Şərqi Zəngəzurun digər əraziləri kimi Laçın rayonunun da işğaldan azad olunmasını Azərbaycan xalqı uzun illər ərzində səbirsizliklə gözləyirdi. Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin 2020-ci il noyabrın 10-da imzaladığı üçtərəfli bəyanat Laçının geri qaytarılmasını təmin etməli idi. Azərbaycan Vətən müharibəsinin 44 günü ərzində 4 rayonu, Şuşa və Dağlıq Qarabağdakı digər torpaqlarımızın mühüm hissəsini hərbi yolla işğaldan azad etmişdisə, noyabrın 20-də Azərbaycana qovuşan Ağdamı, Kəlbəcər rayonunu və Laçın rayonunun bir hissəsini siyasi yolla nəzarəti altına keçirir. Laçın da Müzəffər Ali Baş Komandanın İkinci Qarabağ müharibəsində yürütdüyü hərbi-siyasi yolun davamı olaraq həm siyasi həm də hərbi yol ilə azad edildi və düşmən rayondan çıxmağa məcbur edildi. Bu, Azərbaycanın döyüş meydanında olduğu kimi diplomatik danışıqlarda da qalib olmasının göstəricisidir. Laçının qaytarılması Azərbaycanın möhtəşəm tarixi Qələbəsinin daha bir təsdiqidir.
Laçının azad olunması ilə Azərbaycan BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsini, ümumilikdə isə, bütün qətnamələrini faktiki olaraq məhz özü hərbi-siyasi yolla yerinə yetirdi. XXI əsrin müharibəsini aparan Azərbaycanın xalqı qalib və döyüşkənliyini göstərdi.
Laçın 1992-ci ilin mayından Ermənistan ordusunun işğalı altında idi. Həmin il ağır döyüşlərdən sonra 80 min Laçın sakini təxliyə edilmişdi. Günahsız insanlar öz dədə-baba torpağından vəhşicəsinə qovulmuşdur. Laçının tarixi abidələrinə, təbiətinə böyük ziyan vurulmuşdur. Laçının işğal altına düşməsi Ermənistanın sonrakı işğalçılıq siyasətinə böyük üstünlüklər vermiş, Laçın və Kəlbəcər üzərindən Ermənistanla Dağlıq Qarabağ arasında bir çox yollar vasitəsilə əlaqə yaradılmış, silahlar, texnikalar, canlı qüvvə göndərilmişdir.
Laçın rayonunun işğal edilməsi o vaxt hakimiyyətdə olmuş Azərbaycan Xalq Cəbhəsinin birbaşa məsuliyyətidir. Bütövlükdə torpaqlarımızın işğal altına düşməsində əsas günahkar Azərbaycan Xalq Cəbhəsidir. Azərbaycan Xalq Cəbhəsi 1992-ci ildə hakimiyyətə gəlməsəydi, bəlkə də, torpaqlarımız işğal altına düşməyə bilərdi. Azərbaycan torpaqlarının itirilməsi hakimiyyət uğurunda qeyri-sağlam mübarizənin nəticəsi olmuşdur. 1992-ci ilin yaz aylarında hakimiyyət uğrunda mübarizə pik həddə çatmış, daxili çəkişmələr üzündən xaos, siyasi böhran yaranmışdı. 1992-93-cü illərdə rəhbərlikdə təmsil olunmuş adamlar, yüksək postlar tutmuş adamların heç bir siyasi və idarəçilik təcrübələri olmamışdır. Amma onların vəzifə hərisliyi Azərbaycan torpaqlarının itirilməsinə gətirib çıxardı. Bir milyon insanın ağır vəziyyətə düşməsinin səbəbkarı ovaxtkı hakimiyyətdir. Ölkə başçısının dediyi kimi - AXC hakimiyyətində təmsil olunanların obrazı kollektiv Paşinyandır - savadsız, biliksiz, iradəsiz, qorxaq, fərari, idarəetmədə heç bir təcrübəsi olmayan, xarici dairələrin təsiri altında olan, onların əli ilə idarə olunan və öz ölkəsini məhv edən. Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə gəlməsəydi, Azərbaycan nəinki öz qalan torpaqlarını itirəcəkdi, ümumiyyətlə, dövlətçilik əldən gedəcəkdi. Amma indi xainlərin satdığı Şuşanı biz qaytarmışıq. Laçının ermənilərdən boşaldılması işğalçının eybəcər siması və barbarlığının, erməni vandalizminin növbəti nümayişi oldu. Laçını tərk edən qeyri-qanuni sakinlər rüsvayçı hərəkətləri və barbar davranışları ilə diqqəti cəlb edirlər. İşğal olunmuş ərazilərdə ekologiyaya ziyan vurulması və mülki obyektlərin dağıdılması beynəlxalq konvensiyalara görə hərbi cinayət sayılır. Tezliklə Azərbaycan tərəfi burdakı bütün tarixi abidələri, o cümlədən dünya əhəmiyyətli dini tarixi abidələri bərpa edəcək, onun əsl milli kimliyini özünə qaytaracaq.
Zaman ötdükcə Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı qələbənin miqyası, əzəməti, tarixi önəmi daha aydın şəkildə görünür. Bu gün Ukrayna ilə Rusiya arasındakı müharibə, dünyanın ayrı-ayrı bölgələrində sərhədlərin dəyişdirilməsinə yönəlik cəhdlər, yaranan mürəkkəb durum Azərbaycan Ordusunun Zəfərinin hansı çətinliklər, hansı əzm, iradə, güc hesabına qazanıldığını yenidən göz önünə sərgiləyir. Azərbaycanın tarixi Zəfəri təkcə erməni faşizmi üzərində qələbə deyil, eyni zamanda haqqın, tarixi ədalətin, ayaqlar altına atılan beynəlxalq hüququn bərpası ilə yanaşı, illərdir başqa dövlətlərin ərazi bütövlüyünü təhdid edən separatizmə sarsıdıcı zərbə idi. Regionda sülhün, təhlükəsizliyin və inkişafın qarantına çevrilən, daha da qüdrətlənən Azərbaycan son 3 ildə Ermənistanın baş qaldırmaq istəyən revanşist ünsürlərinin planlarını beşiyindəcə boğub və onların qarşısında Azərbaycanın dəmir yumruğunun dayandığını bir daha sübuta yetirir.
Bu gün Şərqi Zəngəzurda aparılan sürətli quruculuq işləri, bir il ərzində iki beynəlxalq hava limanının istifadəyə verilməsi, eyni zamanda üçüncü hava limanının inşasının sürətlə davam etməsi, yolların, tunellərin inşası, bir qisminin istifadəyə verilməsi, Ağalı kəndinin timsalında Böyük Qayıdışın start götürməsi və s. Azərbaycanın iqtisadi gücünün, qüdrətinin əyani təzahürüdür. Azərbaycan bütün bu layihələri Şərqi Zəngəzuru cənnətə çevirən prosesin yeni-yeni nümunələrdir.
Zahid Cəfərov
YAP Yasamal rayon “Z.Xəlilov küç.33” (BDU) ünvanı üzrə ərazi partiya təşkilatının sədri