Siyasət

  • 2 497

Nizami rayonunda “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzusunda konfrans keçirilib

image

Nizami Rayon İcra Hakimiyyəti Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı ilə birgə 31 mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzusunda geniş ictimaiyyət nümayəndələrinin iştirakı ilə konfrans keçirib.

Konfrans iştirakçıları öncə ümummilli lider Heydər Əliyevin büstünü ziyarət edib, önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Sonra 31 mart Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş sərgi ilə tanış olublar.
Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayan konfransda ulu öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin və soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” adlı videoçarx nümayiş olunub.
Konfransda Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, tarix elmləri doktoru, professor Anar İsgəndərov, Milli Məclisin deputatı Könül Nurullayeva, YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov, Vətən müharibəsinin qazisi, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş Teymur Kərimli, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov və başqaları çıxış edərək bildiriblər ki, harada yaşamasından və hansı ölkə vətəndaşı olmasından asılı olmayaraq bütün dünya azərbaycanlıların milli-mənəvi dəyərlərini ifadə edən azərbaycançılıq məfkurəsinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və azərbaycançılıq ideologiyası Azərbaycanın hüquqi və demokratik dövlət kimi möhkəmləndirilməsi və inkişaf etdirilməsində əvəzedilməz bir ideologiyaya çevrilmişdir. Ulu öndər Heydər Əliyev azərbaycançılığı dövlətçiliyə tətbiq etmiş, bu məfkurəyə əsaslanan milli dövlət yaratmış, xalqda dövlətçilik hisslərini formalaşdırmışdı. Azərbaycan tarixinin, dilinin, ədəbiyyatının, mədəniyyətinin hərtərəfli şəkildə və dərindən öyrənilməsi, təbliği, gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyə edilməsi, milli şüurun dirçəlişi, ümumən, bütün sahələrdə azərbaycançılıq amalının möhkəm, etibarlı bazasının formalaşdırılması yönündə həyata keçirilən qətiyyətli tədbirlər dahi rəhbərin parlaq dühası, ardıcıl səyləri sayəsində reallaşmışdı.
Qeyd olunub ki, xalqımıza qarşı baş vermiş faciələrin, deportasiya və soyqırımı hadisələrinin öyrənilməsi, tədqiq olunması, həmin hadisələrə hüquqi-siyasi qiymətin verilməsi Heydər Əliyevin təşəbbüsləri və qətiyyəti sayəsində mümkün olmuşdur. Bu sahədə 1918-ci il mart hadisələrinə siyasi qiymətin verilməsi xüsusi önəm daşıyır. Məhz ulu öndərin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanı ilə soyqırım hadisələrinə hüquqi-siyasi qiymət verilmiş və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir.
Çıxış edənlər xüsusilə vurğulayıblar ki, bu gün tarixinin ən qüdrətli dövrünü yaşayan müstəqil Azərbaycanda azərbaycançılıq məfkurəsinin təbliğində möhtərəm Prezidentimiz İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın rolu əvəzsizdir. Cəmiyyətin inkişafının ideya təməlini təşkil edən milli ideologiyamız - Azərbaycançılıq konsepsiyası ölkəmizdə hüquqi və sosial dövlət quruculuğunun inkişafına xidmət göstərir. Bu xidmətdə biz də vətəndaş borcumuzu ləyaqətlə yerinə yetirməliyik.

Digər xəbərlər