Dövlət başçısının Sərəncamı ilə ölkəmizə gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurları sadələşdirilib
Azərbaycanın inkişafı, möhtəşəm nailiyyətlər ölkəmizin beynəlxalq miqyaslı yarışlara, festivallara, qlobal forumlara və konfranslara ev sahibliyi etməsinə səbəb olub. Paytaxt Bakıda NATO Parlament Assambleyasının seminarı, ATƏT Parlament Assambleyasının illik sessiyası, IV Bakı Beynəlxalq Humanitar, Gənclər Siyasəti üzrə I Qlobal Forumu, Caz Festivalı, "Eurovision-2012" musiqi yarışması, "Bakı Elm Festivalı-2014", BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu və onlarla belə mühüm əhəmiyyət kəsb edən tədbirlərin təşkil olunmasında Azərbaycanın qazandığı mövqeyi, ölkəmizin beynəlxalq çəkisi və yüksək imici səbəbdir.
Azərbaycanda idman və Olimpiya hərəkatının inkişafında da böyük canlanma müşahidə olunmuş və bu gün də belədir. Dünyanın idman arenalarında artıq özünə layiqli yer tutan Azərbaycan müxtəlif idman yarışlarına yüksək səviyyədə ev sahibliyi edib. Bədii gimnastika, qılıncoynatma, taekvondo, güləş, boks, karate, avarçəkmə, FİFA U-17 Qadınlararası Dünya Çempionatı, "Baku World Challenge" avtomobil yarışı və Olimpiya növlərinə daxil olan digər beynəlxalq idman tədbiri, o cümlədən, Dünya və Avropa çempionatlarının təşkili ölkəmizə böyük imic qazandırıb. Ölkəmiz tarixdə ilk dəfə təşkil olunan "Bakı-2015" Avropa Oyunlarını layiqincə təşkil etməklə, tək özünün deyil, qitənin idman tarixinə möhürünü vurmuşdu.
Gələcəyə hesablanmış idman siyasəti ölkəmizdə sağlam nəsil və böyük idmançı ordusu formalaşdırıb. Bütün bunlar Azərbaycanda həyata keçirilən idman siyasəti, həmçinin, idmanın inkişafına dövlət tərəfindən göstərilən diqqət və qayğının məntiqi nəticəsidir. Dünyanın idman arenalarında artıq özünə layiqli yer tutan Azərbaycan müxtəlif idman yarışlarına yüksək səviyyədə ev sahibliyi edib. Keçirilən tədbirlər sırasında ölkəmizdə keçirilən və dünyanın diqqətini cəlb edən ən əhəmiyyətli idman tədbirlərindən biri olan "Formula - 1" yarışmasıdır. Azərbaycanın idman tarixində yeni bir səhifə olan elit yarışmalar sırasında yer alan "Formula-1" yarım əsrdən artıq tarixində yaddaqalan zamanını yaşayır. 2016-cı ildən başlayararaq, paytaxtımızda keçirilən "Formula-1" yarışlarının yüksək səviyyədə keçirilməsi üçün ölkəmizdə hər cür şərait yaradılıb. Azərbaycan növbəti dəfə "Formula - 1" yarışmasına ev sahibliyi edəcək. 2023 Formula 1 Azərbaycan Qran Pri yarışının təşkili və keçirilməsi ilə bağlı Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında
dövlət başçısı Sərəncam imzalayıb. Sərəncama əsasən, 2023 Formula 1 Azərbaycan Qran Pri yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn və bu Sərəncamın 2-ci hissəsində qeyd edilən sənədlərdən hər hansı birini təqdim edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2023-cü il aprelin 1-dən mayın 15-dək Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza ala bilərlər.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi 2023 Formula 1 Azərbaycan Qran Pri yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə "Formula One Management Limited" Şirkətinə, Beynəlxalq Avtomobil Federasiyasına və xarici ölkələrin müvafiq orqanlarına məlumat verəcək. 2023 Formula 1 Azərbaycan Qran Pri yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin "ASAN Viza" sistemi vasitəsilə elektron viza almaq imkanı barədə məlumatın Nazirliyin, eləcə də Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərinin və konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsini təmin edəcəkdir.
Sərəncamda o da qeyd olunur ki, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti Azərbaycan Respublikasına uçuşlar həyata keçirən aviasiya şirkətlərinə 2023 Formula 1 Azərbaycan Qran Pri yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə məlumat versin.
Qeyd edək ki, 2023 Formula 1 Azərbaycan Qran Pri yarışı aprelin 28-30-da Bakı şəhər halqasında keçiriləcək. Qeyd edək ki, ötən il keçirilən Bakı yarışının qlobal auditoriyası 60 milyona yaxın olub. Bir çox ölkələrdə izləyici sayı ötən illə müqayisədə əhəmiyyətli dərəcədə artıb. 2022-ci il Azərbaycan Qran-Prisini Formula 1-in rəsmi veb səhifəsi və mobil tətbiqi vasitəsilə 8 milyondan çox unikal istifadəçi izləyib. Bu rəqəm 2021-ci illə müqayisədə 9 faiz, 2019-cu illə müqayisədə 111 faiz artıb. Dünya çempionatının Azərbaycan mərhələsinin sosial media izləyicilərinin sayı 116 faiz artmaqla yüksək həddə çatıb. Bundan başqa, Formula 1 azarkeşləri arasında keçirilən sorğuya əsasən, respondentlərin 74 faizi Formula 1 Azərbaycan Qran-Prisinin davamlı keçirilməsinin tərəfdarıdır. Azarkeşlərin 73 faizi Bakı şəhər halqasının F-1 yarışının təşkili üçün möhtəşəm yer olduğunu, 74 faizi isə onun ötmə manevri üçün ideal imkan yaratdığını qeyd edib. Ümumilikdə respondentlərin 62 faizi Bakı yarışının Formula 1 təqvimində ən sevimli yarışlardan biri olduğunu vurğulayıb. Beynəlxalq tədbirlərin keçirilməsi mürəkkəb bir mexanizmə malik olduğundan, təşkilatçılıq, təhlükəsizlik və iqtisadi imkanların mövcudluğu da həlledici rola malikdir ki, ölkəmizdə bütün bu və ya digər tədbirlər yüksək səviyyədədir.
Nəzakət ƏLƏDDİNQIZI