PDF Oxu

Siyasət

  • 1 818

Azərbaycan siyasi-hüquqi islahatlar yolu ilə irəliləyir ŞƏRH

Azərbaycan siyasi-hüquqi islahatlar yolu ilə irəliləyir ŞƏRH

Bütün müasir siyasi sistemlər kimi Azərbaycan Respublikasının siyasi sistemində də çoxpartiyalılıq, demokratiya və plüralizm mövcuddur. Siyasi partiyalar qanunverici və yerli özünüidarəetmə orqanlarında təmsil olunmaq vasitəsilə dövlət hakimiyyətinin həyata keçirilməsində iştirak etmək imkanı qazanmışlar. Hazırda Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş 59 siyasi partiya fəaliyyət göstərir. 2003‐cü ildə İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş siyasi və iqtisadi islahatların həyata keçirilməsində yeni mərhələ başlandı. Siyasi və iqtisadi islahatlar həyata keçirilərkən hər bir sahədə onların bir‐birini tamamlaması, dövlətin və cəmiyyətin gələcək sürətli inkişafını təmin etmək üçün şəraitin yaradılması prinsipi əsas götürüldü. Bu isə Azərbaycan Respublikasında siyasi və iqtisadi islahatların paralel şəkildə həyata keçirilməsinin vacibliyi barədə Prezident İlham Əliyevin irəli sürdüyü fikir idi. Cənab İlham Əliyev 2006‐cı ilin oktyabrında Milli Məclisdə söylədiyi nitqində: «...Vətəndaş Cəmiyyətinin yaradılması və möhkəmlənməsi, demokratikləşmə prosesinin möhkəmlənməsi, hüquqi dövlətin qurulması, sadəcə olaraq, bir şüar, yaxud da bir niyyət deyil, Azərbaycanın hərtərəfli inkişafı üçün başlıca şərtdir. Bizim təcrübəmiz göstərir ki, Azərbaycanın seçdiyi yol düzgün yoldur. İqtisadi, siyasi və sosial islahatların paralel şəkildə aparılması Azərbaycanı hərtərəfli inkişaf etdirir və ölkəmiz üçün çox lazım olan sabitliyi möhkəmləndirir, ictimai‐siyasi vəziyyətə də müsbət təsir göstərir. Ona görə siyasi və iqtisadi islahatların davam etdirilməsi zəmanəmizin tələbidir. Əgər biz, doğrudan da, müasir, güclü ölkə yaratmaq istəyiriksə, bunu etməliyik»-fikirlərini həyata keçirdi. Prezident İlham Əliyevin müəyyən etdiyi demokratik inkişaf yolu Azərbaycan Respublikasında hər bir vətəndaşın özünü güclü, demokratik, sosial və hüquqi dövlət quruculuğu prosesinin iştirakçısı kimi davamlı və əsaslı demokratik sistemin yaradılmasına yönəltdi.

Hazırda “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikası Qanunun əsas prinsipləri müzakirə olunan məsələlərdəndir. Beləki, bu qanun Azərbaycan vətəndaşlarının Konstitusiyadan irəli gələn hüquqlarını daha da dəqiqləşdirir. Bu Qanun vətəndaşlara 1992-ci il 3 iyun tarixində qəbul edilmiş qanundan qat-qat üstün imkanlar yaradır. Habelə, dövlət qeydiyyatdan keçmiş bütün siyasi partiyaların sərbəst fəaliyyətinə, siyasi partiyaların təsis edilməsi və fəaliyyətlərinin həyata keçirilməsi üçün, hüquqlarına və qanuni mənafelərinə əməl olunmasına bərabər hüquqi şərait yaradılmasına təminat verir. Siyasi partiyaların fəaliyyətinin dövlət tərəfindən hüquqi tənzimlənməsi siyasi plüralizmin təşviqinə xidmət etməlidir, dövlət büdcəsinin vəsaiti hesabına siyasi partiyalara maliyyə yardımı göstərilir.

Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsi, ərazi bütövlüyünün parçalanması, hakimiyyətin zorla ələ keçirilməsi və ya saxlanılması, kütləvi iğtişaşlara, terrorçuluğa açıq çağırışlar edilməsi və bu kimi digər dövlətçiliyi təhlükə altına almaq məqsədiylə partiyaların yaradılmasının qarşısını alan bu qanun Qarabağın erməni icmasının gələcəkdə Azərbaycan vətəndaşlığını qəbul edəcəkləri təqdirdə yarada biləcəyi antiazərbaycan siyasi bloklarının da qarşısını almağa imkan yaradacaqdır.

Bu qanun Azərbaycanın daxili siyasətində siyasi dialoqun əsas prinsiplərinə sadiqliyini bir daha isbat edir. Siyasi partiyaların hüquqi cəhətdən tənzimlənməsi siyasi plüralizmin nümunəsidir. Dövlət qeydiyyatından keçmiş bütün siyasi partiyaların sərbəst fəaliyyətinə təminat verilir. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət orqanlarının (qurumlarının), yerli özünüidarəetmə orqanlarının, vəzifəli şəxslərin siyasi partiyaların fəaliyyətinə müdaxiləsinə yol verilmir. Bu da öz növbəsində sağlam siyasi mühit yaradır. Azərbaycan Respublikasının mürəkkəb beynəlxalq müvazinətlər müstəvisində daxili sabitliyini, siyasi tarazlığını qoruması məhz hüquqi çərçivədən kənara çıxmamasından irəli gəlir.

Leyla Hüseynova

YAP Yasamal rayon AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu üzrə

ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər