Lerik rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının birgə təşkilatçılığı ilə "31 Mart - Azərbaycanlıların Soyqırımı Günü”nə həsr edilmiş tədbir keçirilib. Tədbirdə Lerik rayon İcra Hakimiyyətinin başçısının müavini Arzu Vəlimmədova, YAP Lerik Rayon Təşkilatının sədri Malik Mirzəyev və ictimaiyyət nümayəndələri iştirak ediblər.İlk öncə ulu öndər Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın və 31 Mart soyqırım qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş nitqi ilə açan Lerik Rayon İcra Hakimiyyətinin başçısının müavini Arzu Vəlimmədova bütün qonaqları salamladı və 31 mart soyqırımı ilə bağlı ətraflı tarixi arayış verdi. Bildirdi ki, son iki yüz ildə Azərbaycan tarixinə bir çox şanlı səhifələrlə yanaşı, faciələr və soyqırımları, müsibətlərlə dolu səhifələr də yazılıb. Bu dəhşətli hadisələrdən biri də 1918-ci ilin mart-aprel aylarında bolşevik-daşnak birliyi tərəfindən etnik azərbaycanlılara qarşı törədilmiş soyqırımıdır.
Tədbirdə çıxış edən YAP Lerik rayon təşkilatının sədri Malik Mirzəyev 31 mart soyqırımının tarixi mahiyyətindən danışıb, əsrlər boyu xalqımıza qarşı həyata keçirilən soyqırımı siyasəti və insanlıq əleyhinə cinayətlərdən bəhs edib.Malik Mirzəyev çıxışında qeyd etdi ki, ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə soyqırımı həqiqətlərinin tanıdılması üçün mühüm addımlar atılıb, “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalanıb, 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Biz bu tarixi heç bir zaman unutmamalı, gələcək nəsillərimizə çatdırmalıyıq.
Arif Nuriyev adına Lerik şəhər 1 saylı texniki fənlər təmayüllü liseyinin direktoru Gültəkin Şıxəliyeva çıxışında bildirdi ki, Azərbaycan xalqına, türk dünyasına qarşı erməni daşnaklarının soyqırımı siyasəti 200 ilə yaxın bir dövrü əhatə etməkdədir. 31 Mart soyqırımı isə öz dəhşətləri ilə tarixin qanlı salnaməsinə çevrilib. Soyqırımı qurbanlarının əziz xatirəsinin yad edilməsi və bu vəhşiliyin bütün dünyaya tanıdılması, təbliğat işlərinin aparılması məqsədilə mühüm işlər görülür, maarifləndirici tədbirlər həyata keçirilir. Hər il ölkəmizdə də müvafiq silsilə tədbirlər təşkil olunur, soyqırımı qurbanlarının xatirəsi anılır. Çıxış edən rayon ağsaqqalı,pedaqoq , təqaüdçü Zakir Vəliyev Tarixi faktlara istinad edərək erməni daşnak partiyasının havadarlığı ilə ötən əsrin əvvəllərindən etibarən əzəli Azərbaycan torpaqlarında törədilmiş qırğınlar və soyqırımı siyasətindən ətraflı bəhs etdi. 1918-ci il martın 31-də erməni silahlı dəstələrinin Bakıda dinc əhaliyə qarşı başladığı dəhşətli qırğınları bütün faktları ilə auditoriyaya çatdırdı. O, qeyd etdi ki, daşnak-bolşevik lideri erməni Stepan Şaumyanın tabeçiliyində olan 10 min silahlı hərbi qüvvə şəhərdə və ətraf kəndlərdə kütləvi qətliam və dağıntılar törədərək, təkcə martın 31-də 8 minə yaxın azərbaycanlı öldürüb. Ümumilikdə isə martın 30-31-də və aprelin 1-də Bakıda 19 min nəfər qətlə yetirilib, bir çox əhəmiyyətli tikililərə və tarixi abidələrə od vurularaq yandırılıb.