PDF Oxu

Siyasət

  • 14 190

“Bizə qarşı 3 rus diviziyası vuruşub” MÜSAHİBƏ

“Bizə qarşı 3 rus diviziyası vuruşub” MÜSAHİBƏ

Abutalıb Səmədov: “Ali Baş Komandanın cəsarəti, müdrikliyi, qətiyyəti qələbənin qazanılmasında həlledici amil oldu”

Siyasi ekspert Abutalıb Səmədovun “Səs” qəzetinə müsahibəsi

- Abutalıb müəllim, Paşinyanın arvadı etiraf edib ki, “Vətən müharibəsi dövründə Ermənistan ordusunun 25 faizi, yəni 11 min nəfəri fərari olub, döyüşlərdən qaçıb”. Bu, bir daha Ermənistan əsgərlərinin Azərbaycanın ordusu qarşısında aciz durumda olduğunu və ölməmək üçün fərariliyə üstünlük verdiklərinin təsdiqi sayıla bilər?

- İkinci Qarabağ müharibəsi zamanı ermənilərin kütləvi şəkildə döyüşməkdən imtina etməsində, fərarilərin sayının rekord həddə çatmasında qeyri-adi heç nə yoxdur. Bu, bir daha göstərir ki, qonşularımız bizimlə döyüşməyə qadir deyillər və iddia etdikləri kimi ermənilər döyüşçü millət heç vaxt olmayıblar. Əslində, Birinci Qarabağ müharibəsində torpaqlarımızı ermənilər deyil, ruslar işğal edib onlara peşkəş etmişdi. Reallıq belə olduğu halda ermənilər iddia edirdilər ki, Azərbaycanı döyüş meydanında məğlub edən hətta Ermənistan ordusu belə deyil və 20 faiz ərazimizi guya “Qarabağ ordusu” deyilən oyuncaq dəstə işğal edib. Ancaq onlar nə qədər desələr də məlum idi ki, bizə qarşı 3 rus diviziyası vuruşub və onların arxasında gizlənən ermənilər uzun illər utanmadan özlərini qəhrəman kimi təqdim ediblər. Azərbaycan əsgəri 44 gün ərzində bu “mifi” darmadağın etdi. Ermənilərin necə “qəhrəman” olduqlarını bütün dünya gördü və bundan sonra onlar fərarilərin sayına görə dünyada birinci olduqlarını haqlı olaraq bəyan edə və bununla “öyünə” bilərlər.

- 44 günlük Vətən müharibəsində Azərbaycan ordusundan bir nəfər də olsun fərari olmadı. Bu faktı Azərbaycan xalqının, ordusunun vətənə, dövlətə bağlılığının əyani sübutu hesab etmək olar?

- İkinci Qarabağ müharibəsinin gedişində əsgərlərimizin göstərdiyi qəhrəmanlığı bütün dünya heyranlıqla müşahidə etdi. Bu fakt Azərbaycan xalqının, ordusunun vətənə, dövlətə bağlılığının şübhəsiz ki, əyani sübutu kimi qiymətləndirilməlidir. Bu gün dünyanın aparıcı ölkələrinin hərbi məktəblərində Şuşanı azad edən Azərbaycan xüsusi təyinatlılarının peşəkarlığı ilə yanaşı vətənə bağlılığı, cəsarəti və qorxmazlığı da öyrənilir və tədris edilir. Ancaq biz bu nəticəyə birdən gəlib çıxmadıq. Etiraf etməliyik ki, Birinci Qarabağ müharibəsi dövründə Azərbaycanda hərbi xidmətdən yayınmaq üçün müxtəlif yollar axtaran vətəndaşlarımız mövcud idi və bu halların kökündə vətəndaşlarımızın, ilk növbədə gənclərin dövlət rəhbərliyinə, ali baş komandana inamsızlığı dayanırdı. Təəssüf ki, yaxın tariximizdə Laçını müdafiə etmək əvəzinə kütləvi şəkildə səngərləri tərk edib qaçan əsgərlərimiz də olub və 1992-ci ilin məşhur kadrları hamımızın yaxşı yadındadır.

- Müharibə dövründə çağırış məntəqələrinin qarşısında müharibəyə getmək üçün gənclərin uzun növbələri yaranmışdı. Bu kimi hallar gənclər arasında vətənpərvərlik ruhunun yüksək olmasından irəli gəldiyini demək olar?

- 44 günlük müharibə dövründə həmvətənlərimizin davranışı şübhəsiz ki, tariximizin ən şərəfli səhifələrindən biri kimi daim xatırlanacaq və bizdən sonra gələn nəsillər bu tarixlə haqlı olaraq fəxr edəcəklər. Həmvətənlərimizin bu fədakarlığının, qəhrəmanlığının kökündə şübhəsiz ki, gənclərimizin arasında vətənpərvərlik ruhunun yüksək olması dayanırdı. Ancaq bu vəziyyətə nail olmaq, Azərbaycan əsgərinin qəhrəman mahiyyətini üzə çıxarmaq üçün ciddi iş aparmaq tələb olunurdu. Azərbaycan rəhbərliyi uzun illər bu istiqamətdə iş apardı. Yeni cəsarətli, döyüşkən nəsli yetişdirmək üçün məqsədyönlü fəaliyyət təşkil olundu. Vətənpərvərlik ruhunda tərbiyə alan yeni nəsil müharibədə möhtəşəm qələbəmizi təmin etdilər. Təsadüfi deyil ki, döyüşlər zamanı şəhid olan qəhrəmanlarımızın böyük əksəriyyəti Birinci Qarabağ müharibəsini görməmiş və həmin hadisələrdən sonra doğulmuş gənclər idi. Tarixi qələbənin qazanılmasında gənclər müstəsna rol oynadılar. Ancaq bir məqamı da hamı etiraf etməlidir ki, Ali Baş Komandanın cəsarəti, müdrikliyi, qətiyyəti qələbənin qazanılmasında həlledici amil oldu. Çox təəssüf ki, bu həqiqəti bəziləri etiraf etmək istəmirlər. Onlar unudurlar ki, əsgər başında böyük komandan dayanmış olduqda qəhrəman, cəsarətli və yenilməz olur.

GÜLYANƏ

Digər xəbərlər