Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonuna xüsusi nümayəndə təyin edilməsi ilə əlaqədar Məsim Əliyevi qəbul edərkən ona böyük etimad göstərdiyini qeyd edərək Laçın rayonun böyük əraziyə malik olduğunu, həmçinin coğrafi baxımdan böyük strateji əhəmiyyət kəsb etdiyini qeyd etmişdir. Cənab Prezident həmçinin qeyd etmişdir ki, Laçın rayonu işğal dövründə Ermənistan tərəfindən bütöv infrastrukturu dağıdılan, 60 min hektar meşəsi məhv edilərək ətraf mühitinə ən çox ziyan vurulan bir rayon olmuşdur. Ona görə də bu rayonda çox işlər görülməlidir. Elə şərait yaradılmalıdır ki, öz doğma yerlərinə qayıdan Laçınlılar rahat yaşasınlar. Laçın rayonuna Ermənistanın xüsusi yanaşma nümayiş etdirdiyini bildirən Prezident qeyd etmişdir ki, işğal müddətində aparılan bütün danışıqlarda Laçın rayonun Azərbaycana qaytarılmasını qəbuledilməz olduğunu iddia edirdilər.Beynəlxalq vasitəçilər-ATƏT-in o vaxtki Minsk qrupu danışıqların aparılması ilə faktiki olaraq bu işğalı möhkəmləndirməyə çalışırdılar. İndi hər şey aydın oldu- Fransanın Azərbaycana bu ədalətsiz və mənfi münasibəti təsadüfü deyil. Sadəcə olaraq işğal dövründə bunu müəyyən dərəcədə pərdələmək istəyirdilər, sadəcə olaraq bizi çaşdırmaq istəyirdilər. Hal-hazırda Avropa Parlamentinin də Azərbaycana qarşı qəbul etdiyi bir sıra qətnamələr də ermənipərəst, rüşvətxor və antiazərbaycan qruplaşmasının məhsuludur. Və burada aparıcı rolu Fransa deputatları oynayır. Cənab Prezident onu da qeyd etdi ki, Azərbaycanla hədə-qorxu və ultimatumlarla danışmaq mümkün deyildir. Biz öz torpaqlarımızın sahibiyik. Biz Laçını həm döyüş meydanın da, həm də siyasi yollarla qaytardıq.Artıq 2 ildən artıqdır ki, Laçın şəhərində bərpa və yenidənqurma işləri həyata keçirilir. İndi Laçında Beynəlxalq hava limanı inşa edilir, Kəlbəcər-Laçın yolu, Qubadlı-Laçın yolu sürətlə inşa edilir, yaşayış evləri və ictimai binalar inşa edilir. Laçın şəhərində Heydər Əliyev Fondunun xətti ilə yeni məscid binasının təməli qoyulmuşdur. Zabux kəndində 1000-dən çox, Sus kəndində 300 nəfərdən çox əhalinin yerləşməsi üçün işlər gedir. Güləbird və Qorçu kəndlərinin təsdiqlənmiş baş planında Güləbirddə 2400, Qorçu kəndində 1300 insanın yerləşməsi nəzərdə tutulur. Bütün bunlarla Paralel olaraq Laçın şəhərində lazimi infrastruktur- elektrik, su kanalizasiya xətləri çəkilir, yollar yenidən qurulur. Cənab Prezident daha sonra qeyd etmişdir ki, “Dövlət öz üzərinə düşən vəzifəni icra edəcək İşğaldan azad edilən ərazilərdə eyni zamanda yeni idarəetmə üsulu da tədbiq edilməlidir və yeni idarəetmə modeli kimi ölkəmizin bütün digər hissələrində də tədbiq edilməlidir. Əminəm ki, bu təkcə azad edilmiş ərazilərdə yox, bütövlükdə ölkəmizin hərtərəfli inkişafına böyük töhfə verəcəkdir.”
Azərbaycanda son illər bütün sahələrdə keçirilən islahatlar öz bəhrəsini vermişdir. Ölkəmizin iqtisadi gücü artmış, əhalinin maddi rufah halı yüksəlmiş, Azərbaycan beynəlxalq aləmdə söz sahibinə çevrilmişdir. Bütün bunlar uğurlu islahatların məntiqi nəticəsidir. Yeni idarəetmə üsulu da bu islahatların davamıdır.
Nazim Bünyatov
YAP Ağcabədi rayon təşkilatının sədr müavini