PDF Oxu

Siyasət

  • 3 152

NAXÇIVAN: dəfələrlə soyqırımına məruz qalan qədim torpaq ARAŞDIRMA+TƏHLİL

NAXÇIVAN: dəfələrlə soyqırımına məruz qalan qədim torpaq ARAŞDIRMA+TƏHLİL

XX əsr boyu ermənilər Azərbaycan xalqına qarşı dəhşətli soyqırımı cinayətləri törətmişlər. Məqsədləri işğalçılıqla tarixi torpaqlarımızda “böyük Ermənistan” yaratmaq olan qonşuluqdan kənar olmuşlar xülyalarını reallaşdırmaq üçün ardıcıl olaraq istər hərbi, istərsə də ideoloji vasitələrdən istifadə etmişlər. Azərbaycanın ayrı-ayrı bölgələrində həyata keçirdikləri soyqırımları, deportasiyalar, qanlı cinayətlər zaman-zaman soydaşlarımızın faciələrlə üzləşməsi, həyatlarını, yurdlarını, ev-eşiklərini itirmələri ilə nəticələnmişdir. Bu soyqırımları qədim Naxçıvan torpağını da əhatə etmiş, düşmən bu strateji bölgənin işğalı üçün min bir hiyləyə əl atmış, arzusuna çata bilməsə də, minlərlə soydaşımızın qətlinə, minlərlə qədim tikililərin məhvinə səbəb olmuşlar ki, bu gün də tarixi vərəqlədikcə həmin səhifələr qan qoxur.

Əsrin əvvəlindən başlanan faciə

Tarixi mənbələrdə ötən əsrin 1905-ci ilinin may ayından etibarən Naxçıvan qəzasında da ermənilərin azərbaycanlılara qarşı qətllərinin başlanması faktları yer alır. Onların Naxçıvanda törətdikləri qırğınlar Ordubad, Yaycı, Cəhri, Şıxmahmud, Kültəpə, Əliabad, Çeşməbasar, Tivi, Tumbul və onlarla başqa yaşayış məntəqələrini əhatə etmişdir. Ermənilər 1905-ci il noyabrın 26-da Naxçıvan şəhərindəki müsəlman bazarını qarət etdikdən sonra od vurub yandırmışlar. Yanğın nəticəsində bazarda 85 dükan, 75 anbar və başqa tikililər məhv edilmişdir. Noyabrın 30-da isə Cəhri kəndi yandırılmışdır. Həmin gün Naxçıvana gəlmiş İrəvan general-qubernatoru Paskeviç hadisələrin təfsilatı ilə maraqlanmamış, Cəhri kəndi tamam yanıb qurtarandan sonra, dekabrın 2-də kəndə yollanmış, naxçıvanlıların haqlı şikayətləri ilə bir daha qarşılaşmamaq üçün gecə ikən qatarla İrəvana qayıtmışdır.

Ermənilər azərbaycanlılara qarşı qanlı soyqırımı və deportasiya siyasətinin ilk mərhələsini çarizmin fəal dəstəyi ilə 1905-1907-ci illərdə həyata keçirmişlər. Hadisələr nəticəsində Bakıda və Naxçıvanda, Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur qəzalarında yüzlərlə azərbaycanlı kəndi dağıdılmış, on minlərlə günahsız insan erməni vəhşiliyinin qurbanı olmuşdur. Çarizmin ermənilərin vasitəsi ilə yürütdüyü milli qırğın siyasətinin nəticəsi əhalinin demoqrafik vəziyyətində öz əksini tapmışdır. 1897-ci ildə İrəvan quberniyasında azərbaycanlıların sayı 313176 nəfər olduğu halda, 10 il sonra, 1907-ci ildə 302965 nəfər qalmışdı. Deməli, qırğınlar nəticəsində təkcə İrəvan quberniyasında əhalinin 10 illik təbii artımından 10 mindən artıq azərbaycanlı məhv edilmişdi. İrəvanda rusca nəşr edilən “İrəvan quberniyasının 1908-ci il üçün yaddaş kitabçası”nda İrəvan quberniyasının 242 kəndində 65149 nəfəri türk, 5579-u kürd olmaqla, cəmi 70728 müsəlmanın öldürüldüyü göstərilir. 1897-1907-ci illərdə təkcə Naxçıvanda azərbaycanlı əhalinin sayı 31279 nəfər (34,6 faiz) azalmışdı. Əhalinin təbii artımını da nəzərə almaqla, 1905-1907-ci illər soyqırımı nəticəsində təkcə Naxçıvanda azərbaycanlıların sayının təxminən iki dəfə azaldığını söyləmək olar.

Azərbaycanlılara qarşı soyqırımı və deportasiyanın ilk kütləvi mərhələsini təşkil edən 1905-1907-ci illərdə ermənilər, Bakı da daxil olmaqla, Azərbaycanın bir çox bölgələrində, o cümlədən Naxçıvanda azərbaycanlılara qarşı açıq-aşkar milli qırğın həyata keçirmişlər. Dinc azərbaycanlı əhalinin zəif silahlandığı, bunun müqabilində isə həbi-siyasi cəhətdən çar məmurları tərəfindən hər cür himayə olunan ermənilərin getdikcə daha da azğınlaşması nəticəsində Naxçıvan erməni vəhşiliyi ilə üz-üzə qalmışdı. Bölgənin Naxçıvan, Ordubad, Cəhri, Şıxmahmud, Kültəpə, Əliabad, Çeşməbasar, Tivi, Tumbul və digər onlarla şəhər və kəndlərinin əhalisinə vəhşicəsinə divan tutulmuşdur. Bütün bunlar onu deməyə əsas verir ki, xalqımıza qarşı yürüdülən etnik təmizləmə siyasətinin vüsət aldığı elə ilk mərhələdən ermənilərin işğalçılıq planlarında Naxçıvan həmişə əsas yerlərdən birini tutmuşdur.

İrəvandan sonra Naxçıvan arzusu

Başqa bir tarixi mənbədə isə qeyd olunur ki, 1918-ci il mayın 29-da Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərə­findən İrəvanın ermənilərə güzəştə gedilməsindən sonra onlar Naxçıvanı ələ keçirmək üçün daha da fəallaşmışdılar. Həmin zaman Amerika Birləşmiş Ştatlarının bölgədə rolunun artması erməniləri daha da şirnikləşdirirdi. Naxçıvana təzyiqlər artırdı, buna görə də bölgəni ermənilərin işğalından qorumaq üçün əhalinin təşəbbüsü ilə 1918-ci ilin noyabrında Araz-Türk Respublikası yaradıldı. Çox geniş bir ərazini – 8696 kvadrat kilometri, o cümlədən Naxçıvan və Şərur-Dərələyəz qəzalarını, Ordubad mahalını, Sərdarabadı, Uluxanlını, Vedibasarı, Qəmərlini, Mehrini, Sürməlini əhatə edən və 1 milyon nəfərə yaxın əhalisi olan Araz-Türk Respublikasının paytaxtı Naxçıvan şəhəri idi. Az bir müddət yaşamasına baxmayaraq Araz-Türk Respublikası əhalinin erməni təcavüzünə qarşı səfərbərliyə alınmasında, bölgənin erməni işğalından qorunmasında mühüm rol oynayırdı. Bu işdə əsası daha əvvəllərdən qoyulmuş, Araz-Türk Respublikası tərəfindən isə təşkilatlandırılmış milli qüvvələr - batalyonlar, o cümlədən Kəblə Muxtarın rəhbərlik etdiyi Nehrəm batalyonu, Kəblə Kərimin rəhbərlik etdiyi Cəhri batalyonu, Məhəmmədrza bəyin rəhbərlik etdiyi Dizə batalyonu, Hüseyn Əliyevin rəhbərlik etdiyi Şərur batalyonu, Həsən Şalıverdi oğlunun rəhbərlik etdiyi Şərur-Sədərək kəndlərindəki birliklər, Məşədi Ələsgər ağanın rəhbərlik etdiyi Yengicə qüvvələri, Möhsün Camalovun rəhbərlik etdiyi Kərkər qüvvələri, Fətullah Hüseynov və Kərbəlayi Həbib bəyin başçılığı ilə Cəlilkənd-Zeyvə-Düdəngə kənd qüvvələri, İbrahimxəlil Axundovun rəhbərlik etdiyi Ordubad batalyonu mühüm rol oynamışlar. Bütün bunların sayəsində, əhalinin qüvvəsi ilə Naxçıvan erməni təcavüzündən xilas oldu. Azərbaycan Xalq Cümhuriyyətinin ərazi bütövlüyü təmin olundu.

Zəngəzurun işğalı Naxçıvanı Vətəndən ayrı saldı

1919-cu ilin əvvəllərində ingilislər Naxçıvanı tutaraq Araz-Türk Respublikasını və Naxçıvan Milli Komitəsini ləğv etdilər. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ermənilərə inanaraq 23 noyabr 1919-cu ildə Ermə­nistanla bağlanmış müqavilənin şərtlərinə əsasən öz qoşunlarını Zəngəzurdan çıxardı. Bundan istifadə edən ermənilər Zəngəzuru tutdu və Naxçıvanın Azərbaycandan ayrı düşməsinin əsası qoyuldu. Zəngəzurun bir hissəsinin ermənilər tərəfindən işğal edilməsi Naxçıvan bölgəsinin blokadaya salınması, onun Azərbaycanın əsas hissəsi ilə əlaqələrinin kəsilməsi ilə nəticələndi.

Əzəli və tarixi Azərbaycan torpağı olan, hazırda indiki Ermənistanın cənub-şərqində yerləşən Zəngəzur ərazisi qədim zamanlardan Azərbaycan xalqına məxsus Göyçə gölü hövzəsini və Azərbaycan Respublikasının cənub-qərb hissəsini əhatə edir. Qərbdən Zəngəzur, şərqdən Qarabağ dağları ilə sərhədlənən, qədim zamanlardan Azərbaycan ərazisində yaranan müxtəlif dövlətlərin tərkibində olan və əhali tərəfindən Zəngəzur mahalı kimi tanınan bu ərazinin bir hissəsi Xanlıqlar dövründə Qarabağ, bir hissəsi Naxçıvan, qalan hissəsi İrəvan xanlığının tərkibində olmuşdur. Mahal ərazisinə daxil olan torpaqlar el qaydası ilə Qarakilsə, Gorus, Qafan, Mehri, Zəngilan, Qubadlı, Laçın bölgələrinə bölünmüşdür. Şimali Azərbaycanın Rusiyaya ilhaq edilməsindən sonra digər Azərbaycan torpaqları kimi əhalisi ancaq Azərbaycan türklərindən ibarət olan Zəngəzura da İrandan və Osmanlı imperiyasından çoxlu erməni köçürülmüş, bununla da ərazidə onların sayı süni surətdə artırılmışdır.

Hələ Rusiya imperiyası dağıldıqdan sonra, XIX yüzillik boyu buraya köçürülən və yaranmış vəziyyətdən istifadə edən ermənilər 1917-ci ilin martından 1918-ci ilin mayınadək Zəngəzur ərazisində türk-müsəlman əhaliyə qarşı böyük soyqırımları törətmiş, yüzlərlə yaşayış məskənini dağıtmış, əhalini deportasiya etmişlər. Bu qırğınlar 1918-ci ilin mayın sonlarında Cənubi Qafqazda Azərbaycan, Gürcüstan və Ermənistan dövlətlərinin yaranmasından sonra da davam etdirilmişdir. Təkcə erməni quldurlarından Andronikin, Njdenin və Dronun dəstələrinin basqınları nəticəsində 1918-ci ildə Zəngəzurun 115 kəndi yerlə-yeksan edilmiş, əhalisinə divan tutulmuşdu. Bu qırğınlar zamanı 3257 kişi, 2776 qadın, 2196 uşaq qətlə yetirilmiş, 1060 kişi, 794 qadın və 485 uşaq yaralanmışdı. Beləliklə, bütün qəza üzrə 10068 nəfər müsəlman əhalisi öldürülmüş və şikəst edilmiş, 50 mindən çox adam didərgin düşərək Azərbaycanın kəndlərinə pənah gətirmişdi.

Mənbədə göstərilir ki, 29 noyabr 1920-ci ildə Ermənistan SSR-in yaradılmasından sonra ermənilərin Naxçıvana olan ərazi iddiaları daha da genişləndi. Bu zaman V.İ.Lenin, İ.Stalin və S.Orcenikidze Naxçıvanın Ermənistana verilməsi ideyasını müdafiə edirdilər. İ.Stalin hələ Ermənistanda sovet hakimiyyətinin qurulmasından əvvəl, 4 noyabr 1920-ci ildə AK(b)P Mərkəzi Komitəsinin Siyasi Bürosu və RK(b)P Qafqaz Bürosu üzvlərinin iştirakı ilə “Ermənistanda vəziyyət” məsələsi müzakirə edilərkən belə bir bəyanatla çıxış etmişdi ki, əgər bilmək istəyirsinizsə Zəngəzur və Naxçıvan kimə məxsus olmalıdır, onları Ermənistanın indiki hökumətinə (yəni Daşnak hökumətinə) vermək olmaz, Sovet hökuməti olanda vermək olar. Bu bəyanat elə bir vaxtda verilmişdi ki, artıq Qırmızı ordu hissələri Cənubi Qafqaza daxil olmuş, Azərbaycanı, az sonra Naxçıvanı sovetləşdirmişdi. Ermənistanın sovetləşməsinə lap az qalmışdı. Başqa sözlə desək, Ermənistan 29 noyabrda, yəni bəyanatdan 25 gün sonra sovetləşdi. Deməli, İ.Stalin bu vəziyyəti qabaqcadan görür və faktiki olaraq Naxçıvanın və Zəngəzurun Ermənistana verilməsini istəyirdi. Məhz buna görə də Ermənistan sovetləşdikdən sonra sovet rəhbərliyinin anti-Azərbaycan siyasəti nəticəsində Zəngəzur ərazisinin böyük bir hissəsi Ermənistan SSR-ə verildi. Bu tarixi Azərbaycan torpağının hesabına Ermənistan SSR Xalq Komissarları Sovetinin 20 iyul 1921-ci il tarixli qərarı ilə Ermənistan SSR-nin tərkibində Zəngəzur qəzası yaradıldı. Beləliklə, Zəngəzurun Ermənistana verilməsi ilə Naxçıvan bölgəsi süni surətdə Azərbaycanın əsas hissəsindən ayrı salındı.

Naxçıvanı muxtariyyət statusu xilas etdi

Əlbəttə, bu məsələlər o qədər planlı şəkildə həyata keçirilirdi ki... Məqsəd Naxçıvanı aradan götürüb hazırca loxma kimi mənimsəmək idi. Muxtariyyət statusu bu loxmanı düşmənin ağzında zəhərə çevirdi. Tarixi mənbələrdə göstərilir ki, Naxçıvana Azərbaycanın tərkibində muxtariyyət statusunun verilməsində Moskva və Qars müqavilələrinin də böyük rolu oldu. Nəriman Nərimanovun bu məsələdə prinsipial mövqeyi, Behbud ağa Şahtaxtinskinin Moskvada apardığı danışıqlar Naxçıvan məsələsində Moskvanın mövqeyinin dəyişməsinə öz təsirini göstərdi. Ümumiyyətlə, Behbud ağa Şaxtaxtinskinin Naxçıvana muxtariyyət statusunun verilməsində çox böyük xidmətləri olmuşdur. O hətta Moskvaya, Vladimir İliç Leninə məktub yazmış, həmin məktubda Naxçıvan, Zəngəzur və Dağlıq Qarabağ haqqında həqiqətləri ona çatdırmışdı. Məktubda tarixi Azərbaycan torpaqları olan ərazilər, həmin yerlərin tarixi coğrafiyası, əhalisinin milli tərkibi haqqında məlumatlar verilmiş, fikirlərini sübut etmək üçün Moskvaya bir sıra arayışlar göndərilmişdi. Bütün bunlar Leninin diqqətini cəlb etmiş, nəticədə Siyasi Büro onun təklifi ilə Azərbaycan SSR-in tərkibində Naxçıvan SSR-in təşkili haqqında qərar qəbul etmişdi. 16 mart 1921-ci ildə RSFSR ilə Türkiyə arasında bağlanan Moskva müqaviləsi, bunun ardınca 13 oktyabr 1921-ci ildə Qarsda Türkiyə, Rusiya, Azərbaycan, Ermənistan və Gürcüstan nümayəndələrinin iştirakı ilə imzalanan müqavilə Naxçıvanın ərazi mənsubiyyətini, hətta sərhədlərini belə təsdiqlədi. Ancaq müxtəlif səbəblərdən Naxçıvan Muxtar Respublikasının yaradılması ləngimiş, 27 fevral 1923-cü ildə III Ümum Naxçıvan Sovetlər qurultayının qərarı ilə Naxçıvan Muxtar Diyarı yaradılmışdı. Nəhayət 9 fevral 1924-cü ildə Azərbaycan MİK Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının yaradıldığını elan etmişdir. Beləliklə, qədim və əzəli Azərbaycan ərazisi olan Naxçıvan 1920-1923-cü illərdə Naxçıvan SSR, 1923-1924-ci illərdə Naxçıvan Muxtar Diyarı, 1924-cü ilin 9 fevralından 1990-cı ilin 17 noyabrınadək Naxçıvan MSSR adlanmışdır.

Naxçıvan MSSR Ali Sovetinin 1990-cı ildə yeni seçilmiş deputatlarının iştirakı ilə 17 noyabrda keçirilən ilk sessiyasına sədrlik edən Ümummilli lider Heydər Əliyevin təklifi ilə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “Sovet Sosialist” sözləri çıxarıldı. Həmin vaxtdan Azərbaycanın bu qədim diyarı Naxçıvan Muxtar Respublikası adlanmağa başladı.

Arxiv materialları təsdiq edir

Naxçıvan həmişə ermənilərin iştahasında olub. Özlərini dost kimi göstərib düşmən planlarını cızıb, məqam gözləyiblər. Məsələn, 1918-ci ilin arxiv materialları, tədqiqat əsərləri, baş verən faciələri gözləri ilə görən müasirlərin xatirələri və sair faktlar təkzibolunmaz şəkildə təsdiq edir ki, 1918-ci il Naxçıvan əhalisi üçün böyük müsibətlərlə başlanıb. Qafqaz cəbhəsində məğlub olaraq ərazini tərk edən Rusiya ordusundan aldıqları döyüş sursatı ilə güclü surətdə silahlanmış erməni quldur dəstələri artıq mart ayında Naxçıvan bölgəsinin müxtəlif yerlərində faciəli qırğınlar törədiblər. Onlar Naxçıvan və Şərur-Dərələyəz qəzalarının, Ordubadın kəndlərinə qəfil basqınlar etmiş, əhaliyə divan tutmuş, qadınları, uşaqları, qocaları belə öldürmüş, heç kimə rəhm etməmişlər. Arxiv materialları təsdiq edir ki, 1918-ci il yayın əvvəllərinə qədər ermənilər çoxlu miqdarda müsəlman kəndini yandırmış, minlərlə günahsız insanı qətlə yetirmişlər.

Belə bir vaxtda Naxçıvan ərazisi Azərbaycan xalqının qəddar düşməni, Türkiyədə hərbi andına xəyanət etdiyinə görə bir qulağı kəsilməklə cəzalandırılan qaniçən general Andronik Ozanyanın hücumlarına məruz qalır, 1918-ci ilin iyun ayında Xoy şəhəri yaxınlığında türk qoşunları tərəfindən məğlub edilən Andronik öz qoşunları ilə Arazın cənub sahilləri boyunca şərqə doğru hərəkət edir və Culfa bölgəsinin Yaycı kəndi yaxınlığında Arazı keçərək Naxçıvan ərazisinə daxil olur. Yaycı kənd əhalisi mühasirəyə alınır. Hücum nəticəsində dörd minə yaxın qadın, uşaq və yaşlının çoxu qətlə yetirilir. Ölənlər o qədər çox, qalanlar o qədər az imiş ki, ölənləri dəfn etməyə adam yox imiş.

Naxçıvan şəhərini tutmağı öz qarşısına məqsəd qoyan Andronikin quldur dəstələri Yaycıdan sonra Ordubad rayonunun Aza, Dizə, Düylün kəndlərinin əhalisini demək olar ki, qılıncdan keçirir. Qısa müddət ərzində o, Ordubad dairəsinin əksər hissəsini, Culfa şəhərini və bir sıra kəndləri işğal edir. Dövri mətbuat materialları təsdiq edir ki, həmin vaxt Andronik Gilançay, Əlincəçay və Naxçıvançay vadisində çoxlu kəndi dağıdıb viran qoymuş, əhalinin əksəriyyətini vəhşicəsinə qətlə yetirmişdir. Baş verən bu hadisələrlə əlaqədar ordubadlılar və Naxçıvan əhalisi Bakıya vurduqları teleqramlarda bildirirdilər ki, Andronikin quldur dəstəsi burada amansız qırğın aparır və talançılıqla məşğul olur. Məhz belə bir şəraitdə vəziyyətdən çıxış yolu axtaran naxçıvanlı demokratik ziyalıların və milli burjuaziyanın təşəbbüsü ilə Naxçıvanda Müsəlman Milli Şurası yaradılır. Milli Şura yerli əhalinin köməyi ilə təkcə Naxçıvanda deyil, geniş miqyasda Mehridən Uluxanlıya qədər ərazidə yaşayan azərbaycanlıları erməni quldur dəstələrinin qırğınlarından qoruyur.

Kazım Qarabəkir paşanın rəhbərliyi ilə Naxçıvana köməyə gələn türk qoşunları ilə Naxçıvan əhalisi, xüsusilə yerli gənclərdən təşkil olunmuş könüllü özünümüdafiə dəstələri ermənilərin Naxçıvanı tutmaq və yaratmaq istədikləri xəyali “böyük Ermənistan”a qatmaq arzusunun həyata keçirilməsinə mane olur. Ümumiyyətlə, Naxçıvan əhalisi bütün vaxtlarda Naxçıvanı süni surətdə ayrı salınmış ana torpaqla – Azərbaycanla birləşmək uğrunda mübarizə aparmışlar.

Naxçıvan qorundu, düşmənin arzusu ürəyində qaldı

1905-1907-ci illər qırğınlarından bir neçə il sonra, 1911-ci ildə Məmməd Səid Ordubadinin yazdığı “Qanlı sənələr” adlı kitabı da sənədlər toplusu olaraq bu məsələlərdən bəhs edirdi. Müəllif Azərbaycanın bütün bölgələrindən və ermənilər də daxil olmaqla müxtəlif əhali qruplarından alınmış 600-dən artıq mənbəyə istinadən 245 məktub və digər materiallar əsasında on minlərlə günahsız insanın məhvinə, minlərlə evlərin, təsərrüfatların, kəndlərin dağıdılmasına səbəb olmuş faciəvi hadisələrin qərəzsiz xronikasını yaradıb. M.S.Ordubadi faktların və hadisələrin təsviri ilə kifayətlənməyərək, millətlərarası toqquşmalara gətirib çıxaran səbəbləri də təhlil etməyə çalışıb və onları belə qruplaşdırıb: “Daşnaksütun” tərəfindən Qafqazda oynanılmış “qanlı teatr”; yerli hakimiyyət nümayəndələrinin etinasızlığı və fəaliyyətsizliyi; erməni fitnəkarlığını və hiylələrini vaxtında tanıya bilməmiş azərbaycanlıların sadəlövlüyü və təcrübəsizliyi, habelə silahlarının olmaması; Londonun, Parisin və Amerikanın fəal dəstəyi sayəsində Türkiyə və Cənubi Qafqazın ərazilərində “böyük Ermənistan” yaratmaq məqsədilə ermənilərin muxtariyyətə can atması”.

Ancaq tarix də sübut edir ki, naxçıvanlılar əllərində silah olmasa da, canlarını sipər edərək yurd-yuvalarını hər zaman qoruyublar. Azərbaycan Xalq Cümhuriyyəti rəhbərlərinin də etiraf etdiyi kimi, Naxçıvan əhalisinin igidliyi, qəhrəmanlığı, vətənpərvərliyi sayəsində çox çətin və mürəkkəb şəraitdə bölgənin ərazi bütövlüyü qorunub saxlandı, ermənilərin “böyük Ermənistan” xülyasının gerçəkləşməsinə imkan verilmədi. Əgər belə olmasaydı, ermənilər Naxçıvanı ələ keçirəcəkdi.

1990-cı ildə Bakıda törədilən 20 Yanvar faciəsinə etiraz edərək Moskvadan Bakıya, oradan isə Naxçıvana qayıdan, daha sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinə rəhbərlik edən Ulu öndər Heydər Əliyevlə açıq mübarizədə heç bir nəticə əldə edə bilməyən və iflasa uğrayan bəzi qüvvələr onu hakimiyyətdən kənarlaşdırmaq, siyasi həyatdan təcrid etmək üçün min oyun törədirdilər. Burada məqsəd yaranmış vəziyyətdən istifadə edib Naxçıvanın muxtariyyət statusunu ləğv etmək və bəzi dairələrin bununla istəklərinə nail olması idi. Lakin bacara bilmədilər. Böyük Heydər Əliyev Naxçıvanı da, naxçıvanlıları da qorudu, onları 1990-cı illərin təlatümündən xilas etdi. Həmin illərdə tamamilə blokadaya alınan, insanların aclıqla mücadilə etdiyi Naxçıvanda Heydər Əliyev olmasaydı, Naxçıvan asanlıqla ermənilər tərəfindən işğal edilə bilərdi. Bütün bunlara görə, bu gün Naxçıvanın var olması üçün Ulu öndərə minnətdarıq.

2020-ci ilin 10 noyabrında ermənilər üzərində tarixi qələbəmizdən sonra Qarabağla yaşıd olan Naxçıvan blokadasının da 30 illik düyünü açılmaqdadır. Qarabağ torpaqlarının işğalı ilə başlanan Naxçıvan blokadası torpaqların azad olunması ilə də aradan qaldırılır. Artıq Naxçıvan da Qarabağ torpaqları kimi həsrət qaldığı anası Azərbaycanın qoynuna sığına biləcək, həsrəti sona yetəcək. Buna düşünülmüş siyasətin bəhrəsi olan 10 noyabr Bəyanatı ilə nail oluruq.

Beləliklə, zamanın müxtəlif kəsiklərində dəfələrlə erməni soyqırımlarına məruz qalan qədim Naxçıvan özünü əzmlə müdafiə etməklə bu gün tarix qarşısında alnıaçıq, üzüağ dayanır. Bu qədim yurd yerinin blokadadan birdəfəlik azad olmasına isə çox az bir zaman qalıb.

Mətanət Məmmədova

Digər xəbərlər