Dövlətin mövcudluğu, xalqın varlığı o zaman bilinir və görünür ki, o xalqın, dövlətin uzaqgörən lideri olur. Millətimiz xoşbəxt millətlərdəndir ki, böyük gücə və idarəetmə qabiliyyətinə, eləcə də xalqını bəlalardan qoruyub, dövlətini inkişaf etdirən Ulu Öndərimiz Heydər Əliyev olub. Məhz Onun bacarığı, yüksək idarəetmə qabiliyyəti nəticəsində 1991-1993-cü illərdə ölkəmizin üzləşdiyi ağır, üzücü problemlər, siyasi, iqtisadi və sosial böhranlar aradan qaldırıldı. Ümumiyyətlə, öz ali liderlik keyfiyyətləri ilə dünyanın siyasi elitasının ən uca zirvəsində qərarlaşan Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə başlıca məram və məqsədi xalqın daha firavan yaşaması, dövlətin beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsi olub. 1969-cu ilin 14 iyulunda Azərbaycana rəhbər seçilməsi Heydər Əliyevin məhz liderlik xüsusiyyətinin, dövlətçilik təcrübəsinin və təşkilatçılıq məharətinin təsdiqi idi. Heydər Əliyev birinci dəfə hakimiyyətə gəldiyi dövrdə Azərbaycan Respublikasının bütün sahələrdə inkişaf etdirilməsinə xüsusi diqqət göstərmişdir. 1969-1982-ci illərdə milli gəlir 2,6, sənaye məhsulu 2,7, kənd təsərrüfatı 2,3 dəfə artdı, 249 yeni iri sənaye müəssisəsi yaradıldı. Ölkənin sənaye potensialı əvvəlki 50 ildəkini iki dəfə üstələdi. Həmin dövrdə 813 min yeni iş yeri açıldı, əhalinin güzəranı qat-qat yaxşılaşdı. Respublikamızın elmi-texniki potensialı dəfələrlə artdı, 265 elmlər doktoru, 3141 elmlər namizədi hazırlandı. Ötən əsrin 80-ci illərinin əvvəllərində ən nüfuzlu ali məktəblərə respublikamızdan göndərilən gənclərin sayı ildə 1000-1400 nəfər təşkil edirdi. Hər il 800-1000 azərbaycanlı gənc isə ittifaqın nüfuzlu hərbi məktəblərində hərb sənətinin sirlərinə yiyələnirdi. Heydər Əliyevin həyata keçirdiyi titanik və kompleks fəaliyyət nəticəsində Azərbaycan ittifaq büdcəsindən dotasiya almayan iki respublikadan birinə çevrilmişdi. Ulu Öndər həmin dövrdə azərbaycanlıların keçmiş SSRİ-nin nüfuzlu ali təhsil ocaqlarında təhsili üçün səylə çalışır, respublikamız üçün ayrılmış müsabiqədənkənar yerlərin sayının artırılmasını Moskvadan israrla tələb edir, əksər hallarda buna nail olurdu. 1970-ci ildə respublikadan kənara oxumağa göndərilən belə tələbələrin sayı əgər 60 nəfər idisə, 1975-ci ildə onların sayı 600 nəfərə, 1978-ci ildə 800-900 nəfərə çatmışdı. Ümummilli Lider Heydər Əliyev 1997-ci ildə keçmiş SSRİ-nin müxtəlif universitetlərində ali təhsil almış məzunlarla görüşündə bununla bağlı xatırlamışdı: "Azərbaycanda kadr hazırlığı məsələsi ilə şəxsən, bilavasitə ciddi məşğul olarkən və o cümlədən, sizləri respublikamızdan kənarda ali məktəblərə göndərərkən mütləq və mütləq Azərbaycanın gələcəyini, müstəqilliyini düşünürdüm. O vaxt mən inanırdım: vaxt gələcək ki, bu kadrlar müstəqil Azərbaycana lazım olacaq. Vaxt gələcək ki, nəhayət, Azərbaycan müstəqil olacaq və bu kadrlar Azərbaycanın müstəqilliyini təmin edəcəklər".
Qurub, yaratmaq Ulu Öndərimizin əsas məram və məqsədi olub
Mövcud reallıq ondan ibarətdir ki, ötən əsrin 90-cı illərin əvvəllərində müstəqilliyini yenicə qazanan Azərbaycanda xaos və anarxiya hökm sürürdü. Böhranlı vəziyyəti aradan qaldırmaq gücünə malik olmayan AXC-Müsavat cütlüyü yeni -yeni səhvləri ilə ölkəni uçurumu sürükləyirirdi. Ağırılı-acılı problemlərin həllinə səy göstərməkdənsə AXC-Müsavat iqtidarı küçələrə çıxıb haqlarını tələb edən əhalinin üzərinə güc strukturlarını göndərir, onları zor gücünə sakitləşdirməyə çalışırdı. 1993-cü ilin 4 iyun hadisələri mövcud böhranlı durumu daha da dərinləşdirdi. Ölkədaxili ağır vəziyyətdən istifadə edən ermənilər ardıcıl olaraq torpaqlarımızı işğal edirdilər. Ermənistandan 300 mindən çox azərbaycanlının öz doğma torpaqlarından qovulması Azərbaycanda həlli mümkünsüz görünən problemlər yaratmışdı. Ümidsizlik, cəmiyyətdə hökm sürən total apatiya, depressiya, heç bir siyasi qüvvəyə inamın olmaması - gənc müstəqil Azərbaycanın sosial-siyasi mənzərəsini təşkil edirdi. Nəhayət aydın təfəkkürlü ziyalılar, böyük xalq kütlələri vətəndaş müharibəsindən qaçmağın və ölkənin düşdüyü böhrandan çıxarması yolunu Ulu Öndərimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsində gördülər. 1992-ci il oktyabrın 16-da 91 nəfər ziyalının “Səs” qəzeti vasitəsi ilə Ulu Öndər Heydər Əliyevə ünvanladıqları müraciətdə deyilirdi: “Dövlət quruculuğundakı çoxillik təcrübənizə əsaslanaraq Siz qısa müddətdə Azərbaycanda geniş xalq kütlələrini özündə birləşdirə biləcək böyük, güclü, nüfuzlu və işlək partiya yarada bilərsiniz. Öz adımızdan və on minlərlə respublika vətəndaşı adından Sizdən xahiş edirik ki, təşəkkül tapan Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verəsiniz. Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı gözləyir”.
Dahi Öndər Heydər Əliyev ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi: “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər”. Nəhayət, 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən konfransında Yeni Azərbaycan Partiyası təsis edildi. Konfrans iştirakçılarının yekdil qərarı ilə Ulu Öndər Heydər Əliyev partiyanın Sədri seçildi. YAP-ın yaranması, Ümummilli Lider Heydər Əliyevin bu partiyaya Sədr seçilməsi respublikanın o zamankı gərgin, təhlükəli ictimai-siyasi vəziyyətindən və getdikcə bu vəziyyətin daha da kəskinləşməsindən irəli gələn tarixi zərurət oldu. Həmin tarixi hadisələri dəyərləndirən Ulu Öndər Heydər Əliyev demişdir: “Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içərisindən çıxan zərurətdir... Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan... ağır şəraitdə, böyük təqiblər şəraitində yaranmış bir partiyadır”.
Xalq öz liderinə təşəkkürünü bildirmək üçün Ona bir ad verdi - Ümummilli Lider
Dahi Öndər Heydər Əliyevin nüfuzu, xalqın Ona olan yüksək etimadı Yeni Azərbaycan Partiyasının qısa müddət ərzində təşkilatlanmasına, ölkənin bütün regionlarında özəklərini yaratmasına və 1993-cü ildə hakimiyyətə gəlməsinə şərait yaratdı.1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycan dövləti faciələrdən xilas ola bildi. Dahi Öndər Heydər Əliyevin misilsiz idarəçilik qabiliyyəti, gərgin əməyi nəticəsində ölkəmizdə vətəndaş müharibəsi təhlükəsi aradan qaldırıldı, iqtisadi, hərbi, diplomatik nailiyyətlərin əldə olunması üçün geniş və əhatəli zəmin yaradıldı. Xalq öz liderinə buna görə öz təşəkkürünü bildirmək üçün Ona bir ad verdi - Ümummilli Lider. Ümummilli Lider Heydər Əliyev əhalinin sosial-iqtisadi durumunun yaxşılaşdırılması üçün yeni iqtisadi fərmanlar imzaladı, layihələrin həyata keçirilməsi üçün qərarlar verdi. 1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi"nin imzalanması Azərbaycanın bu gününə və gələcəyinə inamı artırdı. Bu müqavilədən sonra xeyli sayda neft-qaz sazişləri imzalandı. Neftin, qazın satışından ölkəmizə böyük həcmdə gəlirlər daxil oldu ki, bu da əhalinin sosial, iqtisadi cəhətdən firavan yaşamasına təkan oldu. Ümummilli Lider Heydər Əliyev 1999-cu ilin dekabrında Dövlət Neft Fondunu yaratmaqla neft və qaz satışından əldə olunan gəlirin şəffaf və ədalətli bölünməsini təmin etdi. Bu gün Neft Fondunun aktivlərinin həcmi 50 milyard dollardan artıqdır. 1996-2003-cü illərdə ölkəmizdə bütün makroiqtisadi göstəricilər 2-3 dəfə artdı. Ölkədə 3000 yeni sənaye müəssisəsi yaradıldı. 1993-2003-cü illərdə Azərbaycan iqtisadiyyatına 20 milyard dollar investisiya qoyuldu. Həmin dövrdə ümumi daxili məhsul 22,3 dəfə artdı. Bütün sahələrdə islahatlar geniş miqyas aldı, ölkəmizin beynəlxalq nüfuzu durmadan artmağa başladı. Ulu Öndər Heydər Əliyev iqtisadi inkişafı təmin etməklə yanaşı, digər sahələrdə də mühüm addımlar atdı, qərarlar imzaladı. Ulu Öndər dünya azərbaycanlılarını müstəqil Azərbaycan Respublikası ətrafında sıx birləşməsinə nail olmaq üçün Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü təsis etdi və Xaricdə Yaşayan Azərbaycanlılarla iş üzrə Dövlət Komitəsinin yaradılması haqqında sərəncam imzaladı. 2001-ci ilin mayın 23-də imzalanan sərəncama əsasən, həmin ilin noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi diaspor hərəkatının inkişafında yeni mərhələnin başlanğıcını qoydu.
Yeni dövrün yenilməz Sərkərdəsi Cənab İlham Əliyev
2003-cü ildən Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətini, Onun layiqli siyasi varisi, Ölkə Prezidenti İlham Əliyev uğurla davam etdirir. Yenilməz Sərkərdə, Prezident İlham Əliyev Azərbaycanı Heydər Əliyev yolu ilə apararaq regionun lider dövlətinə, dünyada söz və nüfuz sahibinə çevirib. 2018-ci il prezident və 2020-ci il parlament seçkilərindən sonra ərazi bütövlüyümüzün bərpası birinci dərəcəli vəzifə kimi qarşıya məqsəd qoyulmuşdur. Bu vəzifəni Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər ordumuz uğurla icra etdi. Ərazi bütövlüyümüzün bərpa olunmasında bütün nəsillərin nümayəndələri uğurlu fəaliyyət göstərib. Döyüşlərdə böyük şücaət və qəhrəmanlıq göstərən gənclərin mütləq əksəriyyəti Cənab İlham Əliyevin ilk dəfə Prezident seçildiyi 2003-cü ildə uşaq və yeniyetmə olan insanlardır. Onlar yetişdi, onlar vətənpərvərlik və fədakarlıq göstərərək canlarından keçdilər, şəhid oldular, qazi oldular, qəhrəmanlıq göstərdilər və tarixi ədaləti bərpa etdilər. İkinci Qarabağ müharibəsində əldə olunmuş parlaq qələbə Azərbaycanın Ulu Öndər Heydər Əliyev siyasətinə sadiq olduğunu bir daha nümayiş etdirdi. Əminliklə demək olar ki, nə qədər ki, Azərbaycan dövləti və xalqı var, Ulu Öndər Heydər Əliyev siyasəti davam edəcək.
Eldar İbrahimov,
Milli Məclisin Komissiya sədri, Professor,
Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü