PDF Oxu

Siyasət

  • 4 366

Mart soyqırımı dünyanın ədalət tərəzisində ŞƏRH

Mart soyqırımı dünyanın ədalət tərəzisində ŞƏRH

Şanlı tariximizin qanlı səhifələrindən biri də 31 mart tarixidir. Bu tarix dünya ölkələri üçün sıradan bir təqvim günü olsa da, bizim üçün şərqdə ilk demokratik cümhuriyyət olan Azərbaycan Xalq Cümhuriyyətinin hürriyət alovunun ilk qığılcımı – Azərbaycanlıların Soyqırımı Günüdür.1918-ci ilin martında ürəyi azadlıq eşqi ilə alovlanan azərbaycanlıların zamanla bu qayəyə doğru irəlilədiyini görən Bakı Xalq Komissarları Sovetinin sədri Stepan Şaumyanın göstərişi ilə daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş qandonduran kütləvi qırğınlar həmin həmvətənlərimiz üçün zamanı da dondurdu.. Nə uşaqlar böyüyə bildi, nə də cavanlar qocala bildi.. Ancaq ömrü donub yarıda qalan həmin o soyqırım qurbanlarının azadlıq amalı yarıda qalmadı, müstəqillik əldə olundu.

Müstəqillik yolunda xalqımızın keçdiyi bu qanlı sınaq zamanı əks-inqilabi mübarizə şüarı altında Bakı Kommunası tərəfindən həyata keçirilən plan əsasında evlərə od vurulmuş, dinc əhaliyə divan tutulmuş, milli memarlıq abidələrimiz, sosial infrastruktur - məktəb, xəstəxana, məscid və digər tikililərimiz dağıdılmışdır. Bu insanlıq cinayəti Bakı, Şamaxı, Quba qəzaları, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və Azərbaycanın digər bölgələrində xüsusi qəddarlıqlarla həyata keçirilmişdir.

S.Şaumyanın təklifi ilə yaradılmış Qafqaz Qırmızı ordusunun əsasını "Daşnaksutyun" təşkil edirdi. Həmçinin Birinci Dünya Müharibəsi cəbhələrindən geri qayıdan erməni əsgər və zabitləri də Bakıda cəmləşdirilirmişdi.

Martın 30-da saat 16:40 radələrində erməni kilsəsinin yanında toplaşan daşnak dəstələri müsəlmanlara ilk atəşi açaraq soyqırıma başladılar. Martın 31-də səhər tezdən bolşevik-daşnak dəstələri azərbaycanlılar yaşayan "Kərpicxana", "Məmmədli" məhəllələrinə hücum etdilər. S.Şaumyanın xahişi ilə Saritsından göndərilən 2 təyyarə, o cümlədən hərbi gəmilər havadan və dənizdən şəhərin azərbaycanlılar yaşayan digər məhəllələrini bombalamağa başladılar. Daha sonra isə yaxşı silahlanmış və hazırlanmış erməni əsgərləri azərbaycanlılar yaşayan məhəllələrdə öz tarixləri üçün ənənəvi, insanlıq tarixi üçün isə ləkə sayılan qətliama start verdilər. Onlar müsəlmanların evlərinə soxulur, sakinləri xüsusi amansızlıqla öldürürdülər. Hətta qaçıb canını qurtarmağa çalışanları da gülləbaran etmək üçün şəhərin müvafiq yerlərində əvvəlcədən pulemyotlar qoyulmuşdu.

Azərbaycan Xalq Cümhuriyyətinin Fövqəladə İstintaq Komissiyasının materiallarına əsasən, mart soyqırımında təkcə Bakıda 12 mindən çox, Şamaxıda isə 8 minədək dinc sakin öldürülmüşdür. Qarabağ ərazisində 45 kənd tamamilə yandırılmış, əhalisi qətlə yetirilmişdir. Zəngəzur qəzasında 115 azərbaycanlı kəndi məhv edilmiş, 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürülmüşdür. İrəvan quberniyasının 199 kəndində yaşayan azərbaycanlılar soyqırıma məruz qalmış, kəndlər yerlə yeksan edilmişdir. Bundan başqa, bolşevik-daşnak silahlı dəstələri "Kaspi" mətbəəsini, "Açıq söz" qəzetinin redaksiyasını, "İsmailiyyə" binasını yandırmış, "Təzəpir" məscidinin minarəsini isə top atəşi ilə zədələmişdilər.

1998-ci il martın 26-da Ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanında həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilib və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir. Erməni-bolşevik silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 18 yanvar 2018-ci ildə “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalamışdır.

Soyqırımı haqqında tarixi faktların əks olunduğu kitablar, eyni zamanda dünyanın bir çox qəzet və jurnallarındə müxtəlif məqalələrin dərc olunaraq diqqətə çatdırılmasına baxmayaraq təəssüflər olsun ki, 31 mart soyqırımı dünya səviyyəsində öz siyasi hüquqi qiymətini hələ də almayıb. Hətta həmin hadisələrin dırnaqarası qəhrəmanlarının etirafları da görməzdən gəlinir.

Stepan Şaumyan 1918-ci il aprelin 13-də Rusiya Xalq Komissarlığı Sovetinə ünvanladığı məktubunda belə etiraf edir: “Biz süvari dəstəmizə birinci silahlı hücum cəhdindən bəhanə kimi istifadə etdik və bütün cəbhə boyu hücuma keçdik”. Quba qəzasına göndərilən daşnaq dəstələrinin komandiri Hamazaspın etirafı isə daha dəhşətlidir: “Mən erməni xalqının qəhrəmanı və onun müdafiəçisiyəm. Mənə Xəzər dənizindən Şahdağadək olan ərazidə bütün müsəlmanları məhv etmək əmri verilmişdi”.

Ümumilikdə baxdıqda soyqırım cinayəti beynəlxalq hüquq dövriyyəsinə yalnız keçən əsrin ortalarında daxil olmuşdur. Amma hətta bundan sonra belə dünya ictimaiyyəti mart soyqırımına, o cümlədən ermənilərin digər çoxsaylı vəhşiliklərinə neytral mövqe nümayiş etdirib və etdirməkdədir. Belə ki, xisləti dəyişməyən ermənilərin 30 il tarixi Azərbaycan torpaqlarını işğal etməsinə, Qarabağın əliyalın dinc əhalisini qətlə yetirib, 1 milyon insanı öz yurd yuvasından didərgin salmasına, həmçinin təbii sərvətlərimizə və tarixi memarlıq abidələrimizə qarşı vandalizminə səssiz qalan BMT-nin ali ədliyyə orqanı – Beynəlxalq Ədalət Məhkəməsi (İCJ), Ermənistanın 2020-ci ilin sentyabrında başlayan 2-ci Qarabağ müharibəsində erməni mədəni irsinin Azərbaycan tərəfindən dağıdılmasına dair şikayətini də təmin edib. Halbuki Qarabağda ermənilərin özləri tərəfindən dağıdılmış Marağa-150 abidəsindən başqa erməni abidəsi yoxdur. 1918-ci ildə ermənilərin Qarabağa köçürülməsi şərəfinə 1978-ci ildə Ağdərədə tikilmiş Marağa-150 abidəsi, 10 il sonra Azərbaycana qarşı ərazi iddiası irəli sürə bilmək üçün məhz ermənilərin özləri tərəfindən dağıdılmışdır.

Beynəlxalq ədalət tərəzisi şanlı Azərbaycan ordusunun döyüş meydanındakı həmlələrinə cavab verməkdə acizlik çəkən ermənilərin müharibə zonasından kənarda yerləşən Gəncə, Bərdə, Mingəçevir və Tərtər şəhərlərini hədəfə alaraq günahsız insanları qətlə yetirməsini də çəkə bilmədi. Bəlkə də bu, erməni vəhşiliklərinin heç bir tərəzinin çəkə bilməyəcəyi qədər ağır olmasından irəli gəlir.

Bu gün müasir Azərbaycanın öz hüquqlarını qoruması üçün nə başqasının ədalətinə, nə də köməyinə ehtiyacı yoxdur. 2020-ci ildə Vətən Müharibəsində torpaqlarımızı işğaldan azad edib ədaləti bərpa etdiyimiz kimi, bundan sonra da dövlətimizin ətrafında Dəmir Yumruq kimi birləşərək daha sivil dünya uğrunda mübarizəmizə davam edəcəyik!

Orxan Salehli

YAP Yasamal rayon “Hüseyn Cavid pr.115” ünvanında yerləşən ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər