq qaldı. Minlərlə dinc azərbaycanlı yalnız milli mənsubiyyətinə görə öldürüldü. Ermənilər evlərə od vurdular, insanları diri-diri yandırdılar, milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscidləri, abidələri dağıtdılar, Bakının böyük hissəsini xarabalığa çevirdilər. 1918-ci il martın 30-da axşam saatlarında başlayan soyqırım əslində bir həftə davam etdi ki, bunun üç günü şəhərin azərbaycanlı müsəlman əhalisinin amansız və şiddətlə tüğyan edən daşnak dəstələri tərəfindən kütləvi şəkildə qətlə yetirilməsi və talan edilməsi ilə əlamətdar oldu. Bakının tarixi məhəllələrində, müsəlman qəsəbələrində və küçələrində vəhşilik edən ermənilər, təkcə şəhərin özü ilə məhdudlaşmırdı. Erməni dəstələri bu günlərdə Bakı yaxınlığındakı ətraf kəndlərə də basqın edərək, müsəlman evlərinə hücum edir, şəhərətrafı yolları pusquya salır, yoldan keçən müsəlmanları qarət edib öldürürdülər. 1918-ci ilin martında Bakı kəndlərinin çoxlu sakinləri - Məmmədli, Əhmədli, Balaxanı, Binəqədi, Bibi-Heybət, Hökməli, Zabrat, Sabunçu, Ramana, Xırdalan və s. erməni silahlı dəstələrinin vəhşiliklərinin qurbanı oldular. Azərbaycanlıların soyqırımı Bakıda, Şamaxıda, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın digər bölgələrində xüsusi qəddarlıqla həyata keçirilib. Bu ərazilərdə dinc əhali kütləvi şəkildə qətlə yetirilib, kəndlər yandırılıb, milli mədəniyyət abidələri dağıdılaraq, məhv edilib.
Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirildi. 1918-ci il iyulun 15-də Nazirlər Soveti bu faciəni araşdırmaq üçün fövqəladə təhqiqat komissiyasının yaradılması haqqında qərar qəbul etdi. Komissiya mart soyqırımını dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün Xarici İşlər Nazirliyində xüsusi struktur yaradılmışdır. 1918-ci ilin mart qırğınına siyasi qiymət vermək cəhdləri olub. 31 mart 1919 və 1920 Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən matəm günü elan edilmişdir. Bu, bir əsrdən artıqdır davam edən azərbaycanlılara qarşı soyqırımı və torpaqlarımızın işğalı prosesinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin süqutu, bu işi başa çatdırmağa imkan vermədi. Buna baxmayaraq, tarixi ədalət öz yerini tutmağa başladı. Azərbaycan Respublikasının yeni müstəqillik dövründə Ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərmanında bu hadisələrə siyasi qiymət verilmiş və ilk dəfə olaraq azərbaycanlıların ermənilər tərəfindən soyqırımı rəsmi şəkildə elan edilmişdir.
19-20-ci əsrlərdə Azərbaycanda baş verən bütün faciəli hadisələr, torpaqların zəbt edilməsi ilə müşayiət olunub və ermənilər tərəfindən məqsədyönlü və planlı şəkildə həyata keçirilən, azərbaycanlıların soyqırımı siyasətinin mərhələləridir.
31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ölkəmizdə hər il dövlət səviyyəsində qeyd olunur. Təsadüfi deyil ki, bu proses Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilib. Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən kampaniya, dünyanın əksər şəhərlərini əhatə edir. Fondun nəşr etdiyi “Qarabağ həqiqətləri” toplusu Azərbaycan həqiqətlərini bütün dünyaya çatdırıb. Heydər Əliyev Fondunun yaratdığı Azərbaycan internet portalı ermənilərin yüz illərdir xalqımıza qarşı həyata keçirdikləri soyqırımı siyasətini beynəlxalq səviyyədə daha mükəmməl formada təqdim edir.
Real hadisələr onu göstərir ki, erməni millətçiləri cinayətkar niyyətlərindən əl çəkmədən, dinc insanları amansızcasına məhv etməklə, törətdikləri cinayətləri gizlətmək üçün tarixi müxtəlif üsullarla saxtalaşdırmaqda, öz xeyrlərinə yenidən yazmaqda davam edirlər.
Təəsüflə qeyd etmək lazımdır ki, beynəlxalq miqyasda bu soyqırıma hələ də hüquqi qiymət verilməyib. Soyqırımın cinayət kimi hüquqi tərifi BMT Baş Assambleyasının 9 dekabr 1948-ci il tarixli 260(III) saylı qətnaməsi ilə qəbul edilmiş “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyada verilmişdir. Bu Konvensiyaya uyğun olaraq, soyqırım hər hansı bir milli, etnik, irqi və ya dini qrupların tamamilə və ya qismən məhv edilməsi məqsədi ilə törədilmiş hərəkətdir.
Yuxarıda qeyd olunan Konvensiyanın bəşəriyyətə qarşı cinayət hesab etdiyi bütün bu əməllər 1918-ci ilin mart hadisələri zamanı ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş və hüquqi baxımdan soyqırımı kimi qiymətləndirilməlidir.
Masil Dəmirov
YAP Yasamal rayon təşkilatının fəal üzvü