Cari ilin 28 tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Məsim Məmmədovu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edərkən bir çox mühüm məsələlərə toxunmuşdur. Dövlət başçısı cənab İlham Əliyev Laçın rayonunun Azərbaycanın ən böyük rayonlarından biri olduğunu vurğulamışdır. Prezident qeyd etmişdir ki, Laçın rayonu gözoxşayan füsunkar təbiətə malikdir və buranın hər bir guşəsi cənnəti xatırladır. Prezident işğaldan azad edildikdən sonra iki dəfə Laçın rayona səfər etmişdir. Rayonun Qorçu kəndində Laçın və Kəlbəcər rayonlarının əhalisinə xidmət edə biləcək, həmçinin Şuşa şəhəri əhalisinin də yararlana biləcəyi Beynəlxalq Hava limanı inşa edilir. Beynəlxalq Hava limanının tikintisi gələn ilin sonu və ya 2025 - ci ilin əvvəllərində başa çatacaqdır. Qeyd edək ki, Laçın rayonu çətin relyefə malikdir və həm də əvvəllər burada Hava limanı olmayıb.
İşğaldan azad edilmiş digər ərazilərimiz kimi 30 ilə yaxın işğal dövründə vandal ermənilər, Laçın rayonunu da xarabazarlığa çeviriblər. Bu bölgəmizdə də Azərbaycan xalqına məxsus tarixi, dini, mədəni irsi tamamilə dağıdan erməni vəhşiləri ekoloji terror törədiblər, çayları, bulaqları qurudublar, meşələrimizi məhv ediblər. Laçın işğal olunduqdan sonrakı müddətdə ermənilər hərbi cinayət törədərək bəzi ərazilərdə - Laçın şəhərində, Zabux və Sus kəndlərində qanunsuz məskunlaşdırma da aparmışlar.
27 sentyabr 2020-ci il tarixində Ermənistan hərbi təxribatlarına cavab olaraq əks-hücum əməliyyatları ilə başlayan İkinci Qarabağ müharibəsi Azərbaycan torpaqlarının azad edilməsi üçün yeni mərhələnin başlanğıcı oldu. 44 gün ərzində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və 8 noyabr tarixində Qarabağın tacı olan Şuşa şəhəri işğaldan azad olundu. Ali Baş Komandan, Azərbaycan Prezidentinin döyüş meydanı ilə yanaşı, siyasi müstəvidə yenilməz və qətiyyətli iradəsi, sərkərdəlik qabiliyyəti sayəsində Ermənistan diz çökdürülərək noyabrın 10-da kapitulyasiya aktını imzalamağa məcbur edildi. Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin 1 dekabra kimi daha 3 rayonun – Kəlbəcərin, Ağdamın və Laçının müharibəsiz, qansız, şəhidsiz qaytarılmasını nəzərdə tutan birgə bəyanatı imzaladı.
Laçın rayonu hərbi-siyasi yolla işğaldan azad edilib. Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli Bəyanata əsasən Laçın rayonu 1 dekabr tarixində boşaldıldı. Ondan sonra Ali Baş Komandan, Prezident ilham Əliyevin rəhbərliyi ilə bu gün Laçın rayonunda genişmiqyaslı quruculuq işləri həyata keçirilir. Artıq Laçın azaddır və Laçın şəhərində çox genişmiqyaslı quruculuq-bərpa işləri aparılır. 2023-cü ildə laçınlılar Laçına, ilk keçmiş köçkünlər öz doğma torpağına qayıdacaqlar. Bu gün dövlətimiz Azərbaycan-Ermənistan sərhədi istiqamətində çox əlverişli mövqelərə sahib olub. Biz mövqelərimizi gücləndiririk. Laçın rayonunun təhlükəsizliyi ilə bağlı mühüm addımlar atılır, tədbirlər görülür və bu tədbirlər imkan verir ki, oraya qayıdacaq soydaşlarımız rahat, təhlükəsizlik şəraitində yaşasınlar. Laçın şəhərində işlər ötən ilin avqustin 26-dan sonra başlayıb. Ötən ilin sentyabrında dövlət başçısı İlham Əliyevin Laçın rayonuna səfəri Laçın şəhərində Azərbaycan Bayrağının ucaldılması ilə tarixə yazıldı. Dövlət başçısı İlham Əliyev qısa dövrdə görülən genişmiqyaslı işlərdən geniş bəhs edərək bildirdi ki, birinci mərhələdə Laçın şəhərində 500-ə yaxın fərdi ev inşa edilir və ya ermənilər tərəfindən dağıdılmış evlər yenidən bərpa olunur.
Prezident İlham Əliyevin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edərkən işğaldan azad edilən ərazilərimizdə tətbiq olunan yeni idarəetmə üsulunun nəticələrindən bəhs edərək belə bir əminliyi də ifadə etdi ki, bu, təkcə azad edilmiş ərazilərin yox, bütövlükdə ölkəmizin hərtərəfli inkişafına böyük töhfə verəcəkdir. Bu, həm böyük quruculuq işləridir, həm də yeni idarəetmə üsuludur.
Fərid Mustafayev
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə
ərazi partiya təşkilatının sədr müavini