PDF Oxu

Siyasət

  • 3 276

Strateji tərəfdaşlığa yüksələn münasibətlər: Azərbaycan-İtaliya

Strateji tərəfdaşlığa yüksələn münasibətlər: Azərbaycan-İtaliya

PREZİDENT İLHAM ƏLİYEV: "Azərbaycan-İtaliya münasibətləri strateji tərəfdaşlıq müstəvisində inkişaf edir"

Azərbaycan istər 2020-ci il sentyabrın 27-nə kimi, istərsə də 27 sentyabrdan bu günə kimi regionda və dünyada mehriban qonşuluq siyasəti yürüdür, böyük dövlətlərlə, nüfuzlu beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlığı daha da möhkəmləndirir. Bu, Azərbaycan Prezidenti lham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasətin nəticəsidir ki, haqqın, ədalətin, ərazi bütövlüyünün bərpası yolunda, Güclü Orduya, iqtisadi gücə malik olan ölkə kimi tanınır, sözünə etibar olunur. Məhz bunun nəticəsidir ki, Azərbaycanın dünyadakı dostlarının sayı artmaqdadır həmçinin, beynəlxalq təşkilatlarda fəaliyyəti çox müsbətdir. Azərbaycanın mühüm beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməklə bu sahədə geniş təcrübəyə malik bir dövlətdir.

Belə ki, aprelin 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliya Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çiriellini qəbul edərkən bildirib ki, Azərbaycan və İtaliya arasında münasibətlər strateji tərəfdaşlıq müstəvisində inkişaf edir: «Azərbaycan və İtaliya arasında münasibətlər strateji tərəfdaşlıq müstəvisində inkişaf edir, əlaqələrimizin böyük hissəsi energetika sahəsi ilə bağlıdır».

Dövlətimizin başçısı qeyd edib ki, hazırda Avropanın enerji təhlükəsizliyi istiqamətində atılan addımlar Azərbaycan-İtaliya əməkdaşlığını daha da gücləndirir. Eyni zamanda, İtaliya Azərbaycanın birinci ticarət tərəfdaşıdır. Ticarət dövriyyəsinin əsas hissəsinin Azərbaycanın neft-qaz ixracından ibarət olduğunu deyən Prezident İlham Əliyev əməkdaşlığın strukturunun genişləndirilməsi ilə bağlı əlavə addımların atılmasının zəruriliyini vurğulayıb.

AZƏRBAYCAN-İTALİYA NÜMUNƏSİ: YAXŞI DOST DAR GÜNDƏ TANINAR

İtaliya Azərbaycanın müstəqilliyini 1 yanvar 1992-ci ildə tanıyıb. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin may ayının 8-də qurulub. 1997-ci ilin mart ayında İtaliyanın Azərbaycanda, 2003-cü ilin dekabr ayında isə Azərbaycanın İtaliyada səfirliyi təsis edilib. İtaliya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in prinsipləri əsasında sülh yolu ilə danışıqlar vasitəsi ilə həlli üçün yaradılmış ATƏT-in Minsk qrupunun tərkibinə daxildir. Avropa İttifaqının əsas üzvlərindən olan İtaliya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında sənəd imzalanıb. Bildiyiniz kimi artıq Cənub Qaz Dəhlizi istifadəyə verilib. TAP-la nəql olunan qazın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında böyük əhəmiyyəti var

Azərbaycana yaxın dost olan İtaliya işğal altındakı torpaqlarımızın azad olunması əməliyyatları dövründə müxtəlif səviyyələrdə rəsmi Bakının mövqeyini dəstəklədiyini, Dağlıq Qarabağın Azərbaycanın əzəli torpağı olduğunu bəyan edərək haqlının tərəfində dayandığını dünyaya nümayiş etdirdi. Həmçinin, Azərbaycan xalqı 44 günlük Vətən savaşında İtaliya mediasının haqq işimizə, Qarabağ müharibəsinə obyektiv yanaşmasının şahidi oldu.

Prezident İlham Əliyev hər zaman çıxışlarında işğaldan azad olunmuş ərazilərimizin bərpasında Azərbaycanın dost ölkələri təmsil edən şirkətlərlə əməkdaşlıq edəcəyini bəyan edib. İtaliya da Azərbaycana dost ölkələrdəndir və strateji tərəfdaşımızdır. Ölkələrimiz arasında bütün istiqamətlər üzrə səmərəli əməkdaşlıq əlaqələri mövcuddur. Təsadüfi deyil ki, 2020-ci il İtaliyada Azərbaycan ili kimi qeyd olundu. Azərbaycan və İtaliya arasında dostluq münasibətləri 44 günlük Vətən müharibəsi dövründə də rəsmi Roma tərəfindən açıq şəkildə bəyan olundu. İtaliyanın ayrı-ayrı rəsmi orqanlarında müxtəlif səviyyələrdə Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörməti əks etdirən sənədlər qəbul olundu. Hərbi əməliyyatlar dövründə həmrəylik və dəstək mövqeyi İtaliya mətbuatında daha intensiv xarakter almışdı. Bir sözlə, hər zaman münaqişənin həlli ilə bağlı ədalətli mövqe sərgiləyən İtaliyanın Vətən müharibəsi dövründə nümayiş etdirdiyi mövqe bir çox ölkələr üçün əsl örnək idi.

Həmçinin, ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlığın gələcək inkişafı üçün geniş potensial var. Xüsusilə, İtaliya şirkətlərinin qeyri-neft sektorunda fəallığı hər iki ölkənin maraqlarına tam cavab verir. Bu günə qədər də bir çox İtaliya şirkətləri Azərbaycanda müxtəlif layihələrdə iştirak ediblər. Ticarət dövriyyəsi üzrə də İtaliya Azərbaycan üçün dünya miqyasında bir nömrəli tərəfdaşdır və ticarət dövriyyəsinin şaxələndirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı. Təsadüfi deyil ki, hələ 2018-ci il iyulun 18-də Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa edilən polipropilen zavodunun açılışında ölkəmizdə rəsmi səfərdə olan İtaliya Respublikasının Prezidenti Sercio Mattarella şəxsən iştirak etmişdi. Bu, İtaliyanın bu sahədə Azərbaycanla əməkdaşlığa ən yüksək səviyyədə verdiyi önəmin göstəricisi idi.

BU GÜN ÇOX MÜHÜM HADİSƏ - İTALİYA-AZƏRBAYCAN UNİVERSİTETİNİN TƏMƏLQOYMA MƏRASİMİ OLACAQDIR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliya Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maionun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirmişdir ki, ölkələrimiz arasında çox güclü siyasi əlaqələr tərəfdaşlığımızın güclü təməlini təşkil edir: "2014-cü və 2020-ci illərdə biz strateji tərəfdaşlıq üzrə iki mühüm bəyannamə imzaladıq. Bu da yaxın dost olmaq üçün qarşılıqlı iradənin mövcud olduğunu göstərir və biz artıq yaxın dostuq».
Prezident İlham Əliyev onu da bildirmişdir ki, Azərbaycan və İtaliya arasında humanitar sahədə bir sıra layihələrin planlaşdırılmasına nümunə olan Bakıda İtaliya-Azərbaycan Universitetinin təsis edilməsi olmaqla, həm də İtaliya ilə Azərbaycan arasında dostluğun yaxşı göstəricisi olacaq universitet sənaye sahələrini idarə edə bilən, iqtisadiyyatın gələcək üçün tələb etdiyi ixtisaslar üzrə gənc azərbaycanlıların hazırlanması və təlim keçməsi məsələsində də çox önəmli rol oynayаcаq: «Əminəm ki, bu, Azərbaycanda ən yaxşı universitetlərdən biri olacaqdır və beş italyan universiteti bu layihənin tərəfdaşı qismində çıxış edir. Həmçinin italyan şirkətlərinin azad edilmiş ərazilərin bərpa-quruculuq işlərində fəal iştirakı bizi sevindirir. Hazırda 3 şəhərdə İşğal və Zəfər muzeyləri İtaliya şirkətləri tərəfindən inşa olunur. Şuşada qədim məscidin bərpası və yeni məscidin inşası da İtaliya şirkətləri tərəfindən həyata keçirilir. Elektrik enerjisi sektorunda işlər gedir. Beləliklə, qeyd etdiyim kimi, gündəlik genişdir və genişlənir. Mən çox şadam ki, bu, bizim əməkdaşlığımızın yaxşı nəticəsidir".

Qeyd edək ki, Prezident İlham Əliyev İtaliyada keçirilən 48-ci beynəlxalq Çernobbio Forumunda “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxışı zamanı söyləyib ki, biz heç bir zaman özümüzü nəhəng qonşularımızın siyasətinə uyğunlaşdırmamışıq: «Bizim hər zaman öz siyasətimiz olub, hansı ki, beynəlxalq hüquq, ədalət, beynəlxalq təşkilatların qərarları və sənədləri, həmçinin müdriklik üzərində formalaşıb...Buna görə də düşünürəm ki, biz uğur əldə etmişik. Azərbaycan artıq sabit siyasi mövqeyə malikdir, həmçinin iqtisadiyyatımız da sabitdir. Biz müstəqil olmaq üçün iqtisadi anlamda yatırımlar etmişik. Yoxsa biz özümüzü asılı hiss edərdik. Azərbaycan imperiyaların hissəsi olub, biz Sovet İttifaqının bir parçası olmuşuq. Artıq 30 ildir ki, bizim insanlarımız müstəqildir və biz əbədi olaraq müstəqil yaşamaq istəyirik. Bunun üçün biz güclü olmalıyıq. Bizim yaxşı dostlarımız olmalıdır».

Bir sözlə, Azərbaycan Prezidenti İlham Əliyevin söylədiyi kimi, İtaliya da Azərbaycana dost ölkələrdəndir və strateji tərəfdaşımızdır. Bu isə, Azərbaycanın beynəlxalq aləmdə etibarlı və strateji partnyor kimi tanınmasını nümayiş etdirməklə, iki dövlət arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi üçün möhkəm zəmin yaradacaq.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər