PDF Oxu

Siyasət

  • 1 924

Laçın - əsrarəngiz gözəlliyə və zəngin təbii sərvətlərə malik diyar ŞƏRH

Laçın - əsrarəngiz gözəlliyə və zəngin təbii sərvətlərə malik diyar ŞƏRH

Azərbaycanın siyasi qələbəsinin və Ermənistanın məğlubiyyətinin təsdiqi olan 10 noyabr üçtərəfli Bəyanatının bəndlərinə əsasən Azərbaycan Ordusunun bölmələri dekabrın 1-də Laçın rayonuna daxil oldu. Bununla da strateji əhəmiyyətə malik Laçın rayonu 28 ildən sonra nəhayət öz gərçək sahiblərinə qaytarıldı. Üstəlik də bir güllə atmadan, bir itki vermədən. Laçının Azərbaycan Ordusunun nəzarətinə keçməsi ilə işğal altında olan ərazilərin boşaldılması üzrə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi də yerinə yetirilmiş oldu və tarixə “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi” adı ilə düşmüş mürəkkəb bir qarşıdurma başa çatdı. Ölkə başçısının da dediyi kimi “Dağlıq Qarabağ münaqişəsi” termini artıq arxada qalıb. Bundan sonra bu termindən sadəcə tarix haqqında danışanda istifadə etmək olar. Laçının işğaldan azad olunması münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 01 dekabr tarixində xalqa müraciət etdi. Çıxışı zamanı dövlətimizin başçısı Laçın rayonunun işğaldan azad olunmasının tarixi hadisə olduğunu vurğuladı və bu münasibətlə bütün Azərbaycan xalqını və o cümlədən laçınlıları təbrik etdi. Ölkə başçısı bildirdi ki, Laçın Azərbaycanın ən böyük rayonlarından biridir və Laçının Azərbaycanın gələcək iqtisadi inkişafında mühüm rolu olacaqdır. Laçın rayonunun təbii sərvətləri- meşə massivi və çay mənbələri haqqında da geniş məlumat verən ölkə başçısı bütövlükdə azad edilmiş bölgələrin iqtisadi potensialının, kənd təsərrüfatının, turizm potensialının çox böyük olduğunu vurğuladı.
Qeyd edək ki, Laçının əhəmiyyəti sadəcə onun təbii sərvətləri ilə bağlı deyil. Laçının əhəmiyyəti bilavasitə ermənilərin “nəfəs borusu” adlandırdıqları və şəhərin içindən keçən Laçın dəhlizi ilə bağlıdır. Bu dəhliz Ermənistanla Qarabağın dağlıq hissəsini birləşdirən yeganə təchizat və təminat yoludur. Qeyd edək ki, danışıqlar prosesində də Laçın dəhlizi və Laçın şəhəri hər zaman xüsusi əhəmiyyətə malik mövzu olmuşdur. Belə ki, ölkə başçısı xalqa müraciətində bu mövzuya toxunmuş və indiyə qədər cəmiyyətə məlum olmayan bəzi faktları açıqlamışdır. Ölkə başçısı bildirmişdir ki, danışıqlar prosesində açıq-aşkar səsləndirilməsə də Laçın rayonunun hansısa formada Ermənistana qalmalı olduğu fikri mövcud idi. Ermənistan tərəfi, hətta, bütün Laçın rayonunun onlara dəhliz kimi verilməli olduğu mövqeyindən çıxış edirdi. Bunun nəticəsidir ki, Laçın rayonunda digər işğala məruz qalan rayonlarımızdan fərqli olaraq qanunsuz məskunlaşmanım həcmi daha böyük idi. Danışıqlar prosesi ilə bağlı o da vurğulandı ki, Ermənistan tərəfinin mövqeyi belə idi ki, 5 rayon qaytarıla bilər, amma Laçın və Kəlbəcər rayonlarının Azərbaycana qaytarılması üçün Azərbaycan Dağlıq Qarabağın müstəqilliyini ya tanımalı, ya da ki, orada keçiriləcək səsverməni tanımalıdır.
Yəni, Dağlıq Qarabağa müstəqillik verilərsə, o zaman Ermənistan Kəlbəcər və Laçın rayonlarını Azərbaycana qaytaracaq, ancaq Laçın dəhlizi Ermənistana veriləcəkdi, özü də dəhlizin eni müəyyən edilmədən. Ancaq Azərbaycan Respublikasının Prezidenti bununla heç vaxt razılaşmayıb. Ümumiyyətlə, 10 noyabr razılaşmasının müxtəlif variantları üzərində müzakirələrdə, eləcə də danışıqlar prosesinin müxtəlif mərhələlərində Prezident İlham Əliyevin göstərdiyi prinsipiallıq və qətiyyət, milli maraqlarımızın müdafiəsi bizim tam qələbəmizi şərtləndirən ən əsas amillərdən biri olmuşdur. Biz BMT Təhlükəsizlik Şurasının 28 ildir ki, kağız üzərində qalan qətnamələrini yerinə yetirdik. Biz beynəlxalq hüquq praktikasında və bölgəmizdə yeni reallıq yaratdıq. Biz ərazi bütövlüyümüzü bərpa etdik. Biz işğala son qoyduq. Hər zaman qeyd etdiyimiz bu reallığı bir daha vurğulamaq istərdik ki, Azərbaycan Ordusu gücü, qüdrəti sayəsində beynəlxalq hüququn mövcudluğunu bütün aparıcı dövlətlərə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırdı.

Könül İbrahimova
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyi
Fiziologiya İnstitutu üzrə ərazi partiya təşkilatının sədri

Digər xəbərlər